https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

2015-ci il Azərbaycan idmanında

2015-ci il Azərbaycan idmanında

2015-ci il Azərbaycan idmanının ən parlaq səhifələrindən biri olaraq tarixə qovuşur.

Xeyli sayda uğurlarla yadda qalan ilin əsas hadisəsi isə şübhəsiz ki, Avropa Oyunları idi. Tarixdə ilk dəfə təşkil olunan, 50 ölkədən 6000-dən çox idmançının iştirak etdiyi turnir ölkəmizin bütün sahələrdəki potensialını bir daha ortaya qoydu. "Bakı 2015" möhtəşəm Açılış və Bağlanış mərasimləri, yüksək təşkilatçılıqla yay olimpiya oyunları səviyyəsində baş tutdu. 20 növ üzrə mübarizə aparan 291 təmsilçimiz toplam 56 medalla yadda qaldı ki, bunlardan 21-i qızıl əyarlı oldu. Elə bu sayda üçüncülük qazanan atletlərimiz 14 dəfə də fəxri kürsünün ikinci pilləsində qərarlaşdı. Bu nəticələrlə sonda yalnız Rusiya yığmasından geri qalmaqla komanda hesabında ikinci yeri tutduq.

Medalların istər kəmiyyətinə, istər keyfiyyətinə, istərsə də ümumi nəticəyə nəzər salsaq, əminliklə deyə bilərik ki, bu, gözləniləndən qat-qat artıq idi. Hər bir azərbaycanlının xatirəsinə xüsusi həkk olunan turnir uzun illər unudulmayacaq idman bayramına çevrildi.

Əvvəlcədən gözlənildiyi kimi, yarışda bir neçə növ bizim üçün ön plana keçdi. Turnirin ilk günlərindən mübarizəyə start verən güləş və karate yığmalarımızın üst-üstə qazandığı 10 qızıl medala növbəti günlərdə taekvondoçularımız 3, boksçularımız isə 6 baş mükafatla "cavab verdi". Digər iki qızıl isə paracüdoçu İlham Zəkiyev və idman gimnastı Oleq Stepkodan gəldi.

Adını çəkdiyimiz bu iki şəxs xüsusilə ön plana keçdi. Belə ki, Açılış mərasimində məşəli stadiona gətirən əfsanəvi Zəkiyev sonradan turnirin əsas qəhrəmanı seçildi, ukraynalı atlet isə toplam 5 medal qazanmaqla ən məhsuldar təmsilçimiz oldu.

Qeyri-olimpiya növlərindən samboda göstərdiyimiz nəticələr də təqdir hesab edilməlidir. Qızıl medal qazanılmasa da, "gümüş"lərin az qala 1/3-i (4 ədədi) onların aktivinə yazıldı.

Bundan başqa, ölkəmizdə ilin əvvəlindən başlayaraq müxtəlif növlər üzrə nüfuzlu beynəlxalq turnirlər təşkil olundu. Onlardan xüsusən cüdo üzrə ənənəvi "Böyük Dəbilqə", şahmat üzrə "Dünya Kuboku" yarışlarını qeyd etmək lazımdır.

Azərbaycan idmançıları il ərzində beynəlxalq yarışlarda 321-i qızıl, 222-si gümüş, 280-i bürünc olmaqla 823 medal qazandılar. Bunlardan 297-si olimpiya növlərinin payına düşdü.

Hər iki göstərici ötən ilə nisbətən yüksəkdir. Belə ki, 2014-cü ildə 278-i olimpiya növlərindən olmaqla 805 medal əldə edilmişdi.

İlə ümumi nəzər saldıqda da güləş, boks, taekvondo, ağır atletika və karatedə qazanılan uğurlar xüsusi diqqət çəkir. Pəhləvanlarımız Avropa Oyunlarında qazandıqları 16 medaldan əlavə, ABŞ-da keçirilən dünya çempionatında da yüksək nəticələrlə yadda qaldı. Olimpiya oyunlarına lisenziya xarakterli mundialda yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medal və 18 mümkün vəsiqədən 11-ni əldə etdi.
Həmçinin komanda yarışları səviyyəsində də xüsusi vurğulanmalı uğurlarımız oldu. Yunan-Roma güləşi yığmamız Tehranda təşkil olunan Dünya Kubokunda tarixi nailliyyətə imza atmaqla ilk dəfə turnirin baş mükafatını başı üzərinə qaldırdı. Sərbəst güləşçilərimiz isə Nyu-York-da analoji turnirin bürünc mükafatını qazandı.

