Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bir sıra hadisələrlə yadda qaldı. Eyni zamanda, bu platforma Azərbaycanla Rusiya və digər MDB ölkələri ilə əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətli oldu. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında vacib mesajlar səsləndirdi.
Mühüm hadisələrdən biri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu.
Prezident İlham Əliyev öz nitqində bununla bağlı deyib: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Əlbəttə ki, qərarın əhəmiyyəti həm də ondadır ki, bu, MDB ölkələrinin bütün rəhbərləri, o cümlədən, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin növbəti dəfə təsdiqidir.
MDB dövlət başçıları tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətin qəbul edilməsindən danışan Prezident ümumi qələbəyə Azərbaycanın mühüm töhfəsini qeyd edib: “Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən, məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.
Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.
Dövlət başçılarının sammitində ən böyük beynəlxalq tədbir olan COP29 iqlim konfransı da diqqətdə olub. Azərbaycan lideri bildirib ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk. Putinin və MDB-nin digər ölkələrinin konfransda iştirakı gözlənilir ki, bu da əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yeni imkanlar yaradacaq.
Onu da vurğulayaq ki, sammit çərçivəsində Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşü olub. Dövlət başçısı bəyan edib ki, gündəliyimiz kifayət qədər genişdir, həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.
V.Putin isə deyib: “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır”.
Onu da qeyd edək ki, Moskvada Azərbaycan-Rusiya-Ermənistan formatında üçtərəfli görüş baş tutmayıb. Bununla belə, iki ölkə liderləri jurnalistlərin sülh müqaviləsinin nə vaxt imzalanacağı ilə bağlı sualına cavab veriblər.
“Biz hər şeydə razılaşanda”, - deyə Azərbaycan lideri bildirib.
Nikol Paşinyan eyni suala belə cavab verib: “Hesab edirəm ki, hazırda imzalanacaq kifayət qədər razılaşdırılmış məzmun var”.
MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın dəyirmi masa arxasında yan-yana əyləşmələri də diqqətdən yayınmayıb. Sammitə ev sahibliyi edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı deyib ki, MDB liderləri həmişə bir masa arxasında əyləşirlər: “Azərbaycan və Ermənistan bu və ya digər şəkildə MDB çərçivəsində dialoqu davam etdirirlər. Qalan məsələlərə ikitərəfli münasibətlər - artıq bizim işimiz deyil, bu, onların suveren səlahiyyətidir”.
Rusiya Baş nazirinin müavini, Rusiya tərəfdən müvafiq üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuk da Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, kommunikasiyaların blokdan çıxarılması yalnız Rusiyanın iştirakı ilə mümkündür: “Ermənistan 2020-ci ildə Moskva, Bakı və İrəvan tərəfindən imzalanan, atəşkəs əldə olunmasına kömək edən üçtərəfli bəyanatdan rəsmən çıxmayıb. Eyni zamanda, təxminən il yarımdır ki, regionda kommunikasiyaların açılmasına dair üçtərəfli işçi qrup çərçivəsində heç bir irəliləyiş yoxdur”.
Yada salaq ki, 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların blokdan çıxarılmasna dair razılıq əldə olunub. Üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb ki, bu qrup regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması ilə məşğul olmalıdır.
Nəhayət, sammit çərçivəsində ABŞ-ın Azərbaycana qarşı sanksiya siyasəti ciddi tənqid edilib. Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsində 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdıraraq deyib: “Bu sanksiyalar 2001-ci ildə ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
Sammitlə bağlı danışan politoloq Zaur Məmmədov hesab edir ki, Azərbaycanla Rusiya arasında hansısa iqtisadi, kommunikasiya ilə bağlı layihələr çox vacib olsa da, bundan da vacib məhz tərəflərin siyasi məsələlərdə ortaq məxrəcə gəlməsi və fikirlərin üst-üstə düşməsi ilə bağlıdır: “Bakı ilə Moskva arasında strateji tərəfdaşlığın Cənubi Qafqazda yeni mərhələyə qədəm qoymasını əminliklə deyə bilərik. Bunun bir sıra səbəbləri var. Rusiyanın Ukraynadakı müharibə fonunda MDB məkanında daha da sıxışdırılması, bir sıra çağırışlarla qarşılaşması və nəhayət başa düşməsi ki, Cənubi Qafqazda artıq erməni məsləsini kənara qoymaq lazımdır. Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlıq onun üçün çıxış yoludur və s.
Digər tərəfdən görürük ki, Azərbaycanın da məhz Rusiya ilə münasibətlərini inkişaf etdiməsinin bir sıra səbəbləri var, təbii ki, biz hər zaman qonşu ölkələrlə münasibətlərin artran xətlə inkişafında maraqlıyıq. Ona görə ki, qonşularla mehriban münasibətlər dövlətlərin və xalqların milli maraqlarını həyata keçirmələri üçün vacibdir, eyni zamanda Qərb ölkələri tərəfindən də təzyiqlər, Ermənistanın silahlandırılması, siyasi sahədə müxtəlif parlamentarilər, hökumətlər tərəfindən verilən bəyanatlar, Qarabağ erməniləri məsələsinin, antiterror tədbirlərinin hələ də müzakirə edilməsi ona gətirib çıxardı ki, Azərbaycan həm BRICS, həm Rusiya ilə bağlı müəyyən qərarlar verdi. Düşünürəm ki, bağlı qapılar arxasında əlbəttə ki, bir çox məsələlər mzakirə edilib, hər kəsi maraqlandıran məsələlər içərisində isə sırf olaraq nə Qarabağ ermənilərinin məsələsi, nə onların hüquqları məsələsi olub. Zəngəzur dəhlizinin taleyi, gələcəyi, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gələcəyi və s. Bütün bunlar Azərbaycanla Rusiya arasındakı münasibətləri Azərbaycanla Qərb münasibətlərdən fərqləndirən amildir. Çünki əgər Qərb-Azərbaycan münasibətlərində Qərbin əsas mərkəzləri ilə ölkəmizin müxtəlif nümayəndələri arasında görüşlərdə, ələlxüsus Qarabağ ermənilərin taleyi, Türkiyənin sərhədləri açmasında təkid edilməsi dayanırdısa, Rusiya ilə dialoqda Azərbaycanın istəmədiyi məsələlər hazırda müzakirə edilmir. Bu da əlbəttə ki, Bakının maraqlarına uyğundur”.