|
|
|
|
Ermənistanla Rusiya arasında münasibətlər son illər, daha dəqiq desək, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra soyumağa başladı. Belə ki, ilk vaxtlar bu, özünü İrəvanın hakim dairələri tərəfindən Rusiya əleyhinə üstüörtülü bəyanatların səsləndirilməsi, hər iki ölkənin mediasında qarşılıqlı ittihamların yer alması ilə göstərirdi. Rusiya mətbuatında və ekspert icmasında Paşinyan hakimiyyəti tez-tez Qərbin marioneti adlandırılırdı. Amma 2020-ci il 44 günlük müharibədən sonra Rusiya-Ermənistan münasibətlərində gərginlik daha da artdı. İrəvan Moskvanı “xəyanətdə” ittiham etdi. Bunu bəhanə gətirən Paşinyan özünü Qərbyönümlü göstərməklə, daha çox dəstək almağa çalışdı. Amma bununla belə, Rusiyanın yaradıcısı olduğu KTMT-də, Avrasiya İqtisadi İttifaqında qalmağa davam edir. Bəzi ekspertlər elə əvvəldən Paşinyanın ikili oynadığını deyirdilər. Yəni tam olaraq Rusiyadan qopmur, bu ölkənin 102-ci hərbi bazası Ermənistandadır, Rusiya-Ermənistan birgə hərbi qruplaşması, birgə havadan müdafiə sistemləri fəaliyyət göstərir. Eyni zamanda, Paşinyan özünü Qərbə inteqrasiyanın tərəfdarı kimi göstərir ki, bununla da Qərb dövlətlərindən və strukturlarından daha çox yardım almağı hədəfləyir. Bu təkcə maliyyə yardımı deyil, Ermənistan həm də silahlandırılır.
ABŞ, Avropa İttifaqı, Fransa, Birləşmiş Ştatların göstərişi ilə Koreya, Yaponiya İrəvanı sürətlə silahlandırır.
Təəssüf ki, silahlandırma yarışından Rusiya da kənarda qalmayıb. İllərdir Ermənistanı silah-sursatla təmin edən Moskva yenidən Ermənistana silah tədarükünü bərpa edib. Söhbət, digər silahlarla yanaşı, bir neçə il əvvəl alınması ilə bağlı müqavilələr bağlanmış “Smerç” tipli raketlərin tədarükündən gedir. Ermənistanın Rusiyaya qarşı demarşı, regiondan kənar qüvvələri Moskvanın maraqlarına zidd olaraq bölgəyə gətirməsi, onların Rusiya əleyhinə siyasətlərinə dəstək verməsi və s. nəzərə alınsa, Rusiyanın yanaşması başadüşülən deyil. Onda məntiqlə belə çıxır ki, Rusiya və Qərb Ermənistandan söhbət gedəndə, birgə hərəkət edirlər.
Rusiya-Ermənistan ticarət əməliyyatının həcminin artması da bunu göstərir. Əgər münasibətlər pozulubsa, o zaman ticarət dövriyyəsi dörd ildə dörd dəfə necə və hansı məhsulların hesabına artıb?
Ötən həftə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə birlikdə keçirdikləri Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə deyib ki, 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu da 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur: “Rəqəmlər və faktlar bütün səs-küylü açıqlamalardan daha yaxşıdır. 2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. Bu il artım sürətlənib. Təkcə bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib”.
Overçukun sözləri, xüsusən də gətirdiyi rəqəmlər onu deməyə əsas verir ki, Moskva ilə İrəvan arasındakı fikir ayrılıqları diqqəti yayındırmaq üçün yaradılmış siyasi şoudan başqa bir şey deyil. Əslində, onlar ikitərəfli münasibətlərin strateji dərinliyini nümayiş etdirirlər. Moskva və İrəvan açıq şəkildə beynəlxalq ictimaiyyəti ciddi böhranın mövcudluğuna inandırmağa çalışsalar da, ticarət dövriyyəsi nəinki azalmadı, əksinə, sürətlə artdı.
