|
|
|
|

Ötən həftə Qazaxıstanın paytaxtı Astana şəhəri Dünya və Ənənəvi Dinlər liderlərinin Qurultayı Katibliyinin XXII sessiyasına ev sahibliyi edib. Hazırda dünyanın qarşılaşdığı çağırışlar, münaqişələr, qarşıdurmalar, müharibələr fonunda bu tədbir sülhə, dialoqa mühüm bir töhfə oldu.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəvəti ilə bu il sessiyanın gedişini izləmək imkanımız oldu. Qazaxıstan Parlamenti Senatının sədri, Qurultayının Katibliyinin rəhbəri Maulen Aşımbayevin sədrlik etdiyi iclasda 20 ölkədən 30-a yaxın dünya və ənənəvi dinlərin nümayəndələri, bir sıra mötəbər beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdilər. Onların arasında Azərbaycan, Vatikan, Böyük Britaniya, Misir, İsrail, Hindistan, İran, Qətər, Çin, Koreya, Monqolustan, BƏƏ, Pakistan, Portuqaliya, Rusiya, Səudiyyə Ərəbistanı, Tailand, İsveçrə, Yaponiya və Qazaxıstan var idi. Tədbir xalqlar arasında harmoniyanın möhkəmləndirilməsi və dünyada münaqişələrə son qoyulması üçün bir dəqiqəlik səssiz dua ilə başlayıb.
M.Aşımbəyov açılış nitqində Qurultayın əhəmiyyətinə diqqət çəkib: "Keçən il biz Dünya və Ənənəvi Dinlər liderləri Qurultayının 20 illiyini qeyd etdik. Əminliklə deyə bilərik ki, bu müddət ərzində Qurultay qlobal əhəmiyyət kəsb edən dinlərarası dialoq platformasına çevrilib. Bu, bizim ümumi nailiyyətimizdir. Konqresin və onun katibliyinin fəaliyyətinə hərtərəfli dəstəyinizə görə səmimi təşəkkürümü bildirirəm".

M.Aşımbayev qeyd edib ki, 20 il ərzində Qurultayın fəaliyyəti çərçivəsində ruhani liderlərin səylərinin birləşdirilməsi dinlər, mədəniyyətlər və xalqlar arasında mənəvi körpülərin yaradılmasına, bəşəriyyətin qlobal problemlərinin həllinə mühüm töhfə verib. Dövlət başçısı çoxmillətli və çoxkonfessiyalı həmrəyliyin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. "Müxtəliflikdə birlik" prinsipi Ədalətli Qazaxıstanın əsasını təşkil edir.
O, həmçinin vurğulayıb ki, bu gün dünya bütün hazırkı qlobal çağırışların və təhdidlərin bir-birinə qarışdığı, bir-birindən asılı olduğu və bir-birinin təsirini gücləndirdiyi bir vəziyyətdədir. Geosiyasi münaqişələr güclənir, dinc əhali arasında itkilərə səbəb olur və beynəlxalq birliyin nailiyyətlərini sarsıdır.
"Bu gün hamımız Yaxın Şərqdə artan gərginlikdən dərin narahatlıq keçiririk, tərəfləri mülki itkilərin və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün güc tətbiqindən imtina etməyə çağırırıq. Bu mənfi tendensiyalar yoxsulluq və bərabərsizlik, ətraf mühitin deqradasiyası və iqlim böhranı kimi problemləri gücləndirir. Bu problemləri azaltmaq və aradan qaldırmaq üçün bütün konstruktiv və yaradıcı qüvvələrin səylərini birləşdirmək vacibdir. Ruhani diplomatiyasının əhəmiyyəti artır. Ölkə Prezidenti Kasım-Jomart Tokayevin məqaləsində qeyd etdiyi kimi: "İndi dünya siyasi qeyri-müəyyənlik vəziyyətində qalmaqda davam edərkən, mədəniyyətlər və sivilizasiyalar arasında yaxınlaşma körpüsünə hər zamankından daha çox ehtiyac var".
