|
|
|
|
1928-ci il iyun ayının 6-sı Milli Operamızın parlaq nümayəndəsi, səhnəmizin ilk Ərəbzəngisi, Azərbaycanın Xalq artisti Həqiqət Rzayeva və opera rejissoru Hüseyn Rzayevin ailəsinə əlamətdar bir gün kimi daxil olub. Bu gənc ailənin ilk övladı məhz bu gündə – iyunun 6-da dünyaya göz açıb. Həsən Rzayevin hələ uşaqlıqdan musiqiyə olan marağının düzgün istiqamətləndirilməsində bəstəkarın anası Həqiqət xanımın böyük rolu olub. O, oğullarının (H.Rzayevin qardaşı Xalq artisti Azər Rzayevdir) musiqiyə böyük həvəs göstərdiklərini gördükdə uşaqları dahi Üzeyir bəyin yanına aparır. Ü.Hacıbəyli Həqiqət xanıma oğlanların gələcəkdə bəstəkar olacaqlarını söyləyir və övladlarının musiqi hazırlığına çox ciddi diqqət yetirməyi məsləhət görür. Uşaqlıqdan zərb alətlərinə meyl göstərən Həsən Rzayev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbinin zərb alətləri (müəllimi o vaxtlar yeganə peşəkar zərbçi, milliyətcə çex olan V.Çerni idi) və uşaq yaradıcılığı sinfini (müəllim professor B.İ.Zeydman) bitirir. Bəstəkar həmin il Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur və iki ixtisas üzrə məktəbdə dərs aldığı müəllimlərin sinfində təhsilini davam etdirərək 1953-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirir. İlk və ən böyük proqramlı əsəri olan “Babək” simfoniyası bəstəkarın diplom işi idi. 1953-cü ildə bəstəkarların plenumunda ifa olunan simfoniya bu janrda yazılan güclü əsərlərdən biri kimi qeyd olunmuşdu. Azərbaycan bəstəkarları arasında H.Rzayev, demək olar ki, birinci dəfə zərb alətləri üçün irihəcmli əsərlər yaradıb. Onun ksilofon və orkestr üçün konsertini, “Skertso”sunu, zərb alətləri ansamblı üçün əsərini, truba və orkestr üçün konsertini, skripka və fortepiano üçün sonatinasını, zərb alətləri üçün kvintetini, çoxsaylı poemalarını, mahnılarını və əlbəttə ki, nadir musiqi əsərinə çevrilən “Çahargah”ını qeyd etmək lazımdır. H.Rzayev öz yaradıcılığında estrada janrına da xüsusi fikir verib. Estrada simfonik orkestrinin miniatür orkestrinə rəhbərlik etdiyi dövrdə bəstəkar bu kollektiv üçün də əsərlər bəstələyib. H.Rzayev ömrünün axırına kimi həm yaradıcılıq, həm müəllimlik, həm də ifaçılıq fəaliyyətini dayandırmadı. Onu da qeyd etmək lazımdır ki, bəstəkar 13 yaşından işləməyə başlamışdı (atası Hüseyn Rzayevin təklifi ilə o, cəbhəyə gedən nağaraçının yerinə müvafiq əmrlə Opera Teatrının orkestrinə daxil edilmişdi). Bu hadisə bəstəkarın gələcəkdə musiqi sahəsində müqəddəratını müəyyənləşdirmişdi. Həsən Rzayev peşəkar zərb ifaçısı kimi hətta Ü.Hacıbəylinin idarəsi ilə Azərbaycan Xalq Çalğı alətləri orkestrində də çıxış etmişdi. Bəstəkar müxtəlif dövrlərdə Bakı Dövlət Sirkində, Musiqili Komediya Teatrında orkestrin baş dirijoru vəzifəsində işləmişdir. Ailəsi Moskvada yaşadığına görə H.Rzayev 1975-ci ildə Moskvaya köçür və 1980-ci ilə qədər orada müəllimlik və yaradıcılıq fəaliyyətini davam etdirir. 1980-ci ildə isə F.Əmirovun məsləhəti ilə Bakıya qayıdaraq yenidən konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) işləməyə başlayır. Zəhmətkeş musiqiçi ömrünün 40 ilini gənc ifaçıların hazırlığına həsr etmişdi və hər tələbəsinin uğurunu öz uğuru sayırdı. Onun tələbələri müxtəlif fəxri adlara və mükafatlara layiq görülüb. Onlar indi də simfonik və estrada orkestrlərində işləyir, məktəblərdə zərb alətlərindən dərs deyirlər. Bəstəkarın öz sözləri ilə desək: “Başqalarından fərqli olaraq, mən dəfələrlə ad qazanmışam”.
2000-ci il bizim ailə üçün çox ağır itkilər ili oldu. Aprelin 11-də Həsən babanın (Babamın qardaşı olduğuna görə mən, bacım və qardaşım ona Həsən baba deyə müraciət edirdik) ölüm xəbərini çatdıran telefon zəngi indiyə kimi yadımdan çıxmır. Biz bu xəbərə inana bilmirdik. Çünki bir neçə gün əvvəl onu gözəl əhvali-ruhiyyədə Moskvaya yola salmışdıq. Lakin babamın dediyinə görə, o, Bakıdan getmək istəmirdi, sanki qardaşını, bacısını, yaxınlarını, Bakını bir daha görməyəcəyini hiss edirdi. Yaşasaydı, indi H.Rzayevin 85 yaşını qeyd edəcəkdik.
Allah rəhmət eləsin!
Mən əminəm ki, onun adını daşıyan nəvəsi Həsən Rzayev zəhmətkeş, mehriban, Vətənini sevən bir övlad olacaq və babasının adını yüksəklərə qaldıracaq.
L.QULİYEVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru



