|
|
|
|
Xocalı soyqırımının 21-ci ildönümü münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin prorektoru, professor Rafiq Sadıqov açaraq Xocalı qətliamından erməni vandallarının vəhşiliyindən danışıb “Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixi ibrət dərsidir. Azərbaycanın müasir tarixində də unudulması mümkün olmayan, butövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcək. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 21 il öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar və qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq ediblər”. Tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə diqqəti Xocalı soyqırımının geneologiyasına – şəcərəsinə yönəldib: “Bu qətliam dağılan imperiyanın – SSRİ-nin bizə vurduğu zərbədir. Postsovet məkanına daxil olan respublikalar içərisində İmperiya təsirindən qopmağın ən şiddətli ağrısını Azərbaycan yaşadı. 20 Yanvar qırğını bəşəriyyət tarixində insalığa qarşı yonəlmiş ən amansız faciə idi. Öz azadlığı uğrunda imperiya köləliyinə qarşı mübarizəyə qalxmış, qəlbində azadlıq təşnəsindən başqa heç bir sılahı olmayan qədim və ulu bir xalq xüsusi preparatlarla psixoz halına gətirilmiş, xüsusi silahlarla silahlandırılmış vəhşi rus və erməni ordusu tərəfindən amansız qırğına məruz qaldı. Bu sovet imperiyasının məğlubiyyəti – Azərbaycan xalqının qələbəsi idi. Həmin gecə Azərbaycanda həm şəhidlər, həm də şahidlər tarix meydanına gəldi. Biz həmən gecə içimizdəki imperiya köləliyini öldurdük. Bu, Azərbaycan ruhunun qalibiyyət günü idi. Biz qalib gəldik, lakin məğlub olmuş imperiya Xocalıda son inadını göstərdi. Bu həqiqi mənada soyqırım idi. Dünyanın bunu tanıyıb tanımaması təkcə siyasi problem deyil, həm də insanlığın insaf məsələsi idi”.
Xocalı faciəsinin dünyada tanınması üçün ilk səyin məhz ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini qeyd edən professor daha sonra Prezident İlham Əliyevin, ölkəmizin xaricdəki diplomatik korpuslarının və diaspor təşkilatlarının fəaliyyəti nəticəsində bir çox dövlətlərin parlamentlərinin həmin qətliamı soyqırımı kimi tanıdığını və pislədiyini vurğulayıb. Bu işin davamının isə Azərbaycan xalqının milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan savadlı gənclərin çiyinlərinə düşdüyünü bildirib. O, xalqın qan yaddaşında dərin kök salmış Xocalı faciəsinin dünya birliyi tərəfindən tanımasının vacib fakt olduğunu nəzərə çatdırıb.
Digər çıxış edənlər də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələrinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olduğunu qeyd ediblər.
Tədbirdə dövlət başçısının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirdiyi bildirilib, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunub. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildiyi diqqətə çatdırılıb.
Tədbirdə Xocalı faciəsini əks etdirən müdhiş kadrlar və erməni vandalizminin qurbanlarından biri, şəhid-rəssam Fuad Əsədovun həyatına həsr olunmuş “Yarımçıq gündəlik” adlı sənədli filmi nümayiş etdirilib.
G.Əliyev



