İŞİD İraqda ələ keçirdiyi qənimət silahları və texnikanı Suriyada ələ keçirdiyi ərazilərdə nümayiş etdirib.
APA TV-nin Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, terrorçular Rəqqa şəhərində "hərbi parad" təşkil edib. Silahların arasında uzaq mənzilli bir "Skat" raketinin də olduğu bildirilir. Suriyada fəaliyyət göstərən İŞİD fəallarından əbu-Bəra adlı təşkilat üzvü bu silahlarla işğal etdikləri əraziləri daha da genişləndirəcəklərini iddia edib.
İraq ordusundan ələ keçirdiyi silahları İŞİD-in sürətlə Suriya ərazisinə daşıdığı qeyd olunur. Buna görə də terrorçu təşkilat Suriya-İraq sərhədindəki bütün məntəqələri ələ keçirməkdə israrlıdır.
bir müddətdir silahlı qarşıdurmaların davam etdiyi və ciddi lider boşluğu yaşanan İraqda Mosul, Tiqrit, Bakuba və Telafer kimi şəhərlərin İŞİD-in nəzarətinə keçməsi nəticəsində öz yurd-yuvasından köç etmək məcburiyyətində qalan iraqlıların,özəlliklə türkmənlərin sayının milyonu keçdiyi vurğulanır.
İraq və Suriya ərazilərində İŞİD-ə qarşı havadan zərbələrin endirildiyi də qeyd olunur.