Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, qərara əsasən Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllədə yeni metro stansiyasının tikintisi üçün 3,2611 ha, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126/27 məhəllədə mövcud II xəttin “Dərnəgül” elektrik deposunun tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilib.
Bakı Metropoliteninə tapşırılıb ki, nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.