|
|
|
|

Əməkdar rəssam Eliyar Əlimirzəyev Azərbaycan çağdaş rəngkarlığının görkəmli nümayəndələrindəndir. Rəssamın yaradıcılığında mifoloji, süjetli kompozisiyalar, natürmort, portret kimi janrlar özünəməxsus yer tutur. Rəssam simvolika, kolorit vasitəsilə əsərlərinə xüsusi çalarlar əlavə edir.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərgiz Abdurəhmanovadır. Onunla Əməkdar rəssam Eliyar Əlimirzəyevin "Motosiklet" əsəri haqqında danışmışıq.
- "Motosiklet" rəssamın digər əsərlərindən hansı cəhətləri ilə fərqlənir?
- Rəssamın digər rəsmləri ilə müqayisədə bu əsər tünd koloritlə bərabər isti və soyuq rənglərin kontrastı ilə öz həllini tapıb. Əsərin ölçüsü 101-146, kətan üzərində yağlı boya ilə icra olunub.
"Motosiklet" motivi avanqard, nonkonformist rəssamlarımızın əsərlərində rast gəlinən motiv olub, öz oxu ətrafında fırlanan çarxları simvolik olaraq özünüdərk prosesində makro aləmlə körpü yaradaraq planetləri, insanların həyatının sinxronluğunu vurğulayır. İnsan kainatın kiçildilmiş modeli kimi xaos və nizam vasitəsilə pərakəndə baş vermiş hadisələrə, anlıq emosional dəyişikliklərə verdiyi reaksiyanı motosikletin ətrafında və üzərindəki əşyalarla detallarla ifadə edilib.
- Əsərin kompozisiyası necədir?
- Əsərin kompozisiya mərkəzini təşkil edən dəyirmi, oval səs dalğalarının kəsişməsini xatırladan və kainatın kvant enerji axını ilə bənzəyən komponentlər makro və mikro aləmin sintezini xatırladır. Rəssam impasto texnikası ilə digər texnikaları birləşdirərək rəng yaxıları vasitəsilə kompozisiyaya mücərrəd detallar da daxil edib.
Əsərdə diqqət çəkən məqamlardan biri də sanki bəşəriyyət və kainat, insan və cəmiyyət münasibətlərinin sinkretik əlaqəsinin daşıyıcısı kimi müxtəlif tarixi icmaları və quruluşları xatırladan şeypur, taxta və dəmir əşyalar, saxsı məmulatlardır. Bunlar xaotik düzülüşü ilə tarixi izləri özündə əks etdirir.
- Rəssam bu detallarla hansı mesajı verir?
- Müasir incəsənətdə metamodernizm, ənənə və müasirliyin sintezi böyük əhəmiyyət kəsb edir. Keçmişin yükünün daşıyıcısını simvolizə edən gəmilər, xalçalar, fırlanan təkərli çarxlar kimi detallar vasitəsilə ətraf mühitdə baş verən dəyişikliklər, dəyişən siyasi mühitlər simvol olaraq translyasiya edən ötürücü informasiya kodeksi kimi istifadə edilir. Bu baxımdan "Motosiklet" əsəri ekzistensial əhəmiyyətli mövcudluq, varlıq və kainat münasibətlərinin maddi-mədəniyyət nümunələri vasitəsilə keçmişdən dövrümüzə gələn səyyah və ya keçmişdən gələcəyə ümidlə baxan, gözləyən tamaşaçıya intizarının sona çatması ümidini aşılayır.
- Eliyar Əlimirzəyevin əsərlərinə xaos nəzəriyyəsindən baxdıqda nə deyə bilərik?
- Bu prizmadan baxsaq, insanın daxili məni ilə təbiətin sinergetik bağlantısını görə bilərik. Burada insan xaosun içərisində nizam kompozisiyanın təşəkkülündə, məna- məzmun tamlığında əks olunub.
- Əsərin rəng koloriti necədir?
- "Motosiklet " əsərində səthi qabarıq yaxmalar, fırça zərbələrinin gücü ilə rəssam müxtəlif trayektoriyalardan görünən detalları sanki böyük partlayış kataklizminin təzahürü kimi təqdim edib. Fondan yansıyan soyuq rənglərin ahəngi ilə bir mərkəzdə cəmlənən müxtəlif hadisələrin təəssüratını inikas etdirən həyat hadisələri motosiklet ətrafında fırlanaraq dövr edir. Kompozisiyada anı yaşamaq üçün ətalət prizmasından yanaşaraq həyatı dərketmə, özünüdərk prosesinə fokuslanmaq mesajı verilir.
- Sizcə, bu əsər bizə nə deyir?
- Rəssam Eliyar Əlimirzəyevin üslub və manerası insanın təlatümlü emosiyalarını, iztirablarını ifadə edir. Bu əsərdə də rəssam öz ənənəsinə sadiq qalaraq təsirli katarsis yaradaraq yaşanmışlıqları metafora və obrazlarla canlandırıb. Həyatda müxtəlif hadisələrin, eybəcərliklərin estetik gözəllik prizmasından ekspressiv təqdimatı baxımından Əliyar Əlimirzəyevin yanaşma manerası seçilir. Həyat fəlsəfəsinin dərinliyi, mifoloji dünyagörüşünə konseptual baxış baxımından rəssamın novator yaradıcılıq axtarışları təqdirəlayiqdir.
Aytac SAHƏD



