|
|
|
|
Xəbər verdiyimiz kimi, oktyabrın 7-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Ölkə başçısı çıxşında qlobal iqtisadi böhran dövründə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, böhranla mübarizədə həyata keçirilən islahatlar, beynəlxalq miqyasda reallaşdırılan layihələr, xarici dövlət və təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq əlaqələri, eləcə də ölkədə keçirilən referendum və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan söhbət açıb, ölkə və dünya ictimaiyyətinə bir sıra vacib mesajlar verib.
Prezident qeyd edib ki, 2016-cı il dünya üçün ağır illərdən biri olub, qlobal iqtisadi böhran davam edib: "Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Bütün dünyada miqrant böhranı müşahidə olunur. Miqrant böhranı Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu partiyalar hakimiyyətə gəlsə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək".
Azərbaycanın müstəqil siyasət yürütdüyünü, öz sözünü dediyini, bütün məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirdiyini, heç kəsin qabağında əyilmədini bildirən dövlət başçısı qeyd edib ki, Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır: "Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, həmişə öz yolu ilə gedir, müstəqil siyasət yürüdür. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var".
Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynadığını, rəğbət qazandığını deyən dövlət rəhbəri bildirib ki, Azərbaycan Avropa ilə əməkdaşlıq edir, Avropaya inteqrasiya etmir: "Avropa İttifaqının rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Azərbaycan böhrana, "müsəlmanlara stop" deyənlərə, müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərə inteqrasiya edə bilməz. Belə açıq mövqeyinə görə bəzi hallarda Azərbaycan dövlətinə qarşı təzyiqlər olur və kampaniyalar aparılır".
Bütün bunlara baxmayaraq Azərbaycanın Avropa ilə çox sıx əlaqələr qura bildiyini deyən prezident qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sənədlər imzalanıb, növbəti sənəd üzərində də iş aparılır: "Azərbaycan 15 ildir ki, Avropa Şurasında üzvdür və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, Azərbaycana qarşı ədalətsizliklər, ikili standartlar olub".
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənir: "Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. İslam Əməkdaşlıq Təşkilatı builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrup yaradılıb, Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub. BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatının Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edilib. Bu, böyük diplomatik və siyasi uğurdur. Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanatda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirilib".
Bir il ərzində Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələri kəsdiyini, Avronest qurumundan çıxdığını xatırladan ölkə başçısı qeyd edib ki, bu, Azərbaycanın günahından olmayıb: "Bizə qarşı ədalətsizlik nümayiş etdirilib, diplomatiyada qəbuledilməz sözlər işlədilib: "Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, Avropa Parlamentinin o qətnaməsinə uyğun cavab verib. Nəticədə münasibətləri bərpa etmək üçün özləri gəliblər. Azərbaycanın təklifləri müsbət qəbul edilib və bu təkliflərin nəticəsində birgə bəyanat da səslənib. O bəyanatda ifadə olunub ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq".
Dağlıq Qarabağ münaqişəsinin həll prosesindəki vəziyyətə də toxunan prezident qeyd edib ki, problemin həll olunmamasının əsas səbəblərindən biri də Ermənistana himayədarları tərəfindən yardım göstərilməsidir: "Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir".
Ölkə başçısı deyib ki, Azərbaycan ikili standartlarla üzləşib və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir: "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 20 ildən çoxdur ki, icra edilmir. ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-dan səslənən son bəyanat təəccüb doğurur və ABŞ, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri "status-kvo qəbuledilməzdir" tezisinə ziddir. Belə bir ciddi bəyanat ola-ola, "hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir" demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, vasitəçilik missiyası şübhə altına düşə bilər".
Azərbaycanın heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcəyini deyən İlham Əliyev bildirib ki, bağlı qapılar arxasında Azərbaycan iqtidarına təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin: "Həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Nə qədər ki, biz iqtidardayıq, heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik.
Prezidentin iclasda səsləndirdiyi fikirlərə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan prezidenti müşavirədəki çıxışında müxtəlif mövzulara toxunub: "Bunlardan 4-ü üzərində xüsusi dayanmağa ehtiyac var: İqtisadi vəziyyət, Avropa İttifaqı ilə münasibətlər, Referendum və Dağlıq Qarabağ münaqişəsi".
Politoloq bildirib ki, İlham Əliyev birinci mövzu üzrə danışarkən Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirildiyini konkret misallarla qeyd edib: "Çıxışın əsas qayəsi bu idi ki, ətraf toz-duman içində olarkən, bölgədə qeyri-sabitlik var ikən Azərbaycanda davamlı sabitlik hökm sürür. Azərbaycan post-neft dövrünə qədəm qoysa da, iqtisadiyyatda ciddi təlatümlər gözlənilmir. Prezidentin "hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik" fikri də bundan xəbər verir".
