|
|
|
|

Gürcüstanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Gürcü xalqının hansı siyasi qüvvəyə etimad göstərəcəyi oktyabrın 26-da bəlli olacaq. Amma seçki ərəfəsində xarici qüvvələrin, xüsusilə də Qərbin prosesə müdaxilə etmək cəhdləri artmaqdadır. Onlar xalqın iradəsinə təsir göstərməyə çalışır, qanunsuz çağırışlar edirlər. Eyni zamanda, Gürcüstanla bağlı bəzi qərarlar qəbul edirlər ki, bunlar da birbaşa hazırda şansları yüksək olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını reytinqini aşağı salmağa hesablanıb. Həmin dairələrin məqsədi istənilən yolla onların maraqlarını təmin edəcək, əllərində vasitəyə çevriləcək siyasi qüvvənin qalib gəlməsinə nail olmaqdır. Qərb gürcü xalqını iğtişaşlara, qarşıdurmaya təşviq edir ki, bunun baş verməsi də təkcə ölkənin özündə deyil, ümumilikdə, Cənubi Qafqaz regionu üçün mənfi fəsadların yaradılması deməkdir.
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının seçkilərdə yenidən qalib gəlməsi dünyanın üzləşdiyi hazırkı çağırışlar, münaqişələr, qarşıdurmalar fonunda ölkədə aparılan praqmatik siyasi kursun davam etdirilməsi üçün vacibdir. Bu siyasət Gürcüstanın təhlükəsizliyi, strateji maraqlarının təmini üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Gürcüstan vaxtilə Qərbin fitvasına gedərək çox çətinliklər yaşayıb, Rusiya ilə müharibəyə sövq edilib, öz ərazisinin bir hissəsini itirib. Qərb tərəfindən ölkəyə illərdir vəd edilən Avropa İttifaqı, NATO üzvlüyü ilə bağlı hansısa önəmli addım atılmayıb. Gürcüstanda yaxşı başa düşürlər ki, Qərb sadəcə ölkədən öz maraqlarını təmin etmək, bölgədə möhkəmlənmək, regional düşmənçilik yaratmaq üçün istifadə edib. İndi gürcü xalqı öz gələcək yolunu özü seçməlidir, amma "demokratiyanın beşiyi" olan Qərb açıq müdaxiləsi ilə buna imkan vermir, müxalifəti seçkiyə yox, "döyüşə" hazırlayır.
Yeri gəlmişkən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) rəhbəri Qriqol Liluaşvili bəyanat yayaraq müxalifəti seçki dövründə qanunlara riayət etməyə çağırıb. O deyib ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı ölkənin dinc birgəyaşayışına dissonans gətirməyə çalışan şəxslərə xəbərdar edilməsi üçün verilib: "Onlar qanunu pozmamalı və qırmızı xətti keçməməlidirlər, əks halda müvafiq tədbirlər görüləcək".
DTX-nin məlumatına görə, siyasi dairələrlə əlaqəsi olan qruplar seçkilərə qədər dövlət məmurlarının süni intellekt və digər müasir texnologiyalar vasitəsilə montaj edilmiş video və audio yazılarını yaymağı planlaşdırırlar. Saxta səs yazıları Dövlət Təhlükəsizliyi Xidmətindən sızan məlumatlar kimi ictimaiyyətə təqdim olunacaq ki, məqsəd isə hakimiyyət qolları arasında qarşıdurma yaratmaq, habelə hökumətlə pravoslav kilsəsi arasında düşmənçiliyi qızışdırmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir.
"Gürcü Arzusu" partiyasından olan deputat Anri Oxanaşvili bildirib ki, hakim komanda Gürcüstanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı bütün mümkün ssenarilərə hazırdır və mümkün təhlükələrə cavab dərhal veriləcək: "Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında qeyd olunan təhdidlərin aradan qaldırılması dövlətimiz üçün çox vacibdir. Əlbəttə, çətinliklər olacaq, lakin biz bütün ssenarilərə hazırıq və müvafiq olaraq, bütün aidiyyəti idarələrdən dərhal və adekvat cavab veriləcək".
