|
|
|
|

Məti OSMANOĞLU
Qapımızı döyən var
Bir ara ədəbiyyatın havasından gen düşmək, ədəbi-bədii prosesdən, orada baş verən, boy göstərən hadisələrdən təcrid olunmaq boşluğu hiss edirdim və mənim üçün bir çox əvəzsiz dəyərlərin bu dəhşətli boşluğun qaranlığına dəfn olunması qorxusunun yelləri əsirdi içimdə. Ədəbi-bədii jurnallarımızın 500 tirajla nəşr olunduğu, ədəbiyyat qəzetimizin varlığı-yoxluğu yaddan çıxdığı bir şəraitdə bu qaranlıq get-gedə daha da qatılaşırdı...
İndi isə informasiya və fakt bolluğunun təzyiqi gərginliklər yaradır. İçində yaşadığımız “informasiya cəmiyyətində” həyatın digər reallıqları ilə yanaşı, hər səviyyəni, fərqli zövqləri əks etdirən çoxsəsli, çoxrəngli ədəbiyyat nümunələri, ədəbi prosesdə baş verən ən aktual hadisələr öz ayaqları ilə üstümüzə yeriyir, qapımızı döyür, pəncərələrimizdən (monitorlarımızdan) içəri sızır. İnternetin məhsulu olan sosial şəbəkələrin həyatımıza gətirdiyi bu maraqlı dönüş gündəlik həyatımızın ritmində və keyfiyyətində də ciddi dəyişiklik yaradır. Üstümüzə qoşun çəkən informasiya axını bizi vaxt qıtlığına – seytnota salır: bəzən polemika üçün meydan verən hər hansı ictimai və ya ədəbi məsələyə münasibət bildirməyə, xoşuna gələn bir şeir üzərində ürəyin istədiyi qədər düşünməyə macal tapmadığın, bəzən hansısa nəsr əsərini axıra qədər oxuyub çatdıra bilmədiyin üçün heyifsilənməli olursan. Yeni informasiya və onun içində ədəbi faktlar axını arası kəsilmədən köhnəni sıxışdırır...
Ancaq bütün hallarda bu prosesin içində olmaq, onun havasında yaşamaq çox maraqlıdır və qaçılmazdır. Həyatımızda yeni ictimai normaların, yaşayış tərzinin formalaşdığı günbəgün daha aydın hiss olunmaqdadır. Bu gün yaranan ədəbiyyat və sənət hadisələrinə qiymət verəndə də istər-istəməz yeni həyat reallıqlarını, gündəlik yaşayış gerçəkliklərini nəzərə almaq lazım gəlir: yeni tarixi proses öz mədəni və mənəvi dəyərlərini, bədii sözün ifadə tərzini, obrazlar silsiləsini yaradır. Bu obrazlardan biri ilə Firuz Mustafanın “Virtual arvad” hekayəsində tanış oluruq.
Zaman işığına tutanda
Ən məhsuldar yazıçılarımızdan olan, hər üç ədəbi növü (epik, dramatik, lirik) iki dildə (azərbaycanca və rusca) layiqincə təmsil edən Firuz Mustafa ixtisasca sosioloqdur, başqa sözlə, cəmiyyətşünasdır, cəmiyyətdə, insan münasibətlərində baş verən qanunauyğunluqları tədqiq edir. Firuz Mustafanın 2010-cu ildə qələmə aldığı “Virtual arvad” hekayəsi üç il bundan əvvəl insanların həyatında baş verməkdə olan və ilk baxışda əyləncə, oyun kimi görünən yeni prosesə, insanların qeyri-iradi olaraq zamanın hökmü ilə “informasiya cəmiyyətinə” qoşulmasına, öz sosial statusunu genişləndirməsinə bədii sözün reaksiyasıdır. Cəmiyyətdə baş verən proseslərin elmi araşdırıcısı olan müəllif bu hekayədə insanı zamanın işığına tutur və zaman-insan qarşılaşdırmasında komik bir situasiya yaratmağa müvəffəq olur. Hekayənin qəhrəmanı iş yerində işsizlikdən darıxanda monitorun arxasına keçir, üzünü görmədiyi, tanımadığı bir qadınla internet üzərindən yazışmağa başlayır və başına nə gəlirsə, bundan