Azərbaycan ərazisində uzun illər mövcud olmuş erməni separatizminə son qoyan, suverenliyimizin tam bərpası ilə başa çatan lokal antiterror tədbirlərindən bir il ötür. 2023-cü il sentyabrın 19-da başlayıb, bir gündən də az davam edən tədbirlər hərb tariximizin ən şanlı səhifələrindən biridir. Antiterror tədbirləri dünya hərb tarixində də ən unikal əməliyyatlardan biri hesab edilir.
Buna qədər isə Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını düşməndən azad edərək, ərazi bütövlüyünü bərpa etmişdi. Hər şey elə 2020-ci ilin 27 sentyabrında başladı. Ərazimizin 20 faizini 30 ilə yaxın işğalda saxlayan Ermənistan münaqişənin sülh yolu ilə həlli istiqamətində nəinki hansısa addım atdı, bu ölkənin müdafiə naziri “yeni müharibə yeni ərazilər” dedi, baş naziri “Qarabağ Ermənistandır və nöqtə” dedi. Qondarma “dağlıq qarabağ respublikası” “parlamentini” qədim Azərbaycan şəhəri Şuşaya köçürülməsi haqqında qərar qəbul etdilər. Ermənistanın baş naziri bəyan etdi ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaq. Təbii ki, bu da Azərbaycana qarşı təxribatlara hazırlıq mərhələsi idi. Bunun daha bir göstəricisi isə Ermənistanın işğal edilmiş torpaqlarda hərbi təlimlər keçirməsi idi. Bütün bunlar Ermənistanın Azərbaycana hücum etmək, yeni torpaqları işğal etmək niyyətini göstərirdi. Ermənistanın mütəmadi hərbi təxribatları da bunun sübutu idi.
Münaqişənin həllində sülhə üstünlük verən Azərbaycan dövləti hər zaman bəyan edirdi ki, torpaqlarımız istənilən yolla azad ediləcək, əgər sülh danışıqları nəticə verməsə, digər variantlardan istifadə ediləcək. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almağa başladı, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak oldu, avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərildi.
Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixində bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması səbrimizin son damlası oldu. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu.
Həmin gün xalqa müraciətində dövlət başçısı bildirdi ki, bu, erməni faşizminin növbəti təzahürüdür və onların qanı yerdə qalmayacaq: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir”.
Dövlət başçısı qeyd etdi ki, heç kəs üçün sirr deyil ki, “dağlıq qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Azərbaycan Ordusu müharibənin ilk günlərindən üstünlüyü ələ alaraq, hər gün yeni qələbələrə imza atdı. 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayıb kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi qanunsuz silahlı birləşmələri ərazimizdən çıxarmaqla bağlı Bakının tələbinə əməl etmədi, əksinə, separatçıları gizli yollarla silahlandırmaqda, onlara maliyyə, canlı qüvvə baxımından dəstək göstərməkdə davam etdi. Bakının Qarabağdakı erməni icması ilə dialoq təkliflərinə də Ermənistan rəhbərliyi mane oldu.
Bəli, antiterror tədbirləri artıq labüd idi. Paşinyan silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə qondarma “dağlıq qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanlayır, sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilir, ərazilərimiz minalanır, Qarabağda terror aktları törədilir, mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar edilir, təyyarələrə qarşı radiomaneələr yaradılır.
Beləliklə, 2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.
Azərbaycan əməliyyata başlamazdan əvvəl bəyan etdi ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Eyni zamanda, bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırış edilib. Bu, mülki əhaliyə heç bir zərər yetirilmədən aparılmış uğurlu əməliyyat kimi də tarixə düşdü. Heç bir erməni mülki vətəndaşı zərər görmədən və ya infrastruktura ziyan vurulmadan terrorçular tərksilah olundu. Nəticədə azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi.
Bir gündən az, daha dəqiqə, cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdilər. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Erməni separatçı rejimin rəhbərləri olan cinayətkarlar Azərbaycan tərəfindən həbs edildilər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Prezident İlham Əliyev ötən il Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.
Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Bu binada ("dqr" rəhbərliyinin əyləşdiyi bina - red.) ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim...
Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən, bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə.
İndi onun da çayı orada, təcridxanada verilir. Bizim bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən, Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
Azərbaycan öz böyük zəfəri ilə həm də işğaldan əziyyət çəkən xalqlar üçün bir president yaratdı. Azərbaycan nümunəsi göstərdi ki, beynəlxalq hüquq bəzi dövlətlərə münasibətdə işləmir və bu, sadəcə böyük güclərin əlində bir vasitədir. Xalqlar beynəlxalq hüququ özləri təmin etməlidirlər, bunun üçün isə başlıca şərt güclü və qətiyyətli liderin olmasıdır.