Mərkəz sədrinin sözlərinə görə, prezident ənənəvi olaraq Avropa İttifaqının miqrant siyasətini tənqid edib: "Dövlət başçısı Qərb ölkələrini Yaxın Şərq ölkələrinə müdaxilədə günahlandıraraq indiki qeyri-sabitliyin səbəbkarı kimi də həmin dövlətlərə işarə vurub. Qərb ölkələrində radikal partiyaların reytinqlərinin artdığına da diqqət çəkən İlham Əliyev sivilizasiyalararası qarşıdurmanın dərinləşəcəyini bildirib. İlham Əliyevin çıxışının bu hissəsində səsləndirdiyi ritorik "biz hara inteqrasiya etməliyik", "biz hansı Avropaya inteqrasiya etməliyik" sualları ondan xəbər verir ki, rəsmi Bakı Avropa ilə münasibətlərdə məsafəni qoruyacaq. "Biz bu əməkdaşlığa meylliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya" - deyən prezident Azərbaycanın Avropa İttifaqı ilə inteqrasiyaya yox, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verdiyini nəzərə çatdırıb. Buna misal olaraq Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında tərəfdaşlıq formatının müəyyənləşməsi üzrə danışıqları göstərmək olar".
E.Şahinoğlu hesab edir ki, İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirləri iki hissədən ibarətdir: "Birinci hissədə dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinin ədalətli mövqe nümayiş etdirdiyini deyib. Ancaq İlham Əliyev ötən il Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə görə rəsmi Bakının Avropa Parlamenti ilə münasibətləri dondurduğunu xatırladıb. Buna baxmayaraq, İlham Əliyev Avropa Parlamentinin geri addım atdığını və Azərbaycanla dialoqu genişləndirməyi istədiyini bildirərək, bu çağırışa müsbət cavab verdiklərini deyib".
Politoloq qeyd edib ki, İlham Əliyev çıxışında Qarabağ danışıqları haqqında vacib detala toxunub: "Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin".
Lakin bu o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar. Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, "Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun". Ancaq elə bunun özünün də prezidentin dediyi kimi "müstəqilliyin" tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir".
Mərkəz sədri əlavə edib ki, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyinə ümidi var idi: "Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi. Əksinə təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, "gördüz bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir". Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar".
Milli Məclisin deputatı Çingiz Qənizadə isə deyib ki, prezident İlham Əliyevin dövlətimizin inkişafı ilə bağlı mövqeyi məlumdur: "Nazirlər Kabinetinin iclasında nitq söyləyən ölkə başçısı bir daha qeyd edib ki, ölkəmizdə iqtisadi islahatlar aparılmalı, bu sahə daha da inkişaf etməli, neft sektorundan olan asılılıq aradan götürülərək kənd təsərrüfatı və digər sahələrə üstünlük verilməlidir".
Ç.Qənizadə SİA-ya bildirib ki, prezident bütün çıxışlarında olduğu kimi budəfəki nitqində də hər kəsin yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoyub: "Ölkə başçısı Dağlıq Qarabağ problemi ilə bağlı bütün məsələlərdə dövlətin maraqlarından çıxış edir. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bir daha mövqeyini ortaya qoyaraq bildirib ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın ermənilər tərəfindən işğal olunması beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Əks halda torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın iradəsi ilə və digər yollarla da həll oluna bilər. Ölkə başçısı dövlətimizin maraqlarını üstün tutaraq, çıxışında qəti fikrini bildirərək qeyd edib ki, münaqişənin həlli ilə əlaqədar heç bir güzəştli addımlar atılmayacaq".
Deputat söyləyib ki, dövlət rəhbəri iclasdakı çıxışında məmurlarla yanaşı, Azərbaycan xalqına da mesaj verib: "İlham Əliyev bildirib ki, ölkədə işləmək imkanı olan hər bir kəs açılacaq yeni sənaye parklarında, kənd təsərrüfatı istehsal sahələrində çalışmalı, öz ailəsini saxlamaq üçün onlara təqdim olunan imtiyaz və güzəştlərdən istifadə etməlidir. Ölkədə bolluq yaradılmalı, xaricdən ixrac edilən bir çox məhsulların qarşısı alınmalı, heç bir torpaq istifadəsiz qalmamalıdır. Uzun müddət işləməyən, tənbəlləşən, dövlət tərəfindən təqdim olunan müəyyən yardımlarla gününü keçirən ailələr və insanlar artıq ələbaxımlıqdan əl çəkərək zəhmətə qatlaşmalı, onlara ayrılan torpaqlarda becərməli və dövlətin yaratdığı sənaye və digər müəssisələrdə çalışmalıdır. Bu, bütün dünyada belədir. Prezidentin nitqi gələcəyə hesablanan proqram, plan və addım kimi qiymətləndirilməlidir. Düşünürəm ki, hər kəs bundan nəticə çıxarmalı, hamı dövlətimizin, xalqımızın rifahı naminə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir".
Ceyhun ABASOV