Yoxdur sıramızda həkim Rəisə -
Ömür-gün sirdaşı Əlixeybərin.
Çəkdiyi əzablar dağ çəkdi bizə,
Sonu ayrılıqmış bütün səylərin...
Qarışdı torpağa... böyük dayımın
Birinci, ən gözəl nəvəsi idi;
Yükü çox ağırdır kədər payımın,
Son haray elə bil qu səsi idi.
Qədim məhəlləmiz "Köhnə bərə"nin,
Şöhrət kitabında - yüz alim, düha...
Heyf xəstələrə şəfa verənin,
Dadına yetmədi nə həb, nə dua.
Durdu keşiyində Ofelya bacı,
Ələddin qardaşın çallandı saçı;
Gəldi mərasimə min gözü yaşlı,
Sarvan, Qızılağac, Kükqaraqaşlı...
Toyunu gördüyüm ailənin də
Vətənə töhfəsi - üç qız, üç oğul!
Tez-tez eşitmişik - dostlar da, mən də:
"Mirzağa, afərin!", "Nəsibə, sağ ol!".
Xeyli istəyimiz-muradımız var,
Vaxt sanki tələsib vurur möhürü;
Ulu təbiətə iradımız var:
Niyə ədalətsiz paylayır ömrü?
Yoxdur sıramızda həkim Rəisə -
Ömür-gün sirdaşı Əlixeybərin.
Çəkdiyi əzablar dağ çəkdi bizə,
Sonu ayrılıqmış bütün səylərin...