|
|
|
|
"Hazırkı dünyada İslam həmrəyliyi yoxdur. Ayrı-ayrı dövlətlər arasında ittifaqlar var. Bəzən İslam ölkəsi təhlükəsizlik maraqları naminə xristian dövlətlə də tərəfdaş ola bilir. Məsələn, İslam dünyasının əsas ölkələrindən biri sayılan İran Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qurub. Çünki Rusiya ilə tərəfdaşlıq İranın təhlükəsizlik maraqlarına cavab verir. Birincisi, İran Qərbdən ala bilmədiyi müasir silahları Rusiyadan almaq imkanına malikdir. İkincisi, İran və Rusiya Suriyada bir-biri ilə sıx əməkdaşlıq edirlər".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İslam həmrəyliyi olsaydı, Suriya, İraq və Yəməndə müharibələr olmazdı və ya İranla Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlər formalaşmazdı: "Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı soyuq münasibətlər də İslam həmrəyliyindən xəbər vermir".
İslam Əməkdaşlıq Təşkilatının bütün zirvə toplantılarında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən onlarla qətnamə qəbul olunduğunu xatırladan mərkəz sədri qeyd edib ki, bu qətnamələrin biri də yerinə yetirilmir və Ermənistan bu qətnamələrdən heç birindən narahatlıq keçirmir: "Çünki Ermənistanda bilirlər ki, İslam aləmində fərqli maraqları olan ölkələr var və həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, əməldə bunun icrası üçün fəaliyyət göstərməyəcəklər. Məsələn, İslam Əməkdaşlıq Təşkilatının son zirvə toplantısında Qarabağ münaqişəsinin həlliylə bağlı Təmas Qrupu yaradıldı. Bu qrupun fəaliyyətindən xəbər yoxdur.
İslam ölkələrinin Azərbaycanla ən böyük həmrəyliyi onların işğalçı Ermənistanla diplomatik münasibətlərə son qoymaları olardı. Son zamanlar Azərbaycan rəsmiləri bu məsələni gündəmə gətirməyə çalışırlar. Prezident İlham Əliyev son toplantılarda belə bir fikir səsləndirib: "Azərbaycanda məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz". Əslində, bu, Ermənistanla münasibətləri olan müsəlman ölkələrinə çağırışdır. Yəni, müsəlman ölkələri Dağlıq Qarabağda məscidləri dağıdan ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Ancaq həmin müsəlman ölkələrin siyasətinə yenidən baxacağına ümid azdır. Azərbaycan Minsk Qrupunun həmsədrlərindən mədət ummadığı kimi İslam həmrəyliyinə də bel bağlamamalıdır".
Ceyhun ABASOV