|
|
|
|
MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən il oktyabrın 15-dən 17-dək Aşqabadda keçirilmiş birgə iclasında qəbul edilən qərara əsasən, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub. Bununla əlaqədar Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları-2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi olub. Qəbələnin icra hakimiyyətindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Qəbələ şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önündə ulu öndərin xatirəsini yad ediblər.
Sonra yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanışlıq olub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu qonaqları salamlayıb, mərasimdə 10-dan çox ölkənin nüfuzlu rəsmi nümayəndəsinin iştirak etdiyini deyib: “Qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu cür tədbirlər Azərbaycan mədəniyyətinin çox zəngin olduğunu göstərir. Bu, Azərbaycan mədəniyyətinin MDB ölkələrində təbliği baxımından da çox böyük əhəmiyyət daşıyır. Biz çox şadıq ki, bugünkü tədbirdə 10 ölkədən rəsmi qonaqlar, mədəniyyət işçiləri iştirak edirlər. Bu gün Azərbaycanda regionların sürətli inkişafı Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirməsini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı bölgələr də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir bir şəhərə çevrilmişdir. Qonaqlar Qəbələ ilə tanışlıq zamanı ölkəmizin necə də sürətlə inkişaf etdiyinin şahidi olurlar. Təbii ki, bir azərbaycanlı kimi mən buna görə çox sevinirəm. MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə bu il ərzində bir neçə mədəni-humanitar tədbir keçiriləcəkdir. Bunun üçün Qəbələdə bütün lazımi şərait vardır”.
Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbriklərini çatdıran səfir Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun yaranması və fəaliyyəti barədə məlumat verib: “Fond MDB məkanında humanitar əməkdaşlığın genişlənməsinə təkan verir. Coğrafi cəhətdən MDB ölkələri xalqlarının uzun illər boyu bir yerdə yaşadığı üçün mədəniyyətlərimiz arasında fəal dialoq var. Qəbələ beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi edir. Azərbaycanın bu qədim şəhərinin beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrilib. Bütün bu tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarının da sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir”. Səfir Azərbaycan dövlətinin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkədə mədəniyyət və incəsənət sahələrinin inkişafına göstərdiyi diqqətdən danışıb. Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin MDB ölkələrinin xalqları arasındakı əməkdaşlığın inkişafında əvəzolunmaz rolunu da qeyd edib.
Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev, Qırğız Respublikasının Prezidenti Aparatının eksperti Zayırbek Erqeşov, Moldovanın Mədəniyyət Nazirliyinin “Moldova-Konsert” Milli-Mədəni Mərkəzinin sədri Valentin Qoqa tədbirin yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlıqlarını bildiriblər. Azərbaycanda beynəlxalq mədəni tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaqlar Bakının sürətlə inkişaf etdiyini və bu inkişafın onlarda məmnunluq hissi doğurduğunu, eyni zamanda Qəbələdə olduqları müddətdə vaxtlarının çox səmərəli və maraqlı keçdiyini vurğulayıblar. Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edən Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov Qəbələdə yüksək qonaqpərvərliklə qarşılaşdıqlarını məmnunluqla söyləyiblər. Onlar Azərbaycanda həyata keçirilən məqsədyönlü regional siyasətin çox uğurlu olduğunu vurğulayıblar. Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikatın təqdim edilməsi mərasimi reallaşıb. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələnin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı qərarın ötən il dekabrın 5-də qəbul edildiyini bildirib, bu şəhərin mədəniyyət paytaxtı seçilməsində əməyi olanlara minnətdarlıq edib: “ Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə dünya əhəmiyyətli mədəni tədbirlər keçirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir”.
Mərasimdə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubaev MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin təbrik məktubunu oxuyub: “ Qəbələyə bu adın verilməsi təsadüfi deyildir. Burada incəsənətin gözəlliyi ilə təbiətin gözəlliyi vəhdət təşkil edir. Burada keçirilən mədəni tədbirlərin nəinki MDB, eləcə də dünya mədəni irsinə töhfələr verir”.
Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskinin təbrik məktubunu isə bu ölkənin Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov oxuyub: “ Qəbələnin bu ada layiq görülməsi şəhərin zəngin mədəniyyəti və tarixi ilə bağlıdır”.
Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikat rayon icra hakimiyyətinin başçısına təqdim olunub. Mərasim Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə maraqlı konsert proqramı ilə yekunlaşıb.
S.ABDULLAYEVA



