|
|
|
|

Müsahibimiz hazırda ABŞ-da yaşayan, "Meta" şirkətində çalışan, elmi uğurları və ixtiraları ilə nüfuz qazanmaqda olan gənc azərbaycanlı alim Cəfər Cəfərovdur.
- Cəfər bəy, oxucularımızda dolğun məlumat olsun deyə, ilk növbədə özünüz haqqında ətraflı məlumat verməyinizi istərdik: məşhur "Meta" şirkətində çalışan Cəfər Cəfərov kimdir?
- Sumqayıtda hərbçi ailəsində doğulmuşam. Orta təhsilimi Sumqayıt Özəl Türk Liseyində tamamlamışam. Daha sonra Kompüter mühəndisliyi ixtisası üzrə Türkiyə Cümhuriyyətinin texnologiya sahəsində lider olan universitetlərindən Boğaziçi Universitetinə qəbul olunmuşam. Ardınca magistratura təhsilimə Boğaziçi Universitetində davam etmişəm. Magistratura təhsili alarkən Türkiyənin süni intellekt sahəsində tanınmış şəxslərindən olan Cem Say ilə birlikdə işləmişəm. Əslində magistr təhsilim sırasında, doktorantura təhsili haqqında da düşünürdüm. Mənim əsas hədəfim ABŞ-da təhsil almaq idi. Təbii ki, bu, asan iş deyildi, ciddi hazırlıq tələb edirdi. Doktorantura təhsili üçün Amerikanın ən nüfuzlu universitetlərindən olan Çikaqo Universitetinə tam təqaüdlə qəbul oldum. Doktorantura təhsilim boyunca nəzəri kompüter elmi və maşın öyrənməsi - ML - (süni intellektin bir bölməsi) sahəsindəki müxtəlif məsələlər üçün alqoritm dizaynı üzərində işləmişəm. Bu istiqamətdə etdiyimiz ixtiralar dünyanın ən nüfuzlu elmi nəşrlərində çap olunub. 2022-ci ildə isə doktorantura təhsilimi uğurla bitirib PhD elmi dərəcəsi almışam və hazırda "Meta" şirkətində çalışıram.
- Siz bir sıra beynəlxalq olimpiadaların, təhsil və elmi layihələrin qalibi olmusunuz. Bu uğurların sirrini bilmək olar?
- Uşaqlıqdan riyaziyyata ciddi marağım olub. Bir çox beynəlxalq və respublika miqyaslı riyaziyyat olimpiadalarında iştirak etmişəm və müxtəlif uğurlar qazanmışam. 2005 və 2006-cı illərdə riyaziyyat üzrə Respublika Fənn Olimpiadalarında iki bürünc medal aldım. Eyni zamanda, 47-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil etmə haqqını qazandım və bu olimpiadada fəxri mükafat ilə təltif edildim. Həmçinin, 3-cü Jatıkov Riyaziyyat Olimpiadasında iştirak etmişəm. Bütün bunların sirrini məqsədli olmaqda və daha düzgün hədəflər müəyyən etməklə çox çalışmaqda görürəm. Təbii ki, burada valideynlərimin təhsilə verdiyi önəmi danılmazdır.
- Bayaq da qeyd etdiniz, Siz alqoritmlər üzərində işləmisiniz. Namizədlik dissertasiyanız da bu ixtiralarla bağlıdır. Bununla bağlı ətraflı məlumat verə bilərsinizmi?
- Boğaziçi Universitetində magistr təhsili aldığm zaman, riyaziyyat elminin daha mərkəzi olduğu bir istiqamətə yönəldim və tədqiqat sahəm olaraq nəzəri kompyuter elmi sahəsini seçdim. Magistr tezisimin mövzusu isə diskret ehtimal paylanmasının entropiyası idi. Bu mövzuda əldə etdiyim ixtiraların əsasında hazırladığım məqaləni İtaliyada keçirilən nüfuzlu Kompyuter Elminin Riyazi Əsasları konfransında təqdim etdim.
Çikaqo Universitetində PhD təhsili alarkən isə daha çox nəzəri kompyuter elmi və maşın öyrənməsi sahələrinin kəsişməsində yerləşən problemlər üzərində işlədim. Dissertasiyam maşın öyrənməsinin ən önəmli problemlərindən olan klasterləşmə haqqında oldu. Uzun müddətli elmi araşdırmanın nəticəsi olaraq bu mövzuda daha dəqiq və praktik müxtəlif alqoritmlər ixtira etdim. Bu ixtiraların əsasında yazdığım elmi məqalələri, dünyanın ən nüfuzlu maşın öyrənməsi konfranslarından olan Beynəlxalq Maşın Öyrənməsi Konfransında (ICML) təqdim etdim. Bu məqalələrimə bu gün artıq bir çox beynəlxalq jurnallar və konfranslar tərəfindən istinadlar olunur.
- İndi isə oxucularımıza məhşur "Meta" şirkəti haqqında məlumat verməyinizi xahiş edərdik. Şirkət bu gün daha hansı fəaliyyətlə məşğuldur?
- Əvvəlcə, onu qeyd edim ki, "Meta" şirkətinin məhsulları arasında istifadəçi sayısı milyardlarca olan Facebook, Instagram, WhatsApp kimi aplikasiyalar var. Bu aplikasiyaların Azərbaycanda da çox populyar olduğunu, hər kəs tərəfindən istifadə edildiyini bilirəm. Hazırda şirkətin üzərində işlədiyi ən önəmli meqa proyektlərdən biri də Metaverse-dir. Metaverse-i virtual reallığın da əsas rol oynayacağı internetin və sosial şəbəkələrin bir sonrakı mərhələsi olaraq görmək mümkündür.
- "Meta"dakı işiniz nədən ibarətdir?
- Burada ML sahəsində tədqiqatçı alim kimi işləyirəm. Bir çox yerdən iş təklifləri almağıma baxmayaraq Meta-nı seçməyim o qədər də çətin olmadı. Burada geniş tətbiq sahəsinə malik çox mürəkkəb və böyük miqyaslı məsələlər üzərində minlərcə alim və mühəndis işləyir. Bu da elm və texnologiyanın ən qabaqcıl nümunələrinin istifadəsini zəruri edir. Bir sözlə Meta-da öyrənə biləcəklərimin sərhədi yoxdur. Hazırda məsləhət sistemləri dediyimiz ML alqoritmlərinin istifadə edildiyi 2 tətbiq mövzusu ilə maraqlanıram. Birincisi, "instagram"da və ya "facebook"da istifadəçiyə təqdim edilən kontentin keyfiyyətini və aktuallığını təmin etməkdir. İkincisi isə, Meta-nın əsas gəlir qaynağı olan reklamlardır. İstifadəçiyə maraqlanacağı, ona faydalı olabiləcək reklamları çatdırmaq çox önəmli bir məsələdir.
- Sosial şəbəkələrdəki reklam alqortimi ilə bağlı soruşmaq istərdik. Bəzən insanların düşündüyü və ya almaq istədiyi məhsullar bir müddət sonra qabaqlarına reklam olaraq çıxır. Bu da sual ortaya qoyur ki, bu kimi proqramlar insanları izləyirmi?
- Bu sualın cavab xeyrdir. İstifadəçi datasının saxlanılması, qorunması, hansı formada istifadə ediləcəyi vs qanunlarla ciddi şəkildə tənzimlənir. Kiminsə şəxsi məlumatını dediyiniz formada istifadə etmənin ciddi cəzaları var. Əslində baş verən az əvvəl adını çəkdiyim məsləhət sistemi alqoritmlərinin istifadəçinin onlayn fəaliyyətini dərindən analiz edib, ona marağını çəkəcək məhsulları göstərməsidir.
- Bəs bundan sonra nələr etməyi planlaşdırırsınız?
- Əlbəttə, planlarım çoxdur. Qarşıma qoyduğum əsas vəzifələrdən biri bu sahədə ən yetkin kadrlardan biri olmaqdır. Bu mənə daha çox çalışmaq, daha məsuliyyətli olmaq öhdəliyi verir. İndi məşğul olduğum sahənin dünyada, xüsusilə də Azərbaycanda önü açıqdır. Burada qazandığım təcrübəni vətənimdə də tətbiq etmək mənim üçün çox vacibdir.
Sevinc Qarayeva



