Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin magistratura səviyyəsinin 6 ixtisaslaşması üzrə Ali Təhsildə Keyfiyyətin Təmin Olunması Avropa Assosiasiyasının (ENQA) üzvü, Təhsildə Keyfiyyətin Təminatı Avropa Reyestrində (EQAR) qeydiyyatdan keçmiş Təhsildə Keyfiyyətin Təminatı Müstəqil Agentliyi (İQAA) tərəfindən təhsil proqramlarının beynəlxalq və Avropa keyfiyyət standartlarına uyğunluğun qiymətləndirilməsi - beynəlxalq akkreditasiyası aparılıb.
BDU-dan bildirilib ki, beynəlxalq akkreditasiya iki beynəlxalq ekspert komissiyası tərəfindən həyata keçirilib. Üzvi kimya, yüksək molekullu birləşmələr kimyası və neft kimyası ixtisaslaşmaları üzrə ekspert qrupunda Qazaxıstanın K.İ.Satbayev adına Milli Tədqiqat Texniki Universitetinin akademik məsələlər üzrə prorektoru Rinat İsakov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri Valentin Nenaydenko, Türkiyə Yıldız Texnik Universitetinin kafedra müdiri Sevil Yücel, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini Hikmət İbrahimov və başqaları iştirak ediblər.
Hibrid formatda təşkil olunan akkreditasiya zamanı ekspertlər magistratura təhsil proqramlarının təhsil, elm və digər sahələrdə 7 beynəlxalq və Avropa keyfiyyət standartlarına uyğunluğunu qiymətləndiriblər. Ekspertlər kafedralar tərəfindən ingilis dilində hazırlanmış özünütəhlil hesabatlarını analiz edərək, universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti, magistrantlar, məzunlar işəgötürənlərlə müsahibələrdən sonra keçirilən auditin ilkin nəticələrə görə fakültədə elm və təhsilin səviyyəsinin yüksək olduğunu qeyd ediblər.
SEVİNC