Gürcü politoloq Arçil Sixarulidze yerli mətbuata açıqlamasında deyib ki, bu seçkilər, nəhayət, ölkənin nə istədiyini müəyyən edəcək - Qərb yolu ilə getmək, yoxsa balans siyasətini davam etdirmək: "Sonuncu uzun illər əvvəl eyni Qərb tərəfindən fəal şəkildə dəstəklənən "Gürcü Arzusu" hökuməti tərəfindən həyata keçirildi. Bütün lazımi məlumatları Brüssel və Vaşinqtona ötürən yerli qərbyönlü siyasi qüvvələr insanları inandırıblar ki, Tbilisi öz strateji tərəfdaşlarından üz döndərə bilər. İndi onlar təcili olaraq seçiciyə təzyiq etməlidirlər ki, xalq onlar üçün düzgün seçim etsin və hakimiyyətə uyğun siyasi oyunçular gəlsin. Bu yaxınlarda "xarici agentlər" və LGBT təbliğatına qarşı mübarizə haqqında qanunlar qəbul edildi ki, onlar, şübhəsiz ki, qarşıdan gələn seçkilərdə səslərin bölüşdürülməsinə təsir göstərəcəklər".
Politoloq deyib ki, ənənəvi dəyərlər gürcülərdə qədim zamanlardan olub, lakin Qərb və Avropa ictimai müzakirə məkanında yalnız bu yaxınlarda peyda olub: "Bütün bunlar ölkə əhalisi üçün son dərəcədə vacibdir, amma müxalifət prosesi birbaşa şərh etmir, üstəlik, çətin vəziyyətə düşdüyü üçün parlamentin iclaslarında iştirakdan belə imtina edir. Bir tərəfdən adət-ənənələrlə mübarizə daxili dəstəyi itirmək deməkdir, digər tərəfdən, heç nə etməməklə amerikalı və avropalı həmkarlarını öz dəbdə olan yeni dəyərləri ilə qəzəbləndirə bilərlər. Müxalifət sadəcə olaraq fırtınanı sakit, təlaşsız, sükutla sakitləşdirmək qərarına gəlib. "Gürcü Arzusu" Qərb qüvvələrinin daha dost bir rejim əldə etmək üçün hakimiyyəti dəyişmək istəyini görürlər".
Politoloq əlavə edib ki, "Gürcü Arzusu" ölkənin ən güclü, nüfuzlu partiyasıdır, bu tepmlə davam etsə, nə müxalifət, nə də Qərb praktiki olaraq nəsə edə biləcək: "Onlar təkcə mitinqlərlə uzağa gedə bilməyəcəklər, cəmiyyətdə aqressiv ritorika, küçə döyüşləri və inqilaba xüsusi tələbat yoxdur. Təkcə gənclərin emosiyaları ilə nəinki hökumətin siyasətini dəyişdirə, hətta bir naziri belə vəzifədən uzaqlaşdıra bilməyəcəklər. İnsanlar qarşıdurma, sarsıntı istəmirlər və buna görə də "Gürcü Arzusu"nun lehinə səs verəcəklər".
Arçil Sixarulidze proqnoz edir ki, əgər müxalifət ən azı 35 faiz səs toplaya bilsə, o zaman onun hakim partiyanın seçkilərdə qələbəsini tanımaqdan imtina etməsi ssenarisi mümkündür: "Səbəblər müxtəlif ola bilər, məsələn, kütləvi saxtakarlıqlar elan edə bilər, sonra ölkədəki qərbyönlü ünsürlər Qərb ölkələrindən reaksiya gözləyəcəklər. Bu, irimiqyaslı etirazlara, ən əsası isə hakimiyyətə və müvafiq qurumlara qarşı zorakılığa yaşıl işıq yandırılıb-yandırılmayacağını müəyyən edir. Lakin Qərb çox güman ki, bu münaqişədə açıq şəkildə tərəf tutmayacaq, çünki zorakılıq istənilən halda iğtişaşlara səbəb olacaq".
Onun sözlərinə görə, statistik məlumatlar hakim partiyanın neytral seçicilər arasında da üstünlük təşkil etdiyini göstərir: "Hələlik Gürcüstan cəmiyyəti "Gürcü arzusu"na özünü alternativ kimi təqdim edən qərbyönümlü platformaya malik olanları dəstəkləməyə hazır deyil. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, "Gürcü arzusu" seçkilərdə növbəti qələbəyə yaxındır və bu cür davam etsə, belə də olacaq. Müxalifət bu illər ərzində dəqiq xətt qura, ideologiyasına real tələb yarada bilməyib. Onların koalisiya birliyi kövrəkdir və Qərbin dəstəyi kifayət deyil. Amma hər şey mümkündür və seçkinin nəticəsi fərqli olarsa, ölkə çox güman ki, fundamental böhrana düşəcək. Kim bilir, bəlkə də bu vəziyyətdə bəzi müxalifət düşüncəlilərdə "Gürcü Arzusu"nun hakimiyyətinin həsrətini çəkəcəklər".



