– Azərbaycanda ən oxunaqlı qəzetlərdən birinin baş redaktoru Rəşad Məcid.
Ən çox sevdiyiniz ədəbi cərəyan?
– Bədii əsərlərə hansı cərəyana aid olmalarına görə qiymət vermirəm. İstənilən ədəbi cərəyana aid əsər məni təsirləndirə, düşündürə bilər. Amma hər halda məncə xasiyyətimə, dünyaya baxışlarıma ən uyğun gələni realizm ədəbi cərəyanıdı. Hərçənd son illərdə postmodern əsərləri də oxuyub təsirləndiyim az olmayıb.
Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kimdir?
– Nəşriyyatların arabir saytlarda yaydıqları məlumatlara, yəni ən çox satılan əsərlərin siyahısına görə detektiv ədəbiyyatı daha çox oxunur.
Gənc yazarlardan ən çox kimləri oxuyursunuz?
– Yazıçılar Birliyində tutduğum vəzifəyə görə bunu deyə bilmərəm.
Ədəbiyyatımızda ən aparıcı qüvvə fikrinizcə kimlər olmalıdır- (gənc, orta, yoxsa yaşlı nəsil)?
– Bu suala birmənalı cavab vermək olmaz. Ədəbi prosesdə hər nəsildən istedadlı adamlar aparıcı ola bilərlər.
Ən çox bəyəndiyiniz əsəriniz?
– Əsərlərimi ən bəyəndiyim və bəyənmədiyim “növlərə” ayırmıram. Onlar haqda oxucular, tənqidçilər fikir söyləməlidirlər. Bir də əsərlərin də taleyi var və o taleyi müəllif “yazmır”. Məsələn, “10 sentyabr” hekayəm çox uğurlu olub, bir neçə xarici dilə tərcümə edilib, ölkədən kənarda yayımlanıb. Amma yazanda bunu düşünməmişdim, gözləmirdim.
Ən az bəyəndiyiniz əsəriniz (hansı əsərinizi yenidən işləmək istərdiniz)?
– Bu suala yuxarıda cavab verdim artıq. Yenidən işləməyə gəldikdə isə, heç birini. Çünki yazdıqlarıma yaradıcılığımın yox, həyatımın bir parçası kimi baxıram. Keçmişimizi, yaşananları dəyişə bilmədiyimiz kimi, yazdıqlarımızı da yenidən işləyə, dəyişə bilmərik. Bir sözlə – yazıya pozu yoxdur.
Ən çox xoşladığınız peşə?
– Filoloq. Məktəbi bitirəndən sonra Filalogiya fakültəsində oxumaq istəyirdim, amma tale elə gətirdi ki, Jurnalistikaya qəbul oldum.
Ən çox bəyəndiyiniz insani özəllik?
– İnsanlarda ən çox vəfa, etibarı dəyərləndirirəm. Kiminsə vəfasını (təkcə mənə yox əlbəttə!) görəndə təsirlənirəm, hətta kövrəlirəm. İllər öncə Türkiyədə Almaz İldrım yubileyində “vəfa borcu” ifadəsini də eşitdim və bu haqda çox düşündüm. Təəssüf ki, zamanla bu məsələlər və sözlər arxaikləşir.
Ən çox bəyənmədiyiniz insani özəllik?
– Yalan və etibarsızlıq.
Ən çox sevdiyiniz yazıçı və ya şair?
– Demək çətindi. Müxtəlif yaşlarda fərqli yazıçı, şairlər olub. Məsələn, bir vaxt, gənclik illərimdə Məmməd Arazdan saatlarla şeir deyirdim. Onun “Dünya sənin, dünya mənim” kitabından istənilən misranı deyirdilər, ardını gətirirdim. Sonralar Ramiz Rövşənə eyni heyranlığım, əsərlərinə sevgim yarandı.
Ən çox hansı sosial şəbəkədən istifadə edirsiniz?
– Feysbukun ən qədim, yəni ilk istifadəçilərindənəm…
Ən çox sevdiyiniz geyim brendi?
– Özümə uyğun, yaraşan geyimləri seçirəm. Brendlərə elə önəm vermirəm.
Ən çox sevdiyiniz telefon markası?
– Blakberi. Bir neçə ildir bu telefondan istifadə edirəm.
Ən çox sevdininiz maşın markası?
– Ruslarda bəyəndiyim bir məsəl var. Deyirlər – ən yaxşı maşın mənim maşınımdır.
Ən yaxşı dostunuz kimdir?
– Yaxşı dostlarım çoxdur. Və xasiyyətimə xas bir məqam da odur ki, dostlarımı itirmirəm. Az qala doğulandan dostlaşdığım adamla da münasibətimiz davam edir. Bakıda riyaziyyat təmayüllü məktəbdə birgə oxuduğum bir neçə dostumla indi də bir yerdəyik. Necə deyərlər – şad günlərdə də, çətin anlarda da…
Ən sevimli idman növünüz?
-Özüm idmanla məşğul olmuram. Amma futbol izləməyi və hesab yazmağı sevirəm. Bir çox proqnozlarım düz çıxır.
Ən çox hansı vacibdir? İş, sevgi yoxsa istirahət?
– Üçünün bir yerdə olması
Ən çox sevdiyiniz rəqəm və nə üçün?
– Yəqin ki, 21 rəqəmi. Dünyaya 21-i göz açdığım üçün…
Ən çox sevdiyiniz rəssam?
– Səttar Bəhlulzadə.
Ən çox sevdiyiniz kinofilm?
– Çelentanonun “Höcətin yola gətirilməsi” filmini çox sevirəm. Hər dəfə maraqla baxıram, pozitiv enerji alıram o filmdən.
Ən çox sevdiyiniz telekanal?
– Son vaxtlarda Aztv-yə və Mədəniyyət kanalına üstünlük verirəm. Aztv-nin səhər proqramlarına məmnuniyyətlə baxıram.
Ən çox sevdiyiniz mahnı?
– Sezen Aksunun mahnılarını sevirəm.
Ən çox sevdiyiniz ədəbi janr?
– Janrın fərqi yoxdur. Hər janrda gözəl, təsirli əsərlər yazmaq olar.
Ən çox sevdiyiniz azərbaycanlı aktyor?
– Səməndər Rzayev.
Ən çox sevdiyiniz teatr tamaşası?
– Ara-sıra teatra gedirəm və son illərdə də bəyəndiyim tamaşalar olub. Ancaq mənə ən təsir edəni bir neçə il öncə Dram teatrında Bəhram Osmanovun quruluş verdiyi, türk dramaturq Tuncer Cücenoğlunun “Çiğ” (“Uçqun”) əsəri olub.
Müasir qızlar və oğlanlarda ən xoşlamadığınız keyfiyyət?
– Tez arxayınlaşma. İddiaları ilə imkanlarının tərs mütənasibliyi…
Ən çox xoşladığınız şeir parçası?
– Birini demək çətindi…
Ən çox xoşladığınız atalar sözü?
– Nitşeni “ata” hesab eləmək olarsa – “Sevgi yaşamağın yeganə və sonuncu şansıdır”.
Ən çox həyatda nə ilə qarşılaşmısınız –məhəbbətlə, yoxsa nifrətlə?
– Yəqin ki məhəbbətlə. Çünki nifrət edənləri görmürəm.
“ƏN” olmaq üçün nə etmək lazımdır?
– Özün olmaq lazımdı. Oynamaqla mümkün deyil bu. Onsuz da hər kəs özlüyündə ƏN-dir, yəni fərqlidir.
Sizin üçün “ƏN” rubrikasında ən maraqlı sual hansı oldu?