gəlir. İşdə işsizlikdən darıxan bu insan, bir növ, həyatın yeni gerçəkliyinin girovuna, daha doğrusu, qurbanına çevrilir. Məqsədi vaxt öldürmək olan bu insanın həyatında əvvəl “virtual evlənmə”, sonra “virtual ata olmaq” kimi yeni zəmanənin zarafatı sayılacaq hadisələr baş verir. Lap sonda isə o həqiqi məhkəmə qarşısında dayanıb, aliment verməyə məhkum olur... Mən burada hekayənin yazılma tarixini ona görə vurğulamağa lüzum gördüm ki, “əsərin qəhrəmanı” üçün internet “məşğuliyyəti” məhz üç il bundan əvvəlin reallığıdır. Bura qəhrəmanın həyatından kənar bir məkandır, oraya istədiyi vaxt daxil olsa da, oradan istədiyi vaxt aralana bilmir. Müəllif həmin məkanı və orada baş verənləri “virtual” kimi təqdim edir. Onu da deyim ki, dilimizdə sıx-sıx işlənən “virtual” sözünün müasir lüğətdə bu mənaları göstərilir: 1. Faktiki, həqiqi, gerçək, fakta əsaslanan; 2. Mümkün, mümkün olan, güman edilən; 3. Xəyali, əsli olmayan. (Bax: İngiliscə-azərbaycanca lüğət, “Qismət” nəşriyyatı, 2003). Bundan başqa, müasir ingilis dilinin izahlı lüğətində “Virtual” ifadəsi belə izah edilir: “Made, done, seen etc on the Internet or on a computer, rather than in the real world” – “Real aləmdə deyil, internetdə və ya kompüterdə düzəldilmiş, yerinə yetirilmiş, görülmüş və s.” (“Longman. Dictionary of Contemporary English”).
Firuz Mustafanın təqdimatında virtual aləmin oyunları gec-tez real həyata da sirayət edir və insan virtual (xəyali) günahının qurbanına çevrilir (Təbii ki, burada işbaz dairələrin də fırıldağı öz işini görür). Lakin bu hekayənin yazıldığı zamandan bəri keçən üç il ərzində müəllifin “virtual” adlandırdığı dünyanın sərhədləri əsaslı şəkildə dəyişib və bu sözün məna yükü də öz çəkisini xeyli artırıb. Sosial şəbəkələrin öz əhatə dairəsini gündən-günə genişləndirməsi ilə insanların ictimai münasibətlərində də dəyişikliklərin baş verməsini görməmək mümkün deyil. İnsanların həyatı sosial şəbəkələrə, sosial şəbəkələr də insanların həyatına sürətlə daxil olur.
Kənardan baxan göz
Firuz Mustafanın qəhrəmanını, bəlkə də, “sənin orada nə işin vardı?” deyib qınamaq mümkündür. Çünki onun vaxt öldürməklə yanaşı, bir macəra, oyun həvəsi də var. Anar Mahmudovun “Yutub” hekayəsində təqdim olunan sosial şəbəkə həvəskarı – vəzifəyə yeni təyin olunmuş polis rəisi üçün isə “Youtube” sosial şəbəkəsi gündəlik əyləncə, zövq almaq mənbəyidir. “Bu, rəisin az qala yeganə əyləncəsi idi. Arada fikirləşirdi ki, insan yaranandan bəri onun “Youtube”dan böyük kəşfi olmayıb”. Digər tərəfdənsə “insanlığın bu böyük kəşfi” polis rəisi üçün qorxulu bir kabusdur. Çünki hər kəsin istənilən anda “Youtube” “qəhrəmanına” – başqaları üçün əyləncə personajına çevrilmək təhlükəsi var. “Youtube” onun təkcə əyləncəsi deyildi, həm də kabusu, qarabasması idi, yuxularının ən qorxunc qonağı idi. Adam döydüyü, rüşvət aldığı yerdə gizli kameralara düşüb “Youtube”da zühur eləyən paqon yoldaşlarını görəndə arxasını qaşıyar, qulağını çəkər, bir taxta parçasını tıqqıldadar və deyərdi: “Şükür sənə, xudaya, məni belə rüsvay eləməmisən”.
