|
|
|
|
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 1-3 dekabr tarixlərində Ağcabədi və Lənkəran rayonlarında yerləşən İdman Olimpiya Komplekslərində paralel olaraq “Student Organizations - WeekEND” və “Student Clubs - WeekEND” adlı həftəsonu düşərgələrinin həyata keçirililib.
525.az xəbər verir ki, 3 gün ərzində ölkəmizin dilbər guşələrindən olan Ağcabədi və Lənkəran rayonlarında təşkil olunan düşərgələrin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları sədrləri, klublar və üzvləri üçün təşkilatı idarəetmə sahəsində təlimlərin təşkili və asudə vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsi olub.
Pararlel baş tutan düşərgələrin ilk günündə Lənkəranda Tələbə Gənclər Təşkilatlarının, Ağcabədidə Tələbə Klublarının sədr və müavinlərinə Azərbaycan gəncliyinə əvəzsiz töhfəsi olan Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan gənclər siyasəti, Ulu Öndərin İrsi və tövsiyələri” mövzusunda tarixçilər tərəfindən ustad dərsi keçirilib.
Düşərgə müddətində komanda quruculuğu və şəbəkələşmə oyunları, təlimlər, seminarlar və görüşlər, idman oyunları və digər fəaliyyətlər, o cümlədən asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün Lənkəran və Ağcabədi rayonlarında gəzməli və görməli yerlərinə maraqlı səfərlər təşkil olunub.
Layihə zamanı tələbə gənclər üçün liderlik, natiqlik, tədbirlərin planlaşdırılması, fandrayzinq, sosial media menecmentliyi, zamanın doğru idarə edilməsi, komanda quruculuğu, münaqişələrin həlli və digər idