|
|
|
|

Məlum olduğu kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçki günü yaxınlaşdıqca ölkəyə xarici təsirlər, müdaxilələr də artır. Qərb Gürcüstanın daxili işlərinə qarışmaqla öz maraqlarını reallaşdırmağa çalışır.
Qeyd edək ki, parlament seçkilərində 150 yer uğrunda 30-a yaxın partiya mübarizə aparacaq. Mübarizə əsasən iki siyasi ideoloji qütb arasında - mühafizəkar siyasi xəttə malik, hakimiyyətdə olan “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyası və qərbyönümlü və hazırda prezident kimi fəaliyyət göstərən Salome Zurabişvilinin ətrafında cəmləşən müxalifət partiyalarıdır. Qərb bu seçkinin öz maraqlarına uyğun nəticələnməsini istəyir. Hətta buna görə ölkədə iğtişaşlar da hazırlayır. İndidən onu gözdən salmağa çalışan dairələr artıq ənənələrinə uyğun olaraq xarici mediada qarayaxma kampaniyasına başlayaraq ölkənin indiki rəhbərliyini “rusiyapərəst”, seçkiləri isə “fırıldaqçılığa hazırlıq” kimi tirajlayırlar. Onlar hətta iddia edirlər ki, Qərb Gürcüstanda Maydan təşkil etməlidir. Qərbin əsl üzü məhz budur. İndiyədək Qərbin demokratiya, dəstək yardım adı ilə ölkələrə müdaxiləsinin hansı dağıdıcı nəticələrə gətirdiyini hər kəs yaxşı bilir. Eyni ssenari vaxtilə Gürcüstanda da tətbiq edilib. Nəticə isə qonşu ölkənin öz ərazisinin bir hissəsini itirməsi, vəd edilən Qərb strukturlarına üzvlük məsələsinin həyata keçməməsi olub. Qərb uzun illər Gürcüstanı öz təsiri altında saxlamaqla ona böyük zərər vurmuş oldu. 2008-ci ilin avqust faciəsini yenidən təkrarlamaq istəyən həmin qüvvələrin məqsədi ölkəni Suriyaya, Ukraynaya çevirmək, əbədi qarşıdurma yaratmaqdır.
Yada salaq ki, ölkə parlamentində “Xarici təsirlər”, yaxud “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi və qəbul edilməsindən sonra həmin qüvvələr Gürcüstana qarşı daha aqressiv davranaraq, ölkədə açıq şəkildə iğtişaşlara, hakimiyyət çevrilişinə çağırış etdilər. Qərb uzun illər məhz qeyri-hökumət təşkilatları, öz fondları, institutları vasitəsilə Gürcüstanda möhkəmlənərək bir şəbəkə qurublar. Həmin şəbəkə Gürcüstan cəmiyyətində, hətta Gürcüstanın dövlət idarəçiliyi üzərində çox ciddi təsir və nəzarət mexanizmi formalaşdıra bilib. Gürcüstan hakimiyyətinin bu təhlükələri, riskləri dəf etmək üçün gec də olsa hərəkətə keçməsi təbii ki, Qərbi razı sala bilməzdi və onlar ölkə hakimiyyətinə qarşı gizli müharibə elan ediblər.
Regionun lider dövləti olan Azərbaycan Qərbə yaxşı bələd olduğu üçün hər zaman daha uzaqgörən, düşünülmüş, ölçülüb-biçilmiş siyasət aparıb. Qonşu ölkədə baş verənlər bir daha onu göstərir ki, Azərbaycan öz yanaşmasında nə dərəcədə haqlı olub. Qərbin məqsədi müdaxilə etdiyi ölkələrdə marionet hakimiyyət yaratmaq, onun vasitəsilə bölgədə maraqlarını reallaşdırmaq, dağıtmaq, məhv etmək, ölkələri heç vaxt çıxa bilməyəcəkləri çuxura salmaqdır. Bunun nümunələri çoxdur, Ukraynanı vurğulamaq kifayət edər.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişvili də bəyan edib ki, xaricdən maliyyə dəstəyi alan “Milli Hərəkat” partiyası və tərəfdaşları hələ də iğtişaşlar yolu ilə hakimiyyətə gəlməyə, daha sonra ölkəni müharibə və xaosa sürükləməyə çalışırlar. Onun sözlərinə görə, məqsədi əvvəldən və hətta indi də cəmiyyətin parçalanması və qarşıdurmaların alovlandırılması olan “Milli Hərəkat” hakimiyyətə qayıtmağa çalışır. Onlar hətta bunu, ikinci cəbhənin açılması bahasına etməyə hazırdırlar: “Onlar xarici tərəfdaşlarının köməyi ilə 2008-ci ildə törətdikləri xəyanəti təkrarlamaqla ölkəni müharibəyə sürükləməyə, bir daha bizə canlar qurban verməyə və əlavə itirilmiş ərazilərə başa gələn faciəni yaşatmağa hazırdırlar”.
Hər zaman Gürcüstanla dostluq, qonşuluq münasibətlərinə üstünlük verən Azərbaycan dövləti belə xain planlara qarşıdır. Azərbaycanın Gürcüstan hakimiyyəti ilə çox uğurlu əməkdaşlığı var. Bu ölkədəki seçkilərdə hazırkı hakim partiyanın qələbəsi Bakının da maraqlarına uyğundur. Çünki bu gün Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır.
Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında çox yaxşı şəxsi təmaslar mövcuddur. Bu il martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanda rəsmi səfərdə olub.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi.
Prezident İlham Əliyev görüşdə bildirib ki, biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək: “Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Bir daha demək istəyirəm ki, Gürcüstanın Baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcək”.
Öz növbəsində Koxibadze deyib ki, ölkələrimizi tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub: “Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.
Ölkələrimiz arasında siyasi tərəfdaşlığı bir daha qeyd etmək istərdim. Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib... Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var”.
Göründüyü kimi, iki ölkənin münasibətləri dostluğa, qonşuluq prinsiplərinə əsaslanır. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensial var.
Eyni zamanda, iki dövləti mühüm regional layihələr birləşdirir. Bu sırada Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və s. var. Azərbaycan-Gürcüstan dostluğu birgə layihələrin reallaşması və ümumilikdə regionun inkişafına töhfə verir. İki ölkənin bağlarını həm də Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər daha da möhkəmləndirir.
Əminik ki, Qərbdə bəzi dövlət və dairələrin Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməsi onu daxili işlərinə müdaxilə etməyə çalışmaları öz nəticəsini verməyəcək, gürcü xalqı düzgün seçim etməklə ölkəsinin daxili işlərinə müdaxiləyə, öz müstəqilliyinə, suverenliyinə xələl gətirilməsinə yol verməyəcək.



