|
|
|
|
Əlvida, Hövsan!
Məmmədlə Etibara
On iki il qoynunda yer verdin bizə,
Bir saflıq bəxş etdin nəfəsimizə.
İndi can gərəkdi bu dərdə dözə
Qaldımı o yerlər, özgəyə, yada?
Əlvida, əlvida, Hövsan, əlvida!
Əlvida, gül açan iydə ağacı,
Nur saçan qızıl gül, başımın tacı!
Sünbüllər arxamca baxır qıyğacı
Qopur vücudumdan acı bir nida –
Əlvida, əlvida, Hövsan əlvida!
Lalələr tez soldu bu yaz, ay aman!
Təhna nar ağacı qaldı nigaran.
Qış çağı sizləri üzəndə tufan.
Sizi sevənləri bir salın yada,
Əlvida, əlvida, Hövsan, əlvida!
Vəfalı dostlarım, ey əzizlərim,
Hicran acısıyla dolur gözlərim.
Qumsal sahillərdə qalan izlərim,
Dad etsəm, bir kimsə yetməz imdada,
Əlvida, əlvida, Hövsan, əlvida!
Oyan bu uyqudan, mehriban dəniz!
Bizsiz həyəcanlan, dalğalan, dəniz!
Biz candan sevərdik səni, can dəniz!
Heyif, cismimizdən can düşdü cüda,
Əlvida, əlvida, Hövsan, əlvida!
Manqal qalanmadı, sac közdən düşdü.
Mey sirkəyə döndü, ət duzdan düşdü.
Ömür boş badə tək lap gözdən düşdü,
Beqafil naqladı bizi qəm, qada,
Əlvida, əlvida, Hövsan, əlvida!
Yenə üstümüzə yeriyir payız,
Soluxur üfüqlər, soyuyur dəniz.
Bizimsə həsrətdən yanır qəlbimiz
Kimlər saldı bizi alova, oda?
Əlvida, əlvida, Hövsan, əlvida!
Ömrümüz çatarmı, bir daha coşaq,
Dənizlərdən keçib, dağlardan aşaq?
Məhəmməd, Etibar, gəl halallaşaq,
Ölümdən betərdi bu dərd dünyada,
Dostlar xoşca qalın, Hövsan,əlvida!
T. R.
Dodaqların moruq qoxur,
Tamarzıyam bu qoxuya.
Uzaq yollar yorğunuyam
Qoynunda gedim yuxuya...
Moruq ətrinə oyanıb,
İsa Məsih diriləndə
Bu qoxudur bizi üzən,
Odu bizi dirildən də!
Bu həyatın nəfəsidir,
Ülvi bir adın qoxusu.
Kişi qanını qaynadır
Odlu bir qadın qoxusu.
Ömür mum kimi əriyir,
Günlər, aylar dığırlanır.
Topuqlarıma dolaşır
Payızın boz cığırları.
Tanrım mənə rəhm eləsin,
Azca möhlət versin barı,
Axı yenə moruq qoxur
O gözəlin dodaqları...
NazilƏ
İnlər qəm şərqisi bəm pərdəsində,
Gəl onu çıxarma zilə, Nazilə!
Həzin bir nisgil var titrək səsində
Adı çətin gələ dilə, Nazilə!
Demirəm hüsnünə hər gül yaraşır,
Zər-xara geyənə zər gül yaraşır.
Şəksiz, tər sinəyə tər gül yaraşır,
Özün də zinətsən gülə, Nazilə!
Yerin var çiçəyin, gülün içində,
Varam o bal tutan dilin üçün də.
Gözəl görünərsən tülün içində
Bürünsə gül bədən tülə, Nazilə!
Canım üzülsə də bu ahu zardan,
Üzmərəm əlimi gül üzlü yardan.
Sevda bağçasında dəyən nübardan
Düşərmi mənə bir gilə, Nazilə?
Gül matah mal deyil gül bazarında,
Öz gülünü ara, bul bazarında.
Qulam məhəbbətim qul bazarında
Mərhəmət etsənə qula, Nazilə!...
QürbƏt
(“Qərib axşamlar” proqramının
auditoriyasına)
Hardan gəlir tütək səsi?...
Yaman həsrətəm bu səsə.
Dayanaydım bir anlığa
Vətənlə nəfəs-nəfəsə.
Külü də soyudu daha,
Bir də kim çata ocağı?
Kimin umuduna qaldı
Ana yurd, ata ocağı?
Köhnə yaramdı göynəyən,
Gözümdə yaş qaralanda.
Hər dəfə qanım qaralır
Qürbətdə qaş qaralanda...
ZöhrƏ üÇün
Rədd elə dövranın qeylü qalını,
Gülümsə aşiqə hərdən, a Zöhrə!
Buludlar almasın ay camalını
Mənə də pay düşsün nurdan, a Zöhrə!
Sarsılıb iradəm, gedib dözüm də,
Kəsərdən düşübdü sənsiz sözüm də.
Sənsiz bu gen dünya dardı gözümdə
Qayıt, qurtar məni dardan, a Zöhrə!
Talesiz, çarəsiz bir dərdsərəm,
Sevda yollarını tənha gəzərəm.
Əlinin duzuna quzu kəsərəm
Hardan gəlir bu zövq, hardan, a Zöhrə!
Son dəfə güldüyüm görən haçanmış,
Dərya dərdə dözən bir quru canmış.
Mənimki də elə burayacanmış
Durub hara gedim burdan, a Zöhrə?
Üzümü Şirin tək yara çevirəm,
Fərhad tək yolunda dağlar devirəm.
Amma necə deyim ona sevirəm?
Yar həya eyləyər yardan, a Zöhrə!..