"İstedadları tanıyaq və tanıdaq" İctimai Birliyinin təşkilatçılığı ilə Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyində "İstedadlı gənclərin sorağında" mövzusunda tədbir keçirilib.
525.az xəbər verir ki, tədbirdə Qazax, Ağstafa və Tovuz rayonlarından olan istedadların əl işləri, rəsmləri təqdim olunub, eləcə də aşıq sənəti, bədii qiraət, vokal, musiqi və rəqs ifaçılığı üzrə çıxışları təqdim olunub.
Tədbirin sözügedən rayonların icra hakimiyyətləri və mədəniyyət idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilən açılışı zamanı "İstedadları tanıyaq və tanıdaq" İctimai Birliyinin rəhbəri Vüsalə Sadıqova çıxış edərək, dövlətin istedadlı uşaq və gənclərə diqqət və qayğısından danışıb. O qeyd edib ki, layihənin məqsədi istedadlı və bacarıqlı şəxsləri üzə çıxarmaq üçün tədbirlər keçirmək, sərgilər təşkil etmək, həmçinin şəhər və rayonda yaşayan gənc istedadlar arasında dostuq telləri yaratmaq, onların vətənpərvər ruhda inkişaflarına dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ictimai fəallıqlarını artırılmasına dəstək olmaqdır.
İştirakçılar arasında fərqlənənlər diplom və sertifikatlar alacaqlar. Həmçinin onların Azərbaycanın tanınmış ədəbiyyat və sənət adamları ilə mütəmadi görüşləri keçiriləcək.
Zakir MURADOV
Tovuz - Gəncə