Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası 53 faiz səs alaraq 89 deputat mandatı qazanıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, parlamentdə digər partiyalar - “Dəyişiklik üçün Koalisiya” 18, “Birlik Milli Hərəkatı” 17, “Güclü Gürcüstan” 14, "Qaxariya Gürcüstan üçün" partiyası isə 12 deputatla təmsil olunacaq.
Məlum olduğu kimi, Gürcüstanda seçkilər ərəfəsində Qərb öz istədiyi siyasi qüvvənin qalib gəlməsi üçün prosesə hər cür müdaxilə etdi, seçki günü və ondan sonra qarşıqlıq yaratmaq üçün ssenarilər hazırladı, faktiki olaraq gürcü xalqının iradəsinə təsir etmək üçün şantaja belə əl atdı. Avropa İttifaqının (Aİ) viza ilə bağlı bəyanatı da buna hesablanmışdı. Belə ki, gürcü xalqı parlament seçkilərində müxalifətə səs verməyəcəyi təqdirdə, Aİ gürcü vətəndaşları üçün viza rejimi tətbiq edəcəyi ilə hədələdi. Eləcə də Gürcüstana göstərilən yardımların kəsilməsi ilə bağlı verilən qərar da əhalinin seçiminə təsir etmək məqsədi daşıyırdı. Qərb Gürcüstanda oyuncaq hakimiyyət yaratmaq, bununla Cənubi Qafqazda öz maraqlarını reallaşdırmaq, Gürcüstanı yenidən Rusiya ilə münaqişəyə cəlb edib, ikinci Ukraynaya çevirmək istəyirdi. Hazırkı hakimiyyətin milli maraqlara uyğun siyasət həyata keçirməsi, bir sıra qanunlar, o cümlədən, "xarici təsirlər", LGTB ilə bağlı qərarları Qərbin maraqlarına cavab vermədiyi üçün ölkəyə qarşı açıq "savaşa" başladı. Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırıldı, yardımlar kəsildi.
Amma gürcü xalqı Qərbin fitnələrinə uymayaraq sabit şəkildə seçkilərə gedərək özünün layiq bildiyi, qarşıdakı dönəmdə taleyini etibar etmək istədiyi siyasi qüvvəyə səs verdi. Çünki həmin gürcü xalqı Qərbin oyunlarının, boş vədlərinin nələrə səbəb olduğunu yaxşı bilir. Gürcüstanın ərazi bütövlüyü pozuldu, Qərb strukturlarına üzvlüklə bağlı verilmiş vədlər yerinə yetirilmədi.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də brifinqdə deyib ki, gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, o, sülhü seçdi və ölkənin inkişafını, parlaq Avropa gələcəyini seçdi. Hökumət rəhbəri bəyan edib ki, ən mühüm məqamda gürcü xalqı bizi dəstəklədi. Baş nazirin sözlərinə görə, hakim partiya 1,12 milyon səs toplayıb ki, bu da 2012-ci ildən bəri rekord göstəricidir: "İlkin məlumatların açıqlanmasından sonra müxalifət Mərkəzi Seçki Komissiyasının binası qarşısında toplaşmağa belə cəsarət etməyib, bu da “Gürcü Arzusu”nun inamlı qələbəsindən xəbər verir".
Göründüyü kimi, Qərb nə qədər çalışsa da, gürcü xalqının iradəsinə təsir göstərə bilmədi. Seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbə oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbrik məktubunda qeyd edilib ki, bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər: "İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm".
Əlbəttə ki, seçki prosesində azərbaycanlılar da həlledici rola malik oldular. Soydaşlarımız ənənəvi dəyərlərə sadiq olan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı hakim partiyaya səs verməklə çıxış etdilər.
Bununla Gürcüstandakı soydaşlarımız həm də Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəkləmiş oldular. Eyni zamanda, onlar Gürcüstanda hakim partiyanı dəstəkləyərək sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər.
