BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot (Robert Watt) Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Safety and Operational risks” (Təhlükəsizlik və əməliyyat riskləri) mövzusunda təqdimatla çıxış edib.
Məktəbdən 525.az-a verilən məlumata görə, təqdimatdan öncə söz alan rektor Elmar Qasımov BANM-in beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrindən söz açaraq Ali Məktəbin BP şirkəti ilə əməkdaşlığından danışıb.
Bildirib ki, tələbələr BP-də mütəmadi olaraq təcrübə keçirlər və gələcəkdə öz karyeralarını digər beynəlxalq şirkətlərlə yanaşı, BP-də qura bilmə imkanları var.
O, müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-də keçirdiyi belə təqdimatların tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.
BP-nin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse-prezidenti Robert Vot öz təqdimatında neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə məlumat verib.
Qəzaların səbəbləri və baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri haqqında söz açıb.
O, tələbələrə belə xətaların baş verməməsi üçün mühəndislərin üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb.
Sonda Robert Vot tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.