Katibliyin rəhbəri bildirib ki, ona görə də Dünya və Ənənəvi Dinlər Liderlərinin qurultayi kimi dialoq platformasinin inkişafi vacibdir.
Eyni zamanda, forum iştirakçılarının diqqəti Qazaxıstan liderinin tapşırığı ilə hazırlanmış Qurultayın 2023-2033-cü illər üçün İnkişaf Konsepsiyasının məqsədlərinin həyata keçirilməsi çərçivəsində dövrümüzün eyni dərəcədə aktual olan digər çağırışlarına yönəldilib. Xüsusilə, neyroşəbəkələrin və süni intellektin sürətli inkişafı geniş imkanlarla yanaşı, saxta məlumatların yayılması ilə qlobal sabitliyə xələl gətirir.
Maulen Aşımbayev deyib ki, belə bir şəraitdə Qazaxıstan bu cür təhdidlərin öhdəsindən gəlməyə kömək etməklə yeni beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılmasını davam etdirmək niyyətindədir: "Zərərli dezinformasiyanın yayılması, o cümlədən, süni intellektin köməyi ilə yaradılanlar etnik, dini və sosial qruplar arasında müxtəlif toqquşmalara səbəb ola bilər. Bu şəraitdə sülhün, harmoniyanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması xüsusi aktuallıq kəsb edir. Məhz buna görə də dövlət başçısı Qurultayın 2023-2033-cü illər üçün İnkişaf Konsepsiyasının işlənib hazırlanması təşəbbüsü ilə çıxış edərək onun missiyasını irəli aparmaq üçün konkret mexanizmlərin yaradılması vəzifəsini qarşıya qoyub. Bu iş bu gün ruhani liderlərlə, beynəlxalq təşkilatların nümayəndələri ilə birgə məqsədyönlü şəkildə həyata keçirilir".
Senatın sədri bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyətə görə iştirakçılara təşəkkür edib.
Çıxışlar zamanı ruhani nümayəndələr sülhün qorunması, dialoqun və qarşılıqlı hörmət mədəniyyətinin möhkəmləndirilməsi üçün bütün dini və beynəlxalq təşkilatların səylərini birləşdirməyin vacibliyini vurğulayıblar.
Daha sonra qaydalar müəyyən edilib və sarsılmaz mənəvi-əxlaqi dəyərləri təbliğ etmək üçün Xoşməramlı səfirlərin statusu təyin olunub. Bu statusa qazaxıstanlı müğənni Dimaş Kudayberqen, Vyetnam buddistinin baş katibi, İcraiyyə Şurasının sədr müavini Txit Dık Txien, Yerusəlimin və bütün Fələstinin Patriarxı III Teofil, Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd Abdelsalam və Anqlikan icması baş katibinin müavini Co Uells seçiliblər. Xoşməramlı Səfirlər İnstitutu ruhani diplomatiyasının mühüm elementinə çevrilmək niyyətindədir.
GƏNC DİNİ LİDERLƏRİN FORUMU
Konqresin İnkişaf Konsepsiyası çərçivəsində daha bir mühüm təşəbbüs Gənc Dini Liderlər Forumunun keçirilməsi oldu. Bu Forum ilk dəfə idi ki, baş tuturdu. Gənc liderlərin Qurultayın fəaliyyətinə cəlb edilməsi sivilizasiyalararası və dinlərarası dialoqun ənənələrinin və davamlılığının qorunub saxlanmasının açarı olacaq.
Gənc Dini Liderlərin birinci Forumunun əsas məqsədi nəsillərin davamlılığını qorumaq və qlobal çağırışların həlli üçün qüvvələri birləşdirməkdir.
Forumu parlament Senatının sədri, Dünya və Ənənəvi Dinlər liderləri Qurultayı Katibliyinin rəhbəri Maulen Aşımbayev açaraq ölkə Prezidenti Kasım-Jomart Tokayevin müraciətini səsləndirib.

