|
|
|
|
Məmmədov Mirsiyab Səfqulu oğlu 1939-cu il may ayının 14-də Ağdamın Qaradağlı kəndində müəllim ailəsində doğulub. Elə doğma kəndində də orta təhsil alıb. Sonra Azərbaycan Kommunal Tikinti Texnikumuna daxil olaraq mülki-tikinti fakültəsini bitirib.
Tikinti texniki ixtisasına yiyələnən gənc Mirsiyab əmək fəaliyyətinə 1961-ci ildə 1 saylı Bakı Tikinti Quraşdırma İdarəsində başlayıb. Sonra hərbi xidmətə yollanıb və 1964-cü ildə ləyaqətlə başa vurub. Biliyi və çalışqanlığı ilə o, həmin ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. Ali təhsilini uğurla başa vurub və Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Ağdam rayonunda yerləşən 8 saylı Yol Tikinti İdarəsində mühəndis kimi işə başlayıb. Sonra həmin idarədə baş mühəndis, daha sonra isə idarənin rəisi vəzifəsinə təyin edilib.
1977-ci ildə M.Məmmədov 93 saylı Tikinti İdarəsinə baş mühəndis təyin edilib və iki il çalışdıqdan sonra idarənin rəisi vəzifəsinə yüksəlib. 2004-cü ildə Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Açıq Səhmdar Cəmyyətinin Ağdam 46 saylı Yol İstismar İdarəsinə rəis təyin olunub.
Beləcə, M.Məmmədov çəkdiyi yollarda özü də uğurla addımlayıb. Deyirlər, yol cəkmək savab işdi. Bu iş həm də onun taleyinə çevrilib. Mirsiyab müəllimin övladları, dostlar, tanışlar onun necə zəhmətkeş, xeyirxah, işıqlı insan olduğundan ürəkdolusu danışırlar. Ermənilərin dinc insanlarımızla yanaşı, yollarımıza da divan tutması bir yol mütəxəssisi kimi Mirsiyab müəllimi çox narahat edib. O, gecəli-gündüzlü vaxtilə tikib-qurduğu bu yaralı yolların bərpasına çalışıb. Görünür, "Müharibə veteranı" adını da o, əsgərlərlə birlikdə o odun-alovun içində qazanıb. Doğma kəndi işğal olunmasa da, Ağdamın və digər kəndlərimizin talan edilməsi bir vətəndaş kimi onun da qəlbinin sağalmaz yarasına çevrilib.
Ömrü-günü çəkib açdığı yollarda keçən Mirsiyab müəllimin əməyi həmişə yüksək qiymətləndirilib, çoxlu sayda fəxri fərmanlara layiq görülüb. O, 1988-ci ildə "Əmək veteranı" medalına layiq görülüb. SNQ Dövlətlərarası Yol İşçiləri Şurası, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti və bir çox yol qurumlarının fəxri fərmanı ilə təltif edilib.
M.Məmmədov üç qız və bir oğul atasıydı. Onların hamısı ali təhsillidir. Çoxlu nəvəsi var.
İşini çox sevən, ailəsinə, doğma yurduna bağlı olan bu bacarıqlı yol mütəxəssisi, xeyirxah insan, el ağsaqqalı olan Mirsiyab Məmmədov bu ilin fevralında dünyasını dəyişdi. Mayın 14-ü onun doğum günüydü. Yaşasaydı ,77 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin!
Mina RƏŞİD