Məlumdur ki, Rusiya sanksiyalar altındadır, bu sanksiyalara qoşulmayan dövlətlərə qarşı təzyiqlər var. Ermənistanın özünün Rusiyaya satacaq bir şeyləri yoxdur, deməli, burada İrəvan vasitəçidir. Digər ölkələrdən alınan məhsullar Ermənistan üzərindən Rusiyaya gedir ki, burda hərbi məhsullar da istisna deyil. Amma Qərb, ABŞ heç bir reaksiya vermir.
Məsələnin ən həssas məqamlarından biri də budur ki, Rusiya Azərbaycanla da müttəfiqdir, ölkəmiz Moskva əleyhinə sanksiyalara qoşulmayıb, iqtisadi əlaqələr davam edir. Həmçinin, Bakı Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verir, müharibənin ilk günlərindən başlayaraq humanitar yardımlar göstərir. İrəvan isə nə Rusiyaya münasibətdə, nə də Ukrayna məsələsində Azərbaycan kimi prinsipial, ədalətli mövqe tutub.
Belə olan halda, təbii ki, Rusiyanın mövqeyi adekvat deyil, riyakarlıqdır. Rusiya Azərbaycana Ukrayna müharibsi bəhanəsi ilə silah vermir, amma torpağlarımızı 30 il işğalda saxlamış bir dövlətə silah tədarük etməklə onu yeni müharibəyə cəsarətləndirir. Necə ki, Minsk qrupunda Qərb və Rusiya ermənilərin maraqlarını qoruyurdular, elə indi də həmin siyasət davam edir. Minsk qrupunun həmsədrləri 30 il ərzində münaqişənin həlli üçün heç bir addım atmadılar, işğalçıya hər hansı təzyiq göstərmədilər, əksinə, həmin vaxtda da onu silahlandırırdılar.
Mövzunu “525”ə şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiyanın aiddiyyəti qurumları, o cümlədən, Azərbaycandakı səfiri işğalçı Ermənistanın təkrar silahlandırılmasına aydınlıq gətirməlidirlər. O bildirib ki, bütün məsələlərdə bir-birilə fikir ayrılıqları olan Rusiya və ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin münasibətləri Ermənistana gələndə eyni istiqamətə yönəlir: “Başqa sözlə desək, bütün məsələlərdə fikir ayrılıqları malik olan Rusiya və Qərb ölkələri Ermənistanın silahlandırılması məsələsində eyni istiqamətdən çıxış edirlər və bütün bunlar işğalçı ölkə üçün çox ağır bir nəticələrə gətirib çıxara bilər”.
Hərbi ekspertin sözlərinə görə, əvvəllər də rəsmi Bakı Rusiya tərəfindən Ermənistana qadağan olunmuş silahların, o cümlədən, “İsgəndər-M” raketlərinin verilməsinə dair açıqlama tələb etmişdi. Bu günə qədər Rusiya tərəfi bizim suallarımıza aydınlıq gətirməyib.
Ekspert deyib ki, 30 illik işğal dövründə də biz Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən dəstəkləndiyinin daim şahidi olmuşduq: “İndi Ermənistan bir qədər Qərbyönümlü siyasət yeritməsinə rəğmən, Rusiya Ermənistanla münasibətlərinin sanki siyasi bir şou səviyyəsində gərgin olduğunu nümayiş etdirməyə çalışır. Əslində isə Rusiyanın Ermənistana silah ixracı təəccüblü bir məsələ deyil. Bu ilin əvvəlində də Ermənistandan bəzi rəsmilər bu silah ixracına dair bəyanatlar verirdilər. “Smerç” silahlarının Ermənistana verilməsi bir daha onu nümayiş etdirir ki, daha əvvəllər olduğu kimi, hazırda da Rusiya Ermənistana silah ötürməkdən imtina etmək niyyətində deyil. Azərbaycana Ukrayna müharibəsini bəhanə edərək silah göndərməkdən imtina edən Rusiyanın işğalçı Ermənistana silah göndərməklə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi üçün cəsarətlənməsinə şərait yaradır”.