Güləşçilərimizdən əsasən Rəsul Çunayev, Hacı Əliyev, Xetaq Qazyumov, Mariya Stadnik, Toğrul Əsgərov və Rövşən Bayramov diqqət mərkəzinə düşdü. Dünya Kuboku, Avropa Oyunları və mundialı qalibiyyətlə başa vuran Çunayev qızıl "het-trik" etdi, Əliyev ardıcıl ikinci dəfə dünya çempionu olmaqla sərbəst növdə ölkə rekordu müəyyənləşdirdi. Qazyumov və Stadnik Bakı turnirində qızıl, dünya çempionatında isə müvafiq olaraq bürünc və gümüş medal və üçüncü dəfə olimpiadaya vəsiqə qazanmaqla ölkə idmanının ən uğurlu legionerlərindən olduqlarını sübut etdilər. Toğrulla Bayramov üç illik fasilədən sonra iştirak etdikləri ilk ciddi yarışda uğurlu nəticə göstərdilər. Toğrul paytaxtımızda qazandığı qızıl medalın ardından Las Veqasda beşinci olmaqla ikinci dəfə olimpiadada iştirak etmək hüququ əldə etdi. Bayramov isə dördüncü dəfə dünya çempionatında fəxri kürsüdə qərarlaşdı. İkinci dəfə gümüş medalı boynundan asan ünlü pəhləvanımız həmçinin olimpiadaya lisenziya məsələsini həll etdi.

Avropa Oyunlarını 11 medalla başa vuran boksçularımız oktyabrda Qətərdə keçirilən dünya çempionatında da uğurlu çıxış sərgilədi. Dəri əlcək ustalarımız məhdud lisenziyalı mundialda 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazandı, Rio-ya 3 vəsiqə əldə etdi. Komanda hesabında ardıcıl üçüncü dəfə ilk üçlükdə qərarlaşan Pedro Rokun yetirmələri ilə damğasını vurdular.

Boksçularımızdan ilk olaraq Elvin Məmişzadəni, daha sonra isə Albert Səlimovla Pərviz Bağırovu qeyd etmək lazımdır. Sumqayıt boks məktəbinin yetirməsi olan 24 yaşlı Məmişzadə il ərzində baş tutan hər iki mötəbər turnirin baş mükafatına sahib çıxdı. Karyerasında ilk dəfə olimpiadaya lisenziya qazanan Elvinin Rio-da da ən azından mükafatçılar sırasında qərar tutacağı gözlənilir. Onun hər iki turnirdə rəqiblərindən bir baş üstün olması çempionluq şanslarının xeyli yüksək olduğunu deməyə əsas verir.

Lisenziya məsələsini hələ ilin əvvəlində WSB Liqasındakı uğurlu çıxış sayəsində həll edən Albert Səlimov Avropa Oyunlarının qızıl dünya çempionatının isə gümüş medalını boynundan asdı. 29 yaşlı təcrübəli boksçumuz qızıl medalı zədə səbəbindən əldən verdi.

Boks üzrə ilk olimpiya mükafatçımız olan Vüqar Ələkbərovun yetirməsi Pərviz Bağırov da diqqət mərkəzinə düşdü. Gənc boksçu yayda heç kimin gözləmədiyi halda birinci, Qətərdə isə üçüncü oldu. İkinci nəticə ilə Rio-ya lisenziya qazanan Pərvizi ilin əsas sürprizi də adlandırmaq olar.

Nəzər saldığımız iki idman növündən fərqli olaraq mundial sınağını ilin əvvəlində verən dayanq ustaları Çelyabinskdə bir qızıl medalla yadda qaldı. Bu uğuru aktivinə yazan Radik İsayev həmçinin Avropa Oyunlarının da qalibi oldu. Bundan başqa bir neçə gün əvvəl olimpiya lisenziyasını həll edən Dağıstan əsilli taekvondoçunu ilin ən yaxşı üç idmançısından biri kimi də qələmə vermək olar.

Ağırlıqqaldıranlarımız üçün də il kifayət qədər uğurlu alındı. İki illik fasilədən sonra optimal heyətlə qatıldığımız hər iki mötəbər turnirdə - Avropa və dünya çempionatlarında - göstərilən nəticələr təqdir hesab edilməlidir. Tiflisdə təşkil olunan qitə mücadiləsində fərqlənən Boyanka Kostova ilə Valentin Xristov ötən ay dünya çempionatında da fəxri kürsüdə qərarlaşdılar.
 
Fərdi göstəricilərlə öz çəkisində bir neçə rekord müəyyənləşdirən Boyankanın əsas nəticəsi ölkəmizə bu növdə qadınlar arasında ilk mundial qızılı bəxş etməsidir. O, həmçinin ümumilikdə Nizami Paşayevin 2005-ci il Quançjou nəticəsindən sonra yaranmış on illik həsrətə son qoydu. Boyankanı bu nəticələrlə 2015-cı il üçün ölkənin bir nömrəli qadın atleti də hesab etmək olar.

Göstərdiyi çıxışla 4 olimpiya vəsiqəsi qazanan ağırlıqqaldıranlarımızın növbəti yarışlarda bunun sayını artıracağı istisna deyil.

Yuxarıda vurğuladığımız nəticə ilə Avropa Oyunlarında yığmamımızın uğuruna böyük töhfə verən karateçilərimiz bundan əvvəl, daha dəqiq, martda Türkiyədə keçirilən qitə çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medalla komanda hesabında altıncı yeri tutmuşdular.
Hər iki mötəbər turnirin qalibi olan dünya şöhrətli Rafael Ağayevi də ilin ən yaxşı idmançılarından biri kimi təqdim etmək yerinə düşər.

İlin əsas mötəbər yarışlarında ənənəvi idman növlərindən hesab olunan cüdoda göstərdiyimiz nəticələr təəssüf doğurdu. Yalnız beynəlxalq turnirlərdə qazanılan nəticələrlə təsəlli tapdığımız bu növdə ilin sonu federasiya rəhbərliyi səviyyəsində edilən dəyişikliklər qısa müddət keçməsinə baxmayaraq özünü müəyyən qədər doğrultmaqdadır.

4 olimpiya vəsiqəsini demək olar həll edən tatami ustalarımızın daha qayğıkeş rəhbərliklə gələcək yarışlarda bunun sayını artıracağı gözlənilir.

İlin əsas idman hadisələrindən biri isə sözsüz ki, iki futbol klubumuzun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması oldu. Bundan başqa, uğurda daha iki diqqət çəkən məqam vardı ki, bunlar da xüsusi qeyd olunmalıdır. Belə ki, "Qarabağ" ardıcıl olaraq ikinci dəfə bu mərhələyə yüksəlməklə, mübarizəyə ilk təsnifat mərhələsindən start verən Qəbələnin eyniadlı klubu isə dörd mərhələ keçməklə ölkə rekordu müəyyənləşdirdi.

"Ölüm qrupu"nda mübarizə aparmasına rəğmən, ötən il olduğu kimi, qrupdan çıxmaq şansını son mərhələyədək saxlayan Qurbanovun komandası ən xoş sözlərə layiqdir.

Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin rəhbərliyi ilə çıxış etdiyi ilk ilkdə yığma komandamız elə də ciddi nəticə ilə yadda qalmasa da, oyun üslubunda nəzərə çarpan müsbət dəyişikliyi qiymətləndirmək lazımdır. Nisbətən baxımlı oyun göstərən millimizin növbəti tsikldə uğurlu çıxış sərgiləyəcəyinə ümid böyükdür.

İl həmçinin üzücü məqamlarla da yaddaşımıza qovuşdu. Komanda növlərində brendlərimiz olan "Qala" basketbol klubu və səkkizqat ölkə çempionu, Çempionlar Liqasının finalında oynamış "Rabitə" voleybol klubu dağıldı. Məşhur futbolçu Cavid Hüseynovun ətrafında baş verən qalmaqal hər kəsi sarsıtdı. Ağır atletimiz Nicat Rəhimov Qazaxıstan adına dünya çempionu olmaqla, ölkə tarixində "ilk" müəyyənləşdirdi.

Digər təəssüfverici hal isə komanda növlərində ciddi nailiyyət qazanılmamasıdır. Yalnız voleybolçu qızlarımız Avropa Oyunlarında medalın bir addımlığınadək gəlməklə digərlərindən fərqləndi.

İl ərzində olimpiya oyunlarına 29 rəsmi lisenziya qazanıldı ki, bu da ötən dörddiliklərin analoji dövrünə nisbətdə yüksək nəticədir.

Paralimpiyaçılarımız da ilə öz töhfəsini verdilər. Yuxarıda bəhs etdiyim İlham Zəkiyevdən savayı onun komanda yoldaşı olan Zakir Mislimov, o cümlədən Səbinə Abdullayeva da "Bakı 2015"-də çıxış edərək yığmamızın aktivinə medal yazdırdılar. Paracüdoçularımız həmçinin ötən ay Portuqaliyanın Odivelaş şəhərində keçirilən Avropa çempionatında da istər fərdi, istərsə də komanda yarışında birinci oldular. Bundan başqa, taekvondo, yüngül atletika və digər növlərdə də dünya və Avropa çempionatlarında təmsil olunan idmançılarımız vətənimizin idman şərəfini layiqincə qorudular.

Beləliklə, artıq 2016-cı ili qarşılamaq üzrəyik. Dördilliyin zirvə yarışının təsadüf edəcəyi bu ildə idmançılarımıza uğurlar arzu edir, bizləri yeni nailiyyətlərlə sevindirəcəklərinə böyük ümid bəsləyirik.

Sahib ƏSƏDBƏYLİ
Adalet.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.