Nazirlər Kabineti “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nı təsdiq edib.
APA-nın məlumatına görə, qaydaya əsasən Su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən olunur.
Su mühafizə zonalarında su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. Su obyektlərinin balıq və digər su bioresurslarının mühafizəsi üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərtilə müəyyən edilir. Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə Nazirlər Kabineti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təqdimatı əsasında xüsusi qorunan ərazi elan edilir. Xüsusi qorunan ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən müddətlərdə balıq və digər su bioresurslarının kürütökmə yerlərinə miqrasiyasının təmin edilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilir:
- balıq və digər su bioresurslarının kürütökmə yerlərində motorlu su nəqliyyatının hərəkətinin məhdudlaşdırılması; - nəzarət, elmi tədqiqat və akvakultura ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovunun qadağan edilməsi; - balıq və digər su bioresurslarının həvəskar və idman ovunun məhdudlaşdırılması və qadağan edilməsi.
Xüsusi qorunan ərazinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə həyata keçirilə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti su obyektlərinin istifadəsinə və mühafizəsinə dövlət nəzarəti çərçivəsində su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiqi sahəsində aşağıdakı səlahiyyətlərə malikdirlər:
- su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə, təşkilatlara və digər hüquqi şəxslərə, Azərbaycan vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq; - su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarını pozan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək; - suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək səlahiyyəti var. Nazirlik tərəfindən su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi xüsusi qorunan ərazidə əhalini məlumatlandırmaq üçün mühafizə olunmasını göstərən məlumatlandırıcı və şəraitdən asılı olaraq müvafiq qadağanı ifadə edən xəbərdarlıq nişanları və ya xəbərdarlıq lövhələri quraşdırılır.