|
|
|
|
Müsahibimiz - AMEA-nın Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-minerologiya elmləri doktoru Məcid Bağmanov 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji kəşfiyyat fakültəsini bitirib. Sonra göndərişlə bir il dənizdə işlədikdən sonra Neftçalaya göndərilib. Hər iki yerdə baş geoloq kimi çalışıb. Daha sonra Bakıya gələrək aspiranturaya qəbul olub, Dağlıq Talışın Paleogen çöküntülərinin stratiqrafiyası ilə bağlı mövzu üzərində 3 il tədqiqat aparıb, elmi işini müdafiə edib:
- Elmi iş çox tezliklə təsdiqləndi,həm Bakıda, həm də Moskva Attestasiya Komissiyasında bəyənildi. Mənə qədər həmin ərazidə 5 növ məlum idi, mən isə ordan kitab formasında çap edərək 75 növ aşkara çıxarmışam. Bu, sensasiya idi. Talışın Paleogen çöküntülərində Eosen epoxası zamanı, təxminən 38 milyon il əvvələ aid 3-4 santimetr uzunluğunda köpək balığı dişləri tapmışdım. Hazırda Tarix Muzeyində eksponat kimi saxlanılır. Bundan başqa vaxtilə Naxçıvan dənizinin indiki Aralıq dənizi ilə bir olduğunu və burada Aralıq dənizi faunasının inkişaf etdiyini sübut etmişəm. Bizim qarşımızda 100 ildən çoxdur, bir problem durur. Orta Erosen deyilən bir yarım şöbə var. 100 ildir deyilir ki, bu, bir mərtəbədən ibarətdir. 1969-cu ildə Naxçıvanda apardığım tədqiqatlarla ilk dəfə orta eroseni iki mərtəbəyə böldüm və onu paradaş mərtəbəsi adlandırdım. Bu dünyəvi problemin həllini həmin ildə yazdığım bir məqalədə işıqlandırmışam. 13 il sonra, 1982-ci ildən etibarən isə bütün dünyada orta eosen iki mərtəbəyə bölündü. Bunlardan əlavə, mənim 1969-cu ildə Qərb ölkələri üçün etdiyim düzəlişləri son 30 ildə özləri təsdiqlədi. 1955-ci ildə Bakıda keçirilən konfransa V.Menner, R.Yansin kimi görkəmli alimlər gəlmişdi. Mənim də iştirakımla SSRİ-nin cənub ərazilərini birlikdə gəzdik və qərara alındı ki, etalon kimi Krım kəsilişləri götürülsün. Yüksək ixtisasçılar bu ərazinin bütün fauna komplekslərini təkrar öyrəndilər və 1962-ci ildə Krım şkalası işıq üzü gördü. Lakin mənim 1969-cu ildəki materialımla sübut olundu ki, bu şkala düzgün tərtib olunmayıb. Bu səbəbdən bir kitab hazırladım. Burada bütün dünyanın şkalasını və Azərbaycanın geologiyasını təqdim etdim. Kitabın redaktoru isə akademik V.Menner oldu. O, mənə bəzi məsləhətlərini verdi və mən 2 il bu kitab üzərində yenidən işlədim. 2 il sonra onun yanına bir daha gedəndə bildirdim ki, kitabı ikili imza ilə çap etdirmək istəyirəm. Lakin o, kitaba yalnız redaktorluq etməyə razılıq verdi və 1980-ci ildə mənim bu monoqrafiyam nəşr edildi. Beləliklə, V.Menner mənim kitabımı oxuyarkən Krım şkalasının düzgün tərtib edilməyini gördü və SSRİ-nin hazırladığı bu şkala ləğv olundu. Onu da qeyd etmək istəyirəm ki, bütün dünyada istifadə olunan şkalanı hazırlamışam, lakin ölkəmizdə bu kəşflərin mənə məxsus olduğu ilə bağlı məlumat yoxdur. 85 yaşım olmasına baxmayaraq hələ bir dəfə də olsun yubileyim keçirilməyib.
- Bu mövzuda sizi hansı məsələlər narahat edir?
