Məlum olduğu kimi, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.
Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.
Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.
Təlimlər zamanı qoşunların döyüş qabiliyyətinin yüksək səviyyəyə gətirilməsi, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılır.
Təlimlərlə bağlı fikirlərini bildirən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin tərtib etdiyi plana əsasən hər il Müdafiə Nazirliyi genişmiqyaslı hərbi təlimlər keçirir. Onun sözlərinə görə, bu təlimlərin əhəmiyyəti ondan ibarətdir ki, burada həm quru, həm hərbi hava qoşunları, həm də hərbi dəniz qüvvələri iştirak edir. Baş tutan müxtəlif genişmiqyaslı təlimlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi qulluqçuları da cəlb edir. Keçən il və bu il biz bu cür - ehtiyatda olan hərbi qulluqçuların iştiraki ilə baş tutan böyük təlimlərin şahidi olduq. Bu təlimlər hərbi qulluqçularımızın həm müasir silahlardan istifadə etməyi öyrənməsi, həm vaxtında təyin olunmuş hərbi məntəqələrə çatması, həm də müxtəlif təlimatların yüksək peşəkarlıqla icra edilməsi vərdişlərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
E.Həsənli hazırkı təlimlərin 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində keçirildiyini xatırladaraq qeyd edib ki, eyni zamanda, bu, hərbi hazırlıq tədbirləri ordumuzun aprel ayında baş verən döyüşlərdə əldə etdiyi böyük qələbədən sonra baş tutan ilk genişmiqyaslı təlimlərdir: "25 min nəfərlik şəxsi heyətin iştirak etdiyi operativ-taktiki təlimlər Azərbaycanın ordusunun döyüş hazırlığının, hərbçilərimizin peşəkarlığının yüksək səviyyədə olduğunu göstərir və eyni zamanda, bu təlimlər Azərbaycan Silahlı Qüvvələrinin iqtisadi, mənəvi gücünü nümayiş etdirir. Çünki bu cür genişmiqyaslı təlimlər böyük maliyyə tələb edir. Ona görə də, bunu yalnız iqtisadiyyatı güclü olan dövlətlər keçirə bilər. Ermənistan isə heç hərbi hissə səviyyəsində mütəmadi təlimlər keçirmək imkanlarına sahib deyil, yalnız məhdud imkanlarla nümayiş xarakterli təlimlər keçirə bilirlər".
Hərbi ekspert bildirib ki, Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığı var: "Bu dövlətin hərbi sahəyə ayırdığı diqqət və qayğının nəticəsidir. Keçirilən zəruri təlimlər hərbçilərimizin döyüş əhval-ruhiyyəsini daha da artırır, yüksək hazırlıqlı peşəkar hərbi kadr kimi yetişməsinə imkan verir. Məşhur bir deyimdə deyildiyi kimi, təlimdə çox tər tökən, döyüşdə az qan tökər".
QHT sədri deyib ki, aprel döyüşləri Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu göstərib: "Bütün parametrlərə - silah-sursat, hərbi texnika, hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, insan resurslarına görə Azərbaycan Ermənistandan üstündür. Ən əsası da odur ki, düşməndən fərqli olaraq Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir".
E.Həsənli vurğulayıb ki, bizim əsas məqsədimiz işğal olunan torpaqlarımızı düşməndən azad etmək, Ermənistanın ölkəmizə qarşı təcavüzünü dayandırmaqdır: "Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağdır. Şükürlər olsun ki, bu gün Azərbaycanda ordu-xalq-dövlət birliyi var. Bu bizi böyük qələbəyə daha da yaxınlaşdırır".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu təlimlər Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun həyata keçirilsə də, prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində baş tutması səbəbilə Putin hərbi təlimləri rəsmi Bakının üstüörtülü mesajı kimi də oxuya bilər: "Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq məqsədilə Ermənistan hakimiyyətinə təzyiq etməsəz, atəşkəs müvəqqəti xarakter daşıyacaq. Biz də istəyirik ki, Putin hərbi təlimlərimizi məhz elə bu cür oxusun".
Hərbi ekspert Üzeyir Cəfərov isə "musavat.com"a açıqlamasında qeyd edib ki, təlimlər əvvəlcədən planlaşdırılsa da, həm də güc nümayişidir: "Prezidentlərin görüşü ilə birbaşa əlaqəsi yoxdur. Hər bir hərbi təlim ölkənin gücünün və qüdrətinin göstəricisidir. Bu təlimlər ötən ildən planlaşdırılıb. Amma 25 min şəxsi heyət, yüzdən artıq artilleriya qurğusu böyük rəqəmdir. Rusiya mətbuatında bu Azərbaycan tarixinin ən böyük hərbi təlimi kimi qeyd edilir. Amma Azərbaycan say etibarı ilə bundan da möhtəşəm təlimlər keçirib. Əlbəttə, bu, beynəlxalq qurumlar üçün, xüsusən Rusiya üçün bir siqnal olmalıdır ki, Azərbaycan Silahlı Qüvvələri bu vəziyyətlə barışmaq niyyətində deyillər. Ölkə başçısı da iştirak etdiyi iftar süfrəsində bir daha açıq mesajla dedi ki, Azərbaycan bundan sonra daha iyirmi il dözmək niyyətində deyil. Bu, o deməkdir ki, tezliklə məsələ öz müsbət həllini tapmalıdır. Əgər tapmasa, sözsüz ki, Azərbaycan qərar qəbul edəcək".
Ekspertin sözlərinə görə, Dağlıq Qarabağla bağlı Azərbaycanın heç vaxt olmayan şansı var: "Yəni, şans var ki, münaqişə hərbi baxımdan həllini tapsın. Çünki ATƏT bilir ki, yenə də Rusiya bu məsələni uzatmaq istəyir, bunun üçün ortaya hansısa planlar atacaq. Putinin hansısa planlarından danışılır. Əslinə qalsa, Putinin çox mühüm planı var. Mən ona görə mühüm adlandırıram ki, status-kvonun saxlanmasına hesablanmış addımlardır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda yenə bəyan edib ki, tərəflərə daha çox aprelin əvvəllərində baş verən hadisələr fonunda status-kvonun bu formada saxlanılması sərf edir. Bu da daha çox erməni və rus maraqlarına sərf edir. Azərbaycan bu vəziyyətlə barışmamalıdır. Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi daha sərt addımlar atmalıdır. Artıq ATƏT də başa düşür ki, Rusiya heç bir halda Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyil. Aprel hadisələrindən iki ay vaxt keçib, Rusiya heç bir əməli addım atmaq istəmir. Əksinə, Ermənistanı şirnikləndirir, Ermənistana bəzi dəstəkləri var. Həm hərbi formada, həm diplomatik formada dəstək var. Ermənistan da gözəl bilir ki, Rusiya olmasa, Ermənistan çökər. Rusiyanın da imkanları çox geniş deyil ki, özünə hansısa əlavə yük etsin. Təlimlər bu nöqteyi-nəzərdən mesaj olmalıdır ki, təsirli addımlar atılsın. Əks halda, ordu gözləmə mövqeyindən çıxacaq. Hərbi təlimlərin praktik tətbiqi ola bilər. Danışıqlar nəticə verməyəcək. Ermənilər növbəti təxribata can atacaq, Azərbaycan da bunun qarşılığında məcbur qalacaq ki, müəyyən addımlar atsın. Addımların da adı "çox ağır silahlı toqquşmadır".
Ceyhun ABASOV