|
|
|
|

Azərbaycana qarşı qərəzli mövqe tutan, qarayaxma kampaniyası aparan ölkələrdən biri də Niderlandır. Xüsusilə, COP29 ərəfəsində daha da fəallaşan antiazərbaycan qüvvələri bu tədbirə kölgə salmaq üçün bütün imkanlarını işə salıblar. Amma nəzərə alsaq ki, Azərbaycan artıq Qərbin bu üzünə yaxşı bələddir, eyni ssenarini əvvəllər də böyük toplantılar ərəfəsində reallaşdırmağa çalışıblar, ona görə də Bakı da adekvat tədbirlərini görür.
Qeyd edək ki, Niderland Krallığının parlamentinin Nümayəndələr Palatası 10 oktyabr tarixində Azərbaycan əleyhinə iki qətnamə qəbul edib. Qətnamələr tamamilə reallıqdan uzaq, faktların saxtalaşdırılması, şər və böhtandan ibarətdir. Belə ki, Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən, terrorizm, separatizm, qəsdən adamöldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslər "erməni hərbi əsirləri" kimi qələmə verilərək azadlığa buraxılması tələb edilir. Terrrorçuların, insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin azad edilməsini tələb etmək beynəlxalq hüququ tapdamaq deməkdir. Eyni zamanda, guya erməni mədəni irsinin talan edilməsi barədə saxta ittihamlar irəli sürülüb.
Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistan ərazilərimizdə misilsiz vandallıq, vəhşilik törədib, tarixi və mədəni irsimizi məhv edib, məscidlərimizi dağıdaraq təhqir edib, donuz saxlayıb. Ermənilərin basdırdıqları minalar bu gün də dinc insanlarımızın həyatına son qoymaqdadır. Azərbaycan azad edilmiş əraziləri tamamilə yenidən qurur, tikir, amma Niderland və onun kimi digər qərəzli dövlətlər faktları inkar edərək, onları görmək istəmirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixli iki qətnaməsi qətiyyətlə rədd edib. XİN-in bəyanatında Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların "hərbi əsir" kimi qələmə verilərək azad edilməsinə dair çağırışlar qəbuledilməz adlandırılıb. Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur. Eyni zamanda, qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir.
XİN Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb.
Milli Məclis də sözügedən qətnamələri qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edib və pisləyib, Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırıb: "Biz Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəkləyirik, lakin bu cür dialoq və əməkdaşlıq qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalıdır".
Məlumdur ki, Azərbaycana qarşı qərəzli mövqe tutan Niderland hazırda da öz müstəmləkəçilik siyasətini davam etdirir, Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da məqsədyönlü assimilyasiyaya siyasəti aparır. Bakı Təşəbbüs Qrupunun (BTQ) bəyanatında bu məsələyə toxunulub. Bildirilib ki, Niderland parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, bu ölkənin cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur: "Niderland qeyd olunan bu ərazilərdə məqsədyönlü assimilyasiya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları niderlandlılarla əvəz edir, yerli əhalinin nümayəndələrinə ikincidərəcəli "vətəndaşlar" kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqalara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir. Bunları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland Parlamentini Niderlandın Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland hökumətinə çağırış etməyi dəvət edirik. Bu xüsusda, törədilmiş və bu gündə davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik".
Onu da qeyd edək ki, bu, Niderlandın ilk qərəzli sənədi deyil. Bu ilin sentyabrında Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və "Dağlıq Qarabağ" kimi qeyd edilib. 1988-ci ildə Ermənistandan 300 minə yaxın Qərbi azərbaycanlı zorla qovulmasına heç vaxt münasibət bildirməyən Niderlandın dövlət və hökumət rəsmiləri ermənilərdən daha çox erməni kimi çıxış edirlər. Fransanın yolunu gedən Niderlandın qərəzi, ədalətsiz mövqeyi gün kimi aydındır. Azərbaycan isə bu dövlətlərdən fərqli olaraq həmişə işğalçılığa, müstəmləkəçiliyə qarşı mübarizə aparıb, beynəlxalq müstəvidə ədalətli, obyektiv siyasət sərgiləyib. Həmin qüvvələrin hansı mövqeni tutmalarından asılı olmayaraq Bakı öz doğru yolu ilə davam edəcək.