- Bir daha qeyd etmək istəyirəm ki, Naxçıvar MR-in eosen faunası dünyada yeganədir. Bu fauna hətta keçmiş SSRİ-nin belə heç bir bölgəsində yoxdur. Şimal, cənub və ekvator boyu ölkələrin, həmçinin okeanların fauna qruplarının növ və cins tərkibi uzlaşmır. Naxçıvan faunası bütün qitələrin bir-biri ilə müqayisəsini təmin edir. Mənim kəşflərimin hamısı bu fauna əsasında yaranıb. Naxçıvan kəsilişini 3 ölkənin mütəxəssisləri öyrənib və mənim ən yüksək qiymətlərimi təsdiq ediblər. Təəssüf ki, adını çəkmək istəmədiyim bir nəfərin vasitəçiliyi ilə kəşf etdiyim paradaş mərtəbəmi heçə endirməyə çalışıblar və xəbərim olmadan bir məqaləmə rəy yazıb, çap etdiriblər.
- Hazırda Azərbaycanda aparılan geoloji tədqiqatlara münasibətiniz necədir?
- Hazırda SSRİ zamanı aparılan tədqiqatların heç 5 faizi aparılmır. SSRİ dağıldıqdan sonra bu işlərə yatırılan maliyyə vəsaiti kəsilib. Ekspedisiyaya getmək üçün mütləq maliyyə ayrılmalıdır. Faktiki olaraq nəzəri məsələlərlə məşğul olur, məqalə, kitab nəşr etdiririk.
Azərbaycan təbii sərvətlər ölkəsidir desək, yanılmarıq. Gəlin özümüzə sual verək, nə yoxdur bizdə? Nə olduğunu sadalasaq bitməz. Yalnız bunu düşünmək kifayətdir ki, kiçik bir ölkə bütün dünyanı qazla təmin edir. Nefti isə ən keyfiyyətli marka kimi xeyli miqdarda satılır. Hazırda dünyaya ixrac etdiyimiz neft Xəzər dənizi, Abşeron yarımadası və Neftçala ərazilərindən çıxarılandır. Bu məhsuldar neftdən digər ərazilərdə yoxdur. Lakin Kür çökəkliyi boyu, Kiçik Qafqaz və Böyük Qafqazın Quba-Qusar rayonlarında zəngin lütes neft yataqları var. Bu ərazilərdə uzun illər neft yataqları 6 mərtəbəni əhatə edən çöküntülərdə axtarılıb. Bu səbəbdən lazım olmayan çoxsaylı quyular qazılıb, yaxud neftli horizonta çatmamış qazma işləri dayandırılıb. Naxçıvan MR-də isə neft olmadığına görə axtarış və kəşfiyyat işləri dayandırılsa da, mən iddia edirəm ki, orada lütes neft yataqları var. Burada axtarış işləri neftli laylar olmayan yerlərdə aparılıb. Mənim doktorluq dissertasiyam məhz Naxçıvanla bağlıdır.
- Geologiya elminə yeni qədəm qoymuş gənc geoloqlara bir mütəxəssis kimi hansı məsləhətləri verərdiniz?
- Bir qədər özümün bu elmə marağımın necə yaranması barədə danışmaq istərdim. Mən onuncu sinifdə oxuyanda fakültəmizin dekanı doğulduğum Ağstafa rayonunun dəmiryolu məktəbinə gəlmişdi. O bizə geologiya elmi barədə maraqlı məlumatlar verməklə bu elmi təbliğ etdi. Məhz onun yaratdığı maraq sayəsində bizim məktəbdən üç nəfər geologiya elminə üz tutdu.
Bu gün gənclərin geologiya elminə marağı çox azalıb. Çünki təbliğat aparılmır. Heç kim bu elmlə məşğul olmaqda maraqlı deyil. Mən bir məsələni qeyd etmək istəyirəm ki, aspirantlar üçün bir neçə faktor nəzərə alınarsa, ölkəmizdə bu elm xeyli inkişaf edər. Maddi baxımdan vəziyyət yaxşılaşdırılsa, təbliğat işləri aparılsa və elmi rəhbər düzgün seçilsə böyük nəticələr əldə etmək olar. Əks təqdirdə bu sahənin gələcəyi şübhə altında qalır. Düzü, mən bizdə geologiya elminin gələcəyindən bədbinəm. Dünyada qəbul olunub ki, elmə ən güclü alimlər rəhbərlik etməlidir. Bu qayda pozulanda qeyri-peşəkarlar rəhbərliyə keçir. Buna yol vermək olmaz.
Nigar SƏMƏDLİ