Britaniya Şurasının (BŞ) Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və şuranın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Bu barədə 525.az -a ADPU-dan bildirilib. Qonaqların universitetin rektoru professor Cəfər Cəfərovla görüşündə tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Rufanə Əhmədova iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonaqlara ADPU-nun tarixi, strukturu, təhsil proqramları barədə məlumat verib və gələcəkdə Britaniya universitetləri ilə əlaqələrin yaradılmasının universitetin beynəlxalq əlaqələri baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Nərgiz Hacıyeva Britaniya Şurasının ölkəmizdəki fəaliyyəti, həyata keçirdiyi tədbirlər, proqramlar haqqında universitet rəhbərliyini məlumatlandırıb.
Eyni zamanda, Britaniya Şurası tərəfindən həm müəllimlərin, həm də tələbələrin ingilis dili biliyinin qiymətləndirilməsi üçün müxtəlif proqramların mövcudluğu qeyd olunub və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda qonaqlara hədiyyələr təqdim olunub.
Sevinc Qarayeva