|
|
|
|

Bu gün dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri də ideoloji təhlükəsizliyin təmin edilməsi, yad və zərərli ideyaların cəmiyyətlərdə, xüsusilə gənc nəsil arasında yayılmasının qarşısının alınmasıdır. Doğrudur, bu məsələ hər zaman aktual olub və bəzi böyük dövlətlər, onların yaratdıqları mərkəzlər bu "silahdan" öz məqsədlərini reallaşdırmaq üçün istifadə ediblər. Təbii ki, əsas məqsəd dövlətləri zəiflətmək, onların daxilində nifaq salmaq, xalqları nəzarət altına almaq, bununla da müdaxilə imkanlarını asanlaşdıraraq milli hökumətləri asılı vəziyyətə salmaq, öz maraqlarını təmin etməkdir. Belə nümunələr əlbəttə ki, çoxdur. Həmin dairələrin dağıdıcı ideyaları cəmiyyətləri zəhərləyir, xüsusilə gənclərin beynini yuyaraq onların milli məsələlərdə dövlətlərinin əleyhinə mövqe sərgiləməsinə gətirib çıxarır. Böyük dövlətlər bunu ən müxtəlif vasitələrlə, eyni zamanda media, QHT-lər vasitəsilə də edirlər. Məsələn, qonşu Gürcüstan nümunəsində bunu aşkar görmək mümkündür. Gürcüstan hökuməti saysız-hesabsız xarici fondlara, institutlara yaşıl işıq yandırdığı, çox sayda QHT-lərin həmin xarici şəbəkənin sahiblənməsinə və öz maraqlarını diktə etməsinə illərlə göz yumduğu üçün bu gün çətin duruma düşüb. Ölkə hakimiyyəti dövləti üçün gördüyü təhlükələrə qarşı çıxanda isə şiddətli daxili və xarici müqavimətlə üzləşir, təzyiqlərə məruz qalır, sanksiyalarla hədələnir. Amma artıq daxildə kök atmış bu təhlükəyə qarşı hakimiyyət bütün təzyiqlərə rəğmən, mübarizə aparır. Çünki öz dövlətçilyini qorumaq istəyir.
Azərbaycan bu məsələnin dövlətin var olmasında önəmini, vacibliyini çox yaxşı bildiyi üçün hər zaman son dərəcədə diqqətli olub, yad, zərərli ideyaların cəmiyyətimizdə ayaq açıb yeriməsinə imkan verməyib.
Prezident İlham Əliyev Milli Məclisin yeni təkibdə ilk iclasındakı nitqində ideoloji təhlükəsizlik məsələsinə geniş yer ayırıb və deyib ki, bu məsələdə daim diqqətli olmalıyıq: "Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında".
Dövlət başçısı deyib ki, dostumuzun, düşmənimizin kim olduğunu xalqımız yaxşı bilir: "Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər. İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni bizim üçün aydın olsa da, geniş ictimaiyyət üçün aydın deyildi. Çünki vaxtilə xarici təbliğat Azərbaycanda o qədər kök salmışdı, özü də bir mənbədən yox, bir neçə mənbədən. Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib".
Prezident gənc nəslin milli ruhda böyüməsinin vacibliyinə də diqqət çəkib. Onun sözlərinə görə, bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir: "İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır.
Mən Xankəndidə də bunu dedim: Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim - bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır".
İdeoloji təhlükəsizliyin qorunmasında təbii ki, gənclərin üzərinə böyük vəzifələr düşür, onlar daim ayıq-sayıq olmalı, yad, zərərli ideyaların beyinlərinə yeridilməsinə imkan verməməlidirlər. Azərbaycan gənci çox vətənpərvərdir, biz buna müharibə günlərində bir daha şahid olduq, onlar öz cəsarəti, qəhrəmanlığı, şücaəti ilə tarix yazdılar. Amma bəzən bilməyərəkdən də hansısa ziyanlı ideyanın təsirinə düşmək mümkündür ki, buna görə də çox diqqətli olmaq gərəkdir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Prezidentin Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxışı zamanı ən çox üzərində dayandığı məsələlərdən biri ideoloji təhlükəsizliklə bağlı oldu: "Bu gün bizə qarşı həm ölkə daxilində, həm ölkə xaricində təxribatlar davam edir. Eyni zamanda, Azərbaycan dövləti qeyd edilən istiqamətdə çox mühüm tədbirlər həyata keçirir, mühüm addımlar atır. Uzun illər ərzində də biz bu siyasətin uğurla həyata keçirildiyini görmüşük. Söhbət ondan gedir ki, gənclərin zərərli dini təsirlərə məruz qalması, onların düşüncə və fikirlərinə təsir göstərilməsi, bir sıra hallarda onlardan dövlətə və dövlətçiliyə qarşı istifadə edilməsi və digər istiqamətlərdə biz davamlı olaraq addımların atıldığını görmüşük.
1990-cı illərin əvvəllərində Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədə çox böyük işlər görüldü, çox mühüm tədbirlər həyata keçirildi. Torpaqlarımızın işğaldan azad olunması, eyni zamanda buna paralel olaraq ölkə daxilində təxribatlara qarşı da dövlət tərəfindən çox mühüm və önəmli tədbirlər həyata keçirildi. Yəni bu gün bu sahədə əldə etdiyimiz uğurlar da prosesə öz töhfəsini verir. Azərbaycan bu siyasəti uğurla aparır. Söhbət gənclərin zərərli təsirlərdən, zərərli ideologiyalardan qorunması və bu prosesə məruz qalmasının həm də qarşısının alınmasından gedir. Dövlətimiz qeyd edilən istiqamətdə çox ardıcıl, mütəşəkkil tədbirləri davam etdirir. Bu gün biz bu siyasəti, dövlətin atdığı addımlarda görürük. Bu siyasətin, aparılan işlərin öz səmərəsini verdiyinin şahidiyik".
Deputat deyib ki, dövlətimiz gərəkən bütün addımları atır, bütün tədbirləri uğurla həyata keçirir: "Gənclərin savadlı, bilikli, milli mənəvi dəyərlərə sadiq, milli ruhda yetişməsi üçün davamlı olaraq biz tədbirlərin həyata keçirildiyini görürük. Bu, özünü bütün proseslərdə açıq-aydın göstərir. Yəni artıq vurğuladığım kimi, zərərli təsirlərin, dövlətçiliyə yönəlmiş təxtibatların qarşısının alınması, milli-mənəvi dəyərlərin qorunması, din sahəsinə qayğı, dini dəyərlərə qayğı, milli-mənəvi dəyərlərə qayğı və bu istiqamətdə atılan digər addımlar öz bəhrəsini verir. Biz bunu müşahidə edir və görürük".



