|
|
|
|

Son günlər Qərb dairələri antiazərbaycan fəaliyyətini daha da genişləndirib. Azərbaycanın müstəqil siyasət aparmasını, ölkəmizdə sabitliyin hökm sürməsini, Qarabağ zəfərini heç cür həzm edə bilməyən həmin dairələr bir neçə istiqamətdə dövlətimiz əleyhinə iş həyata keçirirlər. Onlar bir tərəfdən Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır, digər tərəfdən Ermənistanı geniş şəkildə silahlandırır, onu sülh prosesindən uzaqlaşdıraraq regionda yeni qarşıdurma yaratmağa cəhd edir, eyni zamanda müxtəlif muzdlu siyasətçilərin əli ilə beynəlxalq müstəvidə ölkəmiz əleyhinə qaralama kampaniyası aparırlar. Ermənistanı tam silahlandırmağı hədəfləyən həmin qüvvələr silah coğrafiyasını genişləndirir, onların diktəsi ilə artıq Cənubi Koreya, Yaponiya ilə də bu istiqamətdə əməkdaşlıq aparılır.
Qərbin Azərbaycanda 5-ci kolonu sıradan çıxıb və onların yeni simalar axtarışında olduqları, müxtəlif vasitələrlə ara qarışdırmaq üçün fürsətlər axtardıqları aydındır.
Mövzu ilə bağlı "525"ə danışan siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Qərb dairələrinin Azərbaycana qarşı təxribat xarakterli addımları yeni deyil: "30 ilə yaxın zaman kəsiyində torpaqlarımızın işğal altında olduğu dövrdə ölkəmizi təslimçi sülhə sövq etmək üçün bu qəbildən olan təzyiqlərin çox şahidi olmuşuq. Bir qayda olaraq demokratiya, söz azadlığı kimi dəyərlərin arxasında gizlənərək geosiyasi maraqlarını ifadə edən qüvvələr müxtəlif təsisatlarda təmsil olunan erməni diasporunun bilavasitə maliyyəsi ilə karyera quran siyasətçilərdən bu məqsədlə istifadə edirlər. Şvabe də onlardan biridir. Onun bu günə kimi yer aldığı hadislərin bütün mahiyyətinə diqqət yetirsək, orda yalnız erməni diasporunun maraqlarını açıq şəkildə görmək mümkündür. Eyni zamanda, ayrı-ayrı Qərb dairələrinin, xüsusən də Fransa kimi ölkələrin, ikili mövqe sərgiləyən Almaniya kimi dövlətlərin də bu prosesdə rolu şübhəsizdir".
E.Mirzəbəyliyə görə, problemin mahiyyətində o dayanır ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən və suverenliyinin bərpa olunmasından sonra həmin o Qərb dairələrinin əlindən Cənubi Qafqaza müdaxilə etmək üçün bütün imkanlar çıxıb. Nəticə etibarilə nə işğal amili, nə də aqressiv separatizm və terrorizm faktoru Azərbaycana təzyiq göstərmək üçün artıq silah deyil: "Bu kontekstdə davamlı olaraq ölkəmizə qarşı artıq başqa bir müstəvidə daha aktiv bir formada Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqla siyasət yürütməyə çalışırlar".
Siyasi şərhçi əlavə edib ki, bu qəbildən olan addımlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlər öncəsi də özünü büruzə verib: "Çünki Azərbaycan heç bir tədbirin təşkilatçılığna formal yanaşmır, yaxud da heç bir təsisatda formal iştirak etmir. Ölkəmizin olduğu hər yerdə təşəbbüslər ön cərgədə dayanır və bu təşəbbüslər də ilk növbədə beynəlxalq ictimaiyyətinin maraqlarına, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu aspektdən də məhz COP29 öncəsi belə bir davamlı olaraq təxribat xarakterli addımların atılması Azərbaycanın növbəti uğura imza atmasının gətirəcəyi dividentlərin öncədən şübhə altına alınmasına xidmət edir. Yəni bu, məqsədyönlü şəkildə ölkəmizə qarşı həyata keçirilən siyasətin tərkib hissəsidir".
E.Mirzəbəyli bu kontekstdə Avropa Şurası ilə bağlı da məsələyə toxunub və deyib ki, bu təsisat faktiki olaraq üzərinə götürdüyü öhdəliklərin heç birini, xüsusilə də SSRİ-nin süqutundan sonra və Varşava müqaviləsinə vaxtilə daxil olan ölkələr, o cümlədən, post-sovet ölkələri Avropa Şurasına üzv olduqdan sonra üzərinə götürdüyü öhdəliklərə əməl etmir: "Əslində Avropa Şurasının missiyası Avropa məkanında bütün dövlətlər arasında bərabərhüquqlu münasibətlərin və dialoqun təmin edilməsindən ibarətdir. Avropa Şurası isə öz missiyasını unudaraq, ümumiyyətlə səlahiyyətlərinin çatmadığı məsələlərlə məşğul olaraq öz üzərinə jandarm funksiyasını götürmək istəyir ki, bu da suverenliyinin və müstəqilliyinin keşiyində dayanan heç bir dövlət tərəfindən qəbul oluna bilməz. Bu aspektdən də Azərbaycana qarşı daha öncə də həyata keçirirlən təzyiqlər, böhtan və qarayaxma kampaniyaları heç bir effekt vermədyi kimi, bu təzyiqlər də heç bir təsirə malik olmayacaq. Çünki dünya bir neçə dövlətdən ibarət deyil. Azərbaycanı beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi dəstəkləyir və bu özünü həm ölkəmizin BMT çərçivəsindəki fəaliyyətində, həm Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində də qabarıq şəkildə büruzə verməkdədir".
