|
|
|
|
Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır. Ölkəmiz bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir, Türk Dövlətləri Təşkilatında (TDT) əməkdaşlığın daha da inkişafına, həmrəyliyin güclənməsinə daim olaraq öz töhfələrini verir. Azərbaycan Prezidentinin TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər kəsə yaxşı məlumdur.
TDT-yə üzv dövlətlər Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. Qeyd edək ki, TDT türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə yaradılıb. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” adlanan təşkilat 2021-ci ildə bəri “Türk Dövlətləri Təşkilatı” kimi fəaliyyətini davam etdirir. Azərbaycan təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var. Bunlar Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas vəsilələrindən biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur yaradıb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirildi.
Təşkilata üzv ölkələrin liderləri yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirdilər, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi apardılar.
Prezident İlham Əliyev 11-ci Zirvə görüşündə çıxışı zamanı bildirib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Dövlət başçısı deyib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
O da vurğulanıb ki, son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.
Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənubi Qafqazda yaranan sabitliyin pozulmaması üçün Ermənistanla Azərbaycan arasında sülh razılaşması istiqamətində danışıqların davam etdirilməsinin vacibliyinə toxunub: “Hörmətli qardaşlarım, Cənubi Qafqazda mövcud olmuş 30 illik münaqişə və qeyri-sabitlikdən sonra sülh və əmin-amanlığa gedən yolun qapıları açılmışdır. Can Azərbaycanın Vətən müharibəsində döyüş meydanında şəhidlər verərək əldə etdiyi tarixi uğurların ən yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə masada da əksini tapmasını ümid və arzu edirik”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxışında Bakıda keçiriləcək COP29-la bağlı təbriklərini çatdıraraq deyib: “Gələn həftə Bakıda COP29 konfransının başlanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi bir daha səmimi-qəlbdən təbrik edir, ona böyük uğurlar arzulayıram”.
Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər ki, bu da dostluğun, qardaşlığın daha bir nümunəsidir. Prezident İlham Əliyev sammitdə çıxışında bu məqama da toxunaraq, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, 15 il öncə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin iştirakı ilə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı kimi regional gücə çevrilməkdədir. Türk dövlətləri arasında strateji münasibətlər son illər daha dərinləşməkdədir: “Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur.
2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub. Qlobal çağrışlar fonunda Türk dövlətlərinin inteqrasiyası və daha da güclənməsi müşahidə olunur. 1.4 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir”.
Deputat Tahir Rzayev isə bildirib ki, Türk Dövlətləri Təşkilatının yaradılmasında və təşkilatlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir. Bu fəaliyyət bu gün də uğurla davam etdirilir. Deputat əlavə edib ki, Prezident İlham Əliyevə türkdilli xalqlar böyük hörmət və ehtiramla yanaşırlar. Səfər zamanı Prezidentin “Çingiz Aytmatov” ordeni ilə təltif olunması bunun əyani nümunəsidir və qırğız xalqının ölkəmizin rəhbərinə sonsuz məhəbbətindən qaynaqlanır: “Dövlət başçısının Çingiz Aytmatovun ocağına dəvət olunması və ordenin həmin məkanda təqdim edilməsi rəmzi məna daşıyır və qardaşlığın, dostluğun sarsılmaz olduğunu göstərir. Bu həm də Azərbaycanın böyük yazıçıya göstərdiyi qayğıdan irəli gəlir. Belə ki, cənab İlham Əliyevin bildirdiyi kimi, Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə hörmətlə yanaşırdılar. Bu hörmət və ehtiramın nəticəsidir ki, Azərbaycanın ilk “Dostluq” ordeni məhz Çingiz Aytmatova təqdim edilib, Bakıda dünya şöhrətli yazıçının abidəsi ucaldılıb.
Azərbaycan-Qırğız dövlətlərinin birliyi, əməkdaşlığı, qarşılıqlı sağlam münasibətləri sözsüz ki, ölkələrin inkişafına, xalqların xoşbəxtliyinə, əlbəttə Türk dünyasının möhkəmlənməsinə, milli maraqların və təhlükəsizliyin təmin edilməsinə hesablanıbdır”.