|
|
|
|
Oktyabr ayı Qazaxıstan dövləti və xalqı üçün mühüm hadisə ilə tarixə düşdü. Belə ki, oktyabrın 6-da ölkədə ilk Atom Elektrik Stansiyasının (AES) tikintisi üzrə referendum keçirildi. Səsvermə bülletenində bir sual var idi: "Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?" Seçicilər "bəli, razıyam" və ya "xeyr, razı deyiləm" cavabını verməli idilər. Beləliklə, Qazaxıstanın gələcəyi, enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən məsələ ilə bağlı qərarın verilməsi xalqın ixtiyarına buraxıldı.
Referendumdan bir gün əvvəl MSK-da keçirilən mətbuat konfransında məlumat verildi ki, ölkədə ümumilikdə 12,2 milyon seçici var, 10323 seçki məntəqəsi yaradılıb ki, onlardan da 74-ü 59 ölkədə açılıb. Yaxın Şərqdəki vəziyyətə görə yalnız üç ölkədə, İran, Livan və İsraildə məntəqə yaradılmayıb. Referendumun gedişini izləmək üçün 30 xarici ölkədən və 4 beynəlxalq təşkilatdan 177 müşahidəçi dəvət olunub. Referendumu işıqlandırmaq üçün 40-a yaxın ölkədən 200 jurnalist dəvət olunmuşdur ki, onların arasında Azərbaycandan "525-ci qəzet"in əməkdaşı da var idi.
Seçki məntəqələrində gördüklərim
Seçki günü paytaxt Astanada bir sıra məntəqələrdə olduq. "Astana Opera" Dövlət Opera və Balet Teatrında yaradılan 256 saylı seçki məntəqəsində proses yeni başlamasına baxmayaraq, seçici axını var idi. İnsanlar sərbəst şəkildə öz səslərini verirdilər. Yerli və xarici jurnalistlərin olduğu məntəqədə həm də xarici və yerli müşahidəçilər prosesi izləyirdilər. Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev bu məntəqədə səs verdi. Səsvermə hüququndan istifadə etdikdən sonra isə jurnalistlər onu əhatəyə alaraq suallar ünvanladılar.
60 saylı məntəqənin sədri Kımbat İrqebaeva jurnalistlərlə söhbət zamanı bildirdi ki, səsvermənin şəffaf və qanunvericiliyə tam uyğun keçirilməsi üçün bütün şərait yaradılıb. İnsanlar sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər. Məntəqələrdə əlilliyi olan şəxslər üçün xüsusi kabin yaradılıb. Həmin kabin onların rahat hərəkət edə bilməsi üçün daha genişdir. Bu məntəqədə də seçicilərin axınını müşahidə etdik. Bunu məntəqə sədri də təsdiqlədi. Onun sözlərinə görə, məntəqə açılan kimi insanlar səsverməyə gəliblər. Məntəqələrdə müşahidəçilərlə söhbət zamanı hər hansı pozuntu qeydə almadıqlarını bildirdilər.
Türkiyə Yüksək Seçki Şurasının üzvü Əli Çopur deyib ki, səsvermə başlayandan bir çox məntəqələrdə olublar, proses normal şəkildə gedir: "Səsvermənin yeni başlamasına baxmayaraq, xalq sandıqların başına gələrək öz seçki hüququnu həyata keçirir. Bu referendum Qazaxıstan xalqının gələcəyi üçün çox önəmlidir. Nəticə nə olursa olsun, Qazaxıstan dövlətinin və xalqının qazanacağını düşünürük".
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Çjan Lin də referendumun təşkilini müsbət qiymətləndirib, eyni zamanda, baş çəkdiyi bütün məntəqələrdə əlilliyi olan vətəndaşlar üçün avadanlıqların quraşdırıldığını söyləyib: "Gənc nəsil, yaşlı insanlar məntəqələrə gələrək sevinclə səs verirlər. Məntəqə komissiyasının əməkdaşları onlara hər şeyi izah edirlər".
Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Anton Lopatin Qazaxıstanın seçki sisteminin referenduma peşəkarcasına hazırlaşdığını vurğulayıb: "Ərazi seçki komissiyalarının və məntəqə komissiyalarının üzvlərinə təlimlər təşkil olunub, referendumun ciddi şəkildə qanunvericiliyə uyğun keçirilməsi üçün hər şey edilib. Çoxlu sayda müşahidəçi də daxil olmaqla, proses açıq, qanuni, peşəkar idi. Nəticəyə təsir edə biləcək hər hansı pozuntu qeydə alınmayıb".
100 yaşlı seçici məsuliyyəti
Baş çəkdiyimiz növbəti məntəqə Astanadan 21 kilometr aralıda, Akmola vilayətinin Kosşı şəhərindəki 750 saylı seçki məntəqəsi oldu. Burada səsvermə ab-havası da fərqli idi. Xüsusilə yaşlı insanların necə həvəslə referenduma gəldiyinin şahidi olduq. 100 yaşlı müharibə veteranı, Kerç şəhərinin azad edilməsi, Berlin əməliyyatı və Kursk bölgəsində döyüşlərin iştirakçısı, 293-cü Piyada Diviziyasının tərkibində Yaponiya ilə hərbi döyüşlərdə qələbəni qarşılayan Nurkasım Ajitayev isə bütün diqqətləri üzərinə cəlb etmişdi. Döyüşlərdə göstərdiyi şücaətə görə bir çox orden və medallarla təltif edilən veteran deyir ki, indiyədək keçirilən bütün seçkilərdə iştirak edib və referenduma gəlib səs verməyi də vətəndaş olaraq özünün borcu hesab edir: "Mənim 100 yaşım var. Çox şey yaşadım, səs verməyə gəlmişəm. Prezident xalqdan soruşur, bu, mənim borcumdur. Çünki Qazaxıstanın gələcəyi üçün referendumda iştirak etmək çox vacibdir".
Daha bir yaşlı seçici Kanşa nənə deyir ki, insanların yüksək vətəndaş fəallığı nümayiş etdirərək seçkiyə gəldiyini görmək sevindiricidir. Bu o deməkdir ki, qazax xalqı öz taleyinə, gələcəyinə biganə deyil: "Biz məsuliyyətli vətəndaş olaraq öz borcumuzu yerinə yetirib, səsverməyə gəlmişik".
Kosşı kiçik şəhərdir, əhalisi təxminən 100 min nəfərdir. Amma bura çoxmillətli şəhərdir. Seçki komissiyasının sədri Ardak Eltayeva deyir ki, burada qazaxlar, ruslar, uyğurlar, koreyalılar, almanlar və ukraynalılar yaşayırlar, onların hamısı ölkənin gələcəyi ilə bağlı fikirlərini bildirməyə gəliblər: "Biz böyük bir ailəyik və bu gün ümumi evimizin taleyini həll edirik. Bu, "Ədalətli Qazaxıstan - hamı və hər kəs üçün" prinsipinin təcəssümü deyilmi?"
Referendum baş tutdu
Bir gün sonra MSK referendumun ilkin nəticələrini açıqladı. Məlum oldu ki, referendumda 7 milyon 820 min 204 milyon qazaxıstanlı iştirak edib, yəni seçici fəallığı 63,6 faiz təşkil edib. Qazaxıstanda AES tikintisinin lehinə seçicilərin 71,12 faiz və ya 5 milyon 561 min 937 nəfər, 2 milyon 45 min 271 nəfər isə əleyhinə səs verib. Bununla da referendum baş tutub.
Açıq, şəffaf, qanunauyğun
Seçkidən bir gün sonra xarici müşahidəçilər mətbuat konfransı keçirərək öz yekun rəylərini açıqladılar.