Milli Məclisin VI çağırış deputatı Arzu Nağıyev isə "525"ə deyib ki, Qərb dairələri ilk növbədə Ermənistandan öz maraqlarını reallaşdırmaq üçün vasitəçi kimi istifadə edirlər: "Əsas məqam odur ki, bu gün Ermənistan KTMT-nin üzvü olaraq qalır və əgər NATO blokuna qoşulmaq, yaxud alyans dövlətləri ilə silah alveri etmək istəyirsə, bunun üçün mütləq şəkildə KTMT-dan tam imtina edib, onu tərk etməlidir. Düşünürəm ki, burda əsas məqam Rusiyaya qarşı yönəlmiş addımlardır və Rusiya-NATO sərhədinin məhz Türkiyə-Ermənistan sərhədi olduğu nəzərə alınaraq, bunu başqa yolla həll etmək mümkün deyil. Digər məsələ, bu, birmənalı şəkildə Cənubi Qafqazda nüfuzunu daha da genişləndirmək üçün NATO-nun atdığı addımdır. Təbii ki, buna Rusiya adekvat cavab verməlidir. Onlar bu prosesləri Ukraynada həyata keçirdilər, amma tam şəkildə istədiklərinə nail ola bilmədilər. Eyni ssenarini Kişinyovda etmək istədilər, Moldovanı vasitəçi kimi istifadə etməyə çalışdılar. Bu gün onların atdıqları addımlar Cənubi Qafqazda regional problemləri öz nəzarətlərində saxlamaq üçündür. Çünki Gürcüstan və Azərbaycan birmənalı şəkildə onların diktəsi ilə problemi həll etmək istəmir. Ermənistanla Azərbaycan arasında olan münasibətlərdə onlara ehtiyac yoxdur, çünki tərəflər vasitəçi olmadan danışa bilirlər. Təbii ki, bu məsələdə İran da öz sözünü deməlidir. Necə yəni bu qədər NATO silahları regiona gəlir, amma İran susmaqda davam edir".

A.Nağıyev Ermənistanın bir sıra digər ölkələr, Cənubi Koreyadan, Yaponiyadan silah alışına da toxunub: "Azərbaycanın məlum məsələdir ki, həm Cənubi Koreya, həm Yaponiya, o cümlədən, ABŞ, NATO ölkələri ilə ən yüksək səviyyədə münasibətləri var. İstər siyasi, istər enerji, hərbi və digər məsələlərdə əlaqələr qurulub. Bizim çox ciddi əlaqələrimiz var, müqavilələr imzalanıb. Lakin buna baxmayaraq, Ermənistanı seçərək bu problemin həllinə çalışırlar. Azərbaycan təbii ki, bütün gedişatlara hazırdır və dünya da, BMT də başa düşməlidir ki, öz müstəqil daxili və xarici siyasətini həyata keçirən Azərbaycan bütün bu fəsadlara mütləq şəkildə cavab vermək imkanındadır. Dünya onu da başa düşməlidir ki, nə qədər ki, regionda bu problemlər yaşanıb, bu heç də gələcəkdə alovlanacaq ocaqları söndürməyə kömək etməyəcək. Ona görə də Rusiyaya qarşı atdıqları addımı məhz regionda həyata keçirmək, Azərbaycanın müstəqil siyasətinə qarşı olmaq düzgün deyil. Ermənistan da başa düşür ki, o öz gücünə nə Yaponiyadan, nə də Cənubi Koreyadan bu qədər silah almaq iqtidarındadır. Mütləq şəkildə bunun üçün ciddi maliyyə dəstəyi lazımdır. Tənəzzülə uğramış iqtisadiyyatını bərpa etməkdənsə, silah almaq nə dərəcədə düzgündür. Bunlar hamısı məlumdur ki, heç vaxt Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhlükə altına ala bilməz. Bu təhdidlərin qarşısını almaq üçün Azərbaycanın da güclü potensialı var, onun da çox sıx əlaqələri var. Ona görə də düşünürəm ki, nə Cənubi Koreya, nə də Yaponiya birmənalı şəkildə Azərbaycana qarşı öz mövqelərini dəyişəndilər, bu, sadəcə olaraq, NATO-nun, daha doğrusu, Qərbin diktəsi ilə atılan addımlardır".