Müraciətdə dövlət başçısı gənc dini liderlərin ilk forumunun açılışı münasibətilə hər kəsi təbrik edib: "İki il əvvəl Dünya və Ənənəvi Dinlər liderlərinin VII Qurultayında mən onun işini canlandıracaq yeni yanaşmalar təklif etdim. Forumun nümayəndələri bu təklifi yekdilliklə dəstəkləyiblər. Hazırda bu istiqamətdə bir sıra yaxşı təşəbbüslər uğurla həyata keçirilir. Onlardan biri də Gənc Dini Liderlər Forumudur".
Təbrik məktubunda deyilir ki, Dünya və Ənənəvi Dinlər liderlərinin Qurultayı sivilizasiyaların harmoniyasını bərqərar edən, sülh və harmoniyanı tərənnüm edən unikal dialoq platformasıdır.
Prezident Tokayev əlavə edib ki, gənc nəslin nümayəndələrini dinlər arasında dialoqa cəlb etmək dövrün tələbidir: "Gənc nəsil yaradıcılığın, yeniliyin müjdəçisidir. Gənclərin din sahəsində əməkdaşlığı bəşəriyyətin mənəvi gələcəyinin müəyyənləşdirilməsinə birbaşa təsir göstərir. Hazırda dünyada geosiyasi ziddiyyətlər ucbatından müxtəlif çağırışlar yaranıb. Bu dövrdə yeni beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılması çox vacibdir. Bunda dini liderlərin xüsusi rolu var. Gənclərin isə orada fəal iştirakı, şübhəsiz ki, işə yeni təkan verəcək. Ona görə də gəncləri dünyanın inkişafına töhfə verməyə çağırıram".
Senat sədri çıxışını davam etdirərək zorakılığın və qəddarlığın hər hansı təzahürlərinin qəbul edilməməsi mühiti yaratmağın, habelə münaqişələrin sülh yolu ilə həllinə yardım etməyin vacibliyini vurğulayıb: "Geosiyasi qeyri-sabitlik səbəbindən bu gün dünyada müxtəlif təhlükələr yaranıb. Bu çətin dövrdə yeni beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılması çox vacibdir. Bu məsələdə dini liderlərə müstəsna rol verilir və gənclərin iştirakı prosesə yeni təkan verəcək".
Qeyd edək ki, forumda 30-dan çox ölkənin nümayəndəsi iştirak edib. Onlar çıxışlarında maraqlı məqamlara toxunublar. İclasın yekunu olaraq Gənc Dini Liderlərin Birgə müraciəti qəbul edilib. Birgə müraciətdə qlobal çağırışların öhdəsindən gəlmək üçün bəşəriyyətin birləşməsində dinlərarası dialoqun mühüm rolu vurğulanır.
"Yalnız birlikdə işləməklə biz yoxsulluq, iqlim dəyişikliyi, böhranlar və bərabərsizlik kimi problemləri effektiv şəkildə həll edə bilərik. Bu sənəddə təsbit olunmuş niyyətlər gənc liderlər arasında gələcək birgə fəaliyyət və qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, gənclər dünyada müsbət dəyişikliklərin əsas hərəkətverici qüvvəsidir. Sizin enerjiniz, həvəsiniz və ideyalarınız dinlərarası dialoqa mühüm təkan verə bilər və beynəlxalq ictimaiyyətə müasir çağırışların öhdəsindən gəlməyə kömək edə bilər", - Senat sədri söyləyib.
Qeyd edək ki, Dünya və Ənənəvi Dinlər liderlərinin VIII Qurultayının plenar iclası 2025-ci il sentyabrın 17-18-də "Dinlərin dialoqu: gələcək üçün sinerji" adı altında keçiriləcək.
Bakı-Astana-Bakı