Hazırda Gürcüstanda 300 min azərbaycanlı yaşayır. Soydaşlarımızın yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var, eyni zamanda, öz əhatəsi və təsir imkanlarına görə seçki prosesində və Gürcüstanın siyasi arenasında vacib və hətta həlledici potensiala malikdir. Bu mövqe həm də Azərbaycanın və Gürcüstanın Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi. Əgər seçkilərin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı olan prezidentlə birlikdə regionu parçalamaq, bölgədə ikinci cəbhə açmaq və Qərbin müstəmləkəsinə çevrilmək siyasəti olacaqdı. Bu gün Gürcüstan və Azərbaycan birliyi var və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edirlər və beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edirlər. Ümid edirik ki, Gürcüstan hakimiyyəti, hakim partiyası bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiqamətində real addımlar atacaqlar. Ermənistana gəlincə, yəqin sonda bu ölkədə də regiona mənsubluqlarını dərk edərək, ona uyğun davranacaqlar. Bu gün Cənubi Qafqazda nəhayət sülh və sabitliyin bərqərar olması üçün Ermənistan özünün pozucu mövqeyindən əl çəkməli, kənar qüvvələrin bölgədə maraqlarının reallaşdırılmasında vasitəçi olmaqdan əl çəkməli, regional əməkdaşlığı, inkişafı seçməlidir. Ortada Gürcüstan nümunəsi var. Həm vaxtilə Rusiya ilə müharibəyə cəlb edilib, ərazilərini itirən, şirin vədlərlə aldadılan, həm də illər sonra bunu anlayaraq iradəsini ortaya qoyub yeni yol ilə davam edən Gürcüstan. Ümid edək ki, İrəvanda da reallıqları nəhayət qəbul edib, bölgənin təhlükəsizliyi, inkişafı üçün addımlar atılacaq.
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, Gürcüstan xalqı seçimini etməklə Qərbə yox dedi. Eyni zamanda, xalq "Gürcü Arzusu" partiyasını dəstəkləməklə ölkənin yenidən bütövləşməsinə səs verdi, regionda ayırıcı xətlər çəkməyə çalışanlara imkan verilməyəcəyini göstərmiş oldu: "Bu seçkilər onu göstərdi ki, çoxsaylı müdaxilələrə və seçki prosesinə təsir göstərmək cəhdlərinə baxmayaraq, Qərb öz məqsədlərinə nail ola bilmədi. Qərb əsasən müstəqil siyasət yürüdən ölkələri öz iradəsinə tabe etdirməkdə maraqlıdır. Ona görə də onlar demokratik dəyərləri şüar edərək insanları yoldan çıxarmağa və dövlətlərin qazandıqları müstəqillikləri əllərindən almağa çalışırlar. Gürcüstan xalqı seçimini etməklə Qərbə yox dedi. Dost ölkənin deputatı olaraq gürcü xalqını doğru seçim etdiklərinə görə təbrik edirəm. Biz yaxın qonşular və dost ölkələr olaraq bir-birinin inkişafını, müstəqilliyinin əbədi olmasını, regionda sülh və əməkdaşlığın dərinləşməsini arzulayırıq".
A.Badamov bildirib ki, Prezident İlham Əliyevin “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbrik məktubu göndərməsi ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha da möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir: "Seçki prosesi başa çatandan dərhal sonra ancaq dost və daha yaxın ölkələrin rəhbərləri bir-birini təbrik edirlər. Bu baxımdan dövlət başçımızın təbriki Gürcüstanla qonşuluğumuza, dostumluğumuza, qardaşlığımıza və yaxın əməkdaşlıq etməyimizə verilən dəyərin ifadəsidir".
Onun sözlərinə görə, Gürcüstanda sabitliyin, inkişafın, ənənəvi dəyərlərin qorunub saxlanılması və regionun kənar güclərin təsiri altına salınmaması ölkələrimiz arası münasibətlərin daha da inkişaf etməsi və Cənubi Qafqazda əməkdaşlığın və sabitliyin möhkəmlənməsi üçün vacibdir: "Dövlət başçısı təbrik məktubunda ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə böyük dəyər verərək Baş naziri onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət etdi. Təbii ki, bu, bir daha Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsinin göstəricisidir.
Seçkilərdə Gürcüstan vətəndaşı olan azərbaycanlılar xüsusi fəallıq göstərmiş və "Gürcü Arzusu" partiyasını yüksək səs çoxluğu ilə dəstəkləməklə Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxış etmiş oldu.
Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan və Gürcüstanın eyni mövqedən çıxış etdiyini, Qərb qüvvələrinin regiona gəlməsinə və onların müstəmləkəçilik siyasətinin reallaşmasına qarşı olduqlarını ifadə etdilər. Gürcüstan hökumətinin azərbaycanlıların dövlətə sədaqətini yüksək dəyərləndirəcəyinə və onları narahat edən məsələlərin həll olunmasına diqqətini artıracağını hesab edirəm.
Regionumuzun digər ölkəsi olan Ermənistan da Azərbaycanla Gürcüstanın olduğu kimi Qərbin Cənubi Qafqazda yerləşməsinə imkan verməzsə, regionumuz sülh və əməkdaşlıq məkanına çevriləcək".