|
|
|
|

Hər bir dövlət üçün xüsusilə müasir çağırışlar fonunda ideoloji təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti üçün də daim bu istiqamət prioritet olub. Çünki ölkəmizə qarşı ən müxtəlif vasitələrə əl atan bəzi dövlətlər və onların nəzarətində olan mərkəzlər həm də ideoloji təhlükəsizlikdən bir vasitə olaraq istifadə edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin yeni tərkibdə ilk iclasındakı nitqində bu mövzuya xüsusilə toxunub, bunun vacib vəzifələrdən biri olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, ideoloji təhlükəsizliklə bağlı daim diqqətli olmalıyıq: "Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında".
Prezident gənc nəslin milli ruhda böyüməsinin vacibliyinə diqqət çəkərək deyib: "Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır".
44 günlük Vətən müharibəsində şanlı Qələbə xarici dairələrin Azərbaycan xalqına və dövlətinə qarşı hazırladıqları ideoloji təxribatlara böyük zərbə vurdu. Burada təbii ki, gənclərin üzərinə böyük vəzifə düşür və ideoloji təhlükəsizliyin təmin edilməsində gənclər yad təsirlərin altına düşməməli, daim ayıq-sayıq, diqqətli olmalıdırlar.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzu ilə bağlı "525"ə deyib ki, ideoloji təhlükəsizlik, müasir dünyada milli dövlətlərin kənar təsirlərdən mühafizə olunmaları, dilini, mədəniyyətini, identikliyini qorumaları üçün həyati əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, əgər hərbi müdafiə səhəsində Hava Hücumundan Müdafiə (HHM) sistemləri bir ölkənin hava sahəsini, reallıqda isə ölkənin həm də quru ərazisini və təbii ki, əhalisini dağıdıcı, öldürücü zərbələrdən qoruyursa, milli ideologiya da dövləti quran milləti ayaqda saxlayan dəyərləri mühafizə edir: "Milləti ayaqda saxlayan minilliklərin dərinliklərindən süzülərək gələn, cilananan dəyərləridir. Bu dəyərlər məhv olarsa, millət də, onun qurduğu dövlət də onu öz ideoloji təsiri altına salan qüvvələrin oyuncağına çevrilir və nəticədə məhvə, süquta məhkum olur. Bu baxımdan, ideoloji təhlükəsizlik "çətiri" dövlətin, dövlətçiliyin qorunması ən müasir HHM sistemlərindən daha mühüm əhəmiyyət kəsb edir".
E.Mizəbəyli deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının VII çağrış Milli Məclisinin ilk iclasında çıxışı zamanı, məhz bu aspektləri nəzərə alaraq, ideoloji təxribatlarla ölkəmizə qarşı ideoloji təhdid və çağırışların artdığına diqqət çəkdi: "Hazırda ölkəmizə və xalqımıza qarşı bir neçə istiqamətdən, həm real, həm də virtual müstəvidə ideoloji təxribatlar həyata keçirilir. Bunlardan birincisi, daha intensiv istiqamət kollektiv Qərbin milli ideologiyaların məhvini özü üçün əsas hədəf seçən və bunu "yumşaq güc" metodları ilə gerçəkləşdirməyə çalışan təmsilçiləri tərəfindən reallaşdırılır. Bu prosesdə uzun illərdən bəri özünü Azərbaycana, onun ərazi bütövlüyünə, suverenliyinə düşmən kəsilən qüvvələrin istifadəsinə verən radikal müxalifətin "baş nüfuz müvəkkilləri" və onların ölkə xaricindəki tör-töküntüləri, əsasən qeyri-leqal fəaliyyət göstərən siyasiləşmiş ictimai sektor təmsilçiləri, qərbin qlobal cəsus şəbəkəsinin media adına iddia edən informasiya terminatorları, real və virtual infoterrorçuları aktiv rol oynayırlar. Onların hədəfində ölkədə istimai-siyasi münasibətlərin müxtəlif vasitələrlə dözülməz həddə çatdırılması, süni şəkildə siyasi və sosial qütbləşməyə nail olunması, "insan hüquq və azadlıqları" adı altında identikliyimizi qoruyan dəyərlərə yad olan müxtəlif qeyri-təbii cərəyanların təbliği, milli birliyimiz və həmrəyliyimizin sarsıdılması dayanır. Bu, dövlətimizin təməl ideoloji dəyərlərinin sıradan çıxarılmasına xidmət edən xain təşəbbüslərin və onları icra edənlərin məqsədi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən böyük Zəfərimizi gözdən salmaq, bizi milli ideyalardan, o cümlədən, bütöv azərbaycançılıq məfkurəsinin ayrılmaz bir parçası olan Qərbi Azərbaycan hədəfindən, aparıcı rol aldığımız Böyük Türk Ailəsi yolundan uzaqlaşdırmaqdan ibarətdir. Bu prosesdə, paradoksal görünsə də, bəzi Qərb dairələri ilə sinxron hərəkət edən, Azərbaycanın sekulyar və milli dövlətçilik məfkurəsi üzərindən inkişafına düşmən kəsilən qonşu ölkələr də son dövrlərdə fəallıqlarını artırıblar. Hakimiyyətə türk əsilli məzhəbçi rejim təmsilçisini gətirməklə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sürətli inteqrasiyasına maneə yaratmaq, bölücü, təfriqəçi siyasətini vahid Türk Ailəsinə transfer etməyə çalışan Tehran rejimi də ideoloji təxribatlarını getdikcə daha da sürətləndirir. Şübhəsiz ki, digər istiqamətlərdən də ideoloji təhdidlər var və onların böyük əksəriyyəti daha açıq olduğu üçün, hazırda ciddi təhlükə yaratmır".
Deputat əlavə edib ki, bu prosesə qarşı dayanmağın yeganə yolu Azərbaycan dövlətçiliyinin təməl ideoloji prinsiplərini təbliğ etmək, marifləndirmə prosesini sürətləndirmək, xüsusilə də gənclərin yer aldığı milli ideoloji platformların fəaliyyətini gücləndirmək və yenilərini formalaşdırmaq, yorulmadan, usanmadan fəaliyyət göstərməkdən ibarətdir: "Hər bir Azərbaycan vətəndaşı, dövlətimizə qarşı həyata keçirilən təxribatların səbəbini yaxşı anlamalı, mübarizəyə hazır olmalı, milli özünümüdafiə instikti ilə silahlanmalıdır. Çağırışlara dərhal cavab verilməli, vaxt itirməməli, milli identikliyimizi, düşüncəmizi, mədəniyyətimizi, dilimizi, milli ideologiyamızı dövlətlərimizin sərhədləri kimi qəbul etməli, toxunulmazlığını təmin etməliyik. İndi bütöv Azərbaycanın, Türk Dünyasının sərhədləri, həm də bizim düşüncəmizdən keçir".