Rəis üçün iki ədəb-ərkan, əxlaq norması var: bir yaşadığı insanların arasında özünü aparmaq ölçüləri, rüşvət, alver və dəyənək zoruna arxalanan “idarəetmə” prinsipləri; bir də “kənardan baxan bizə nə deyər” qiymətləndirməsi. Bu mənada, “Youtube” insanları dəyənəklə susdurmağın ustası olan rəis üçün dünyanın ona baxan gözüdür və özü də bilir ki, bizim cəmiyyətdə normal görünən, insanların öyrəşdikləri münasibətlərin çoxu kənar gözlə baxanda çox eybəcər görünür. Bu “kənar gözün” bir arzuolunmaz cəhəti də informasiyanı bir anda bütün dünyaya yaymaq imkanında olmasıdır. Dindarı, operatoru, tələbəni, emonu... şallaqla susdurmaq olur, ancaq “Youtube” şəbəkəsinə düşdünmü, dünyaya görk olacaqsan.
Hekayədə rəis dəhşətli kabus kimi qorxduğu “Youtube” şəbəkəsinə düşür, vəzifəsindən azad edilir, yuxarılar qarşısında etibarını və nüfuzunu itirir, bağ evini satıb, başqa bir rayona sahə müvəkkili təyin edilir... Burada yazıçının bizə təqdim etdiyi çox ciddi bir məqam var: artıq virtual deyib, layiqincə əhəmiyyət vermədiyimiz qüvvə yalnız insanların boş vaxtlarında “girib-çıxdıqları” əyləncə məkanı deyil, cəmiyyət həyatının ayrılmaz bir elementidir, müasirimiz olan insanla zaman arasında tarazlıq yarada biləcək böyük ictimai güc sahibidir. Bu gücün kənar müşahidədən insan ömrünə köçməsi, orada öz tablosunu yaratmasının izlənilməsi baxımından Ziba Xəlilin bir şeiri maraqlı göründü...
Dünya bir pəncərədir...
İmzasını sosial media araçılığı ilə təzə-təzə tanıdığım müəllifin “dayaq.org” saytında (“Dünya azərbaycanlı yazarlar qurumu”nun saytıdır) yaydığı şeirlər silsiləsi şeir və zaman mövzusu üzərində düşünmək, mülahizə yürütmək üçün kifayət qədər əsas verir. Həmin silsiləyə daxil olan “Pəncərələr önündə” zamanın və zaman içində keçən insan ömrünün ayrı-ayrı lövhələrini, tablolarını əks etdirir. Bu şeirdə pəncərə ömür dediyimiz tablonun çərçivəsi kimi təqdim olunan hərəkətli və dəyişkən bir obrazdır. Müəllif həmin çərçivədən təkcə rəngləri, səsləri deyil, başqa bir şeirində dediyi kimi, beş boyutlu (beşölçülü) yaşantının sözlə əyaniləşdirilmiş, bədii lövhəyə çevrilmiş tablosunu ortaya qoymağa, təqdim etməyə çalışır. Şeirdə pəncərə zamanla insan arasında zamanı görüntüyə çevirən “kamera” rolunu oynayır: zamanın şəkli bu “kameranın” gözlərindən insan könlünə süzülür və oradan yazıya (oxucuya) ötürülür. Qarşımızda ömür-gün, tale tablosu canlandırılır, bu tabloda ömrün hər fəslinin havası, rəngi, ətri, işığı, kölgələri oynaşır. “Kameranın” görüm istiqaməti – rakurslar dəyişdikcə pəncərənin poetik funksiyaları da dəyişir. Pəncərə ömürlə həyat arasında bir sərhəd olur: pəncərədən o yanda durmadan sürətini, istiqamətini, yükünü dəyişən zaman axır, bu yanda isə həmin dəyişkənliyi yaşayan və daşıyan insan. Növbəti bənddə pəncərə yaşananları qiymətləndirmək üçün ölçü alətinə çevrilir:
Pəncərəmdən seyr etdim insanları,
Pəncərəmdən sevdim
Dünyanı, həyatı, yaşamağı.
Könül pəncərəmdən.
İçimdə bir ümid,
Bir şübhə daşımağı...
Pəncərənin tutumu və funksiyaları getdikcə böyüyür, ömürlə arzular, gerçəkliklə xəyal, mümkün olanla mümkün olmayanlar görünüb dayanmadan həmin çərçivədən keçir. Pəncərədən görünən zamanın içində əlçatmaz, ünyetməz bir yelkən ağarır, arzularla, ümidlərlə, xəyallarla yüklənmiş bir gəmi unudulmaqda olan xatirə kimi üfüq boyunca yol gedir:
O arzular gəmisi,
O ümidlər gəmisi.
O xəyallar gəmisi.
Yükü bitməyən gəmi,
Gəlib çatmayan gəmi...
Gəmi öz yükünü gətirib ünvanına çatdırmasa da, onun “ya qaranlıq bir gecə”də, “ya günəşli bir səhər”də limana dönmək, apardığı yükü sahibinə çatdırmaq ümidi də sönmür. Bədii sözün bizə açdığı pəncərədən görünən tabloya yanıb-sönən, tutulub-açılan bir işıq çilənir, onun üzərində kölgələr gəzişir...
Şeirin növbəti bölümündə – növbəti pəncərədə isə yeni tarixi şəraitin, təzə formalaşan ictimai münasibətlərin içindəki insanın portretini görürük:
Pəncərələr önündə keçdi ömrüm.
Hələ də pəncərə önündə.
İndi də...
Bu monitora dikili gözlərim.
Klaviaturada barmaqlarım.
Dünya burdan başlar indi
Burda bitər...
Müəllifin pəncərə önündə təqdim etdiyi insan məhz yeni zəmanənin və toplumun, “informasiya cəmiyyətinin” yaratdığı fərddir, “pəncərə dostları” adlı bir toplumun üzvüdür – yeni insanları, xarakterləri, xislətləri burada görüb tanıyır. Bu toplumun üzvləri öz aralarında işarələr dilində danışır, emosiyalarını işarələrlə ifadə edirlər. Bu ünsiyyətdə gülüşü də, göz yaşını da donuq işarələrlə ötürmək imkanı var... Mühüm olanı isə budur ki, burada da gülüş var, göz yaşı var, ümid var, ümidsizlik var, sevinc var, ağrı var, narahatlıq var, həyəcan var. Bütün dövrlərdə şeirin, sənətin baş qəhrəmanı olan İNSAN var: dünyanı pəncərə sanan və bu pəncərədən baxıb, yerini özündən sonra gələnlərə təhvil verən insan. Sadəcə, hər kəs dünyaya fərqli pəncərədən baxır. Bununla belə, şeirdə bir sualın cavabı açıq qalır: şairin önündə dayandığı bu pəncərədəki həyat, bəzən insandan insana şərti işarələrlə (smayliklərlə) ötürülən gülüşlər, göz yaşları virtualdır, yoxsa indiki həyatın özü elə budur? Şeirin əsas məna və duyğu yükü də bu sualın yaratdığı tərəddüdlə ifadə olunur.
Pəncərələrdə keçdi ömür.
Pəncərələrdə.
Xana-xana..
Birər-birər.
Dünya ...
Qosqoca dünya
Pəncərəmdən başlar,
Pəncərəmdə bitər...
Bu misraları oxuyarkən Nazim Hikmətin “Həsrət” şeirinin misralarını xatırladım. Nazimin şeirində dənizə dönmək arzusu və ömrün dönüləcək (qayıdılacaq) dənizdə bitməsinin kədəri var:
Gemiler gider aydın ufuklara
gemiler gider!
Gergin beyaz yelkenleri
doldurmaz keder.
Elbet ömrüm gemilerde
bir gün olsun nöbete yeter...
Ziba Xəlilin şeirində də təqdim olunan zaman (dünya və ya ömür) pəncərədən başlayıb, pəncərədə bitir. Əslində bütün ömürlər pəncərə önündən başlayıb, pəncərədə bitir. Belə olub, yəqin ki, belə də olacaq. “Haraya qədər” – bilinmir...