MDB-nin müşahidə missiyası bəyan etdi ki, səsvermə açıq, sakit şəraitdə keçib: "Mən özüm Astanada ondan çox məntəqəyə baş çəkmişəm. Yaxşı təşkilatçılığa əmin oldum. MDB müşahidəçilər missiyası Qazaxıstan Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edib. Referendumun bir aydan bir qədər çox əvvəl elan edilməsinə baxmayaraq, onun zəruriliyi barədə qərarı bir ildən çox əvvəl Qazaxıstan lideri elan edib. Buna görə də Qazaxıstan vətəndaşlarının şüurlu şəkildə öz seçimini etmək üçün vaxtı və imkanı var idi. Ümumi nəticə belədir ki, referendum keçirildi, nəticəyə təsir edə biləcək heç bir pozuntu qeydə alınmadı".
Türk Dövlətləri Təşkilatının baş katibinin müavini, müşahidə missiyasının rəhbəri Sədi Cəfərov isə deyib ki, referendum beynəlxalq standartlara uyğun keçirilib. O bildirib ki, seçkidən əvvəl MSK sədri Nurlan Abdirov, XİN başçısının müavini Roman Vasilenko ilə görüşüb və referenduma hazırlıqla bağlı tam məlumat əldə ediblər. Səsvermənin gedişini 200-ə yaxın xarici jurnalist, 4 əsas beynəlxalq təşkilatdan müşahidəçilər izləyiblər: "Müşahidəçilərə prosesi izləmək üçün bütün şərait yaradılmışdı. Səsvermə məntəqələri yaxşı təşkil edilib, proses peşəkar şəkildə idarə olunurdu. Hər hansı əsaslı pozuntu qeydə almadıq, prosesin gedişinə hansısa administrativ və digər müdaxilə yox idi. Eyni zamanda, məntəqələrdə səslərin sayılmasında da iştirak etdik. TDT hesab edir ki, səsvermə sakit şəraitdə, açıq, şəffaf, beynəlxalq standartlara uyğun keçirilib".
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası üzvləri də bəyan ediblər ki, referendum açıq, şəffaf, qanunauyğun keçirilib. Missiyanın rəhbəri, təşkilatın baş katibinin müavini Oleq Kopılov deyib ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin dəvəti ilə referendumu izləyiblər: "Biz öz vəzifəmizi yerinə yetirdik, neytral qalıb, ölkənin daxili işlərinə qarışmadıq".
Kopılov bildirib ki, seçkilərdə mediaya, müşahidəçilərə heç bir maneə yaradılmayıb: "Səsvermə prosesi sakit şəraitdə, yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilib. Missiya hesab edir ki, ümumilikdə referendum açıq, şəffaf, qanunauyğun olub, insanlar öz mövqeyini sərbəst şəkildə ifadə ediblər. Missiyanın öz fəaliyyətini yerinə yetirməsi üçün yaradılan şəraitə görə təşəkkür edir, Qazaxıstan xalqını referendumun baş tutmasına görə təbrik edirik".
Yada salaq ki, Qazaxıstanda AES tikintisi yeni məsələ deyildi. Prezident Kasım-Jomart Tokayev 2023-cü ilin sentyabrında xalqa illik müraciətində respublikada atom elektrik stansiyasının tikintisinin vacibliyindən danışaraq qeyd etmişdir ki, belə ciddi məsələni hakimiyyət deyil, Qazaxıstan xalqı ümumxalq səsverməsində həll etməlidir. Bununla yanaşı, dövlət başçısı özünün atom elektrik stansiyası olmadan Qazaxıstanın dünya tərəqqisindən kənarda qala biləcəyini də deyib.
Yeri gəlmişkən, hələ referendumdan əvvəl Tokayev bildirib ki, əgər vətəndaşlar AES tikintisi ideyasını bəyənsələr, onu ən qabaqcıl texnologiyalara malik qlobal şirkətlərdən ibarət beynəlxalq konsorsium tikməlidir.
Beləliklə, xalq Qazaxıstanda, o cümlədən, Orta Asiyada ilk olacaq AES tikintisinə öz razılığını verdi, bununla da ölkənin gələcəyi, milli enerji təhlükəsizliyinin təmini üçün mühüm addım atmış oldu.
Bakı-Astana-Bakı