Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə ZOOM proqramı üzərindən təşkil olunub.
Aİİ-nin rektoru Aqil Şirinov 31 Mart soyqırımı qurbanlarını, həmçinin, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib. Rektor qeyd edib ki, mənfur düşmənimiz fürsət tapdıqca xalqımıza qarşı amansız soyqırım aktları törədib.
A.Şirinov vurğulayıb ki, mənfur düşmən xalqımıza qarşı soyqırım törətmək üçün azərbaycanlıların yaşadığı bölgələrə silahlı dəstələr yeridiblər. O qeyd edib ki, xalqımıza qarşı tarixin müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 1918-ci ilin 31 martında rəvac verdiyi təxribat aktı bunların ən dəhşətlisidir. Müxtəlif quberniyalarda törədilən soyqırımlar zamanı Bakıda Təzəpir məscidinə ziyan vurulub, Şamaxıda isə Qafqazın ən qədim ikinci məscidi olan Cümə məscidi orada toplaşan müsəlmanlarla birlikdə yandırılıb.
Aİİ rəhbəri daha sonra vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə bərpa olunan bu məscidi ziyarət zamanı yanıq izlərinə indi də rast gəlmək mümkündür.
Rektor vurğulayıb ki, Quba soyqırımı bu vandalizm aktlarının ən dəhşətlilərindən biridir. O, Quba Soyqırımı Memorial Kompleksinə Aİİ tələbələrinin ziyarətinin təşkil olunduğunu, qlobal pandemiya səbəbindən bu il ziyarətin təxirə salındığını mərasim iştirakçılarının nəzərinə çatdırıb.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bildirib ki, Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.
Tədbirdə Quba Soyqırımı Memorial Kompleksi haqqında iki sənədli film təqdim olunub.
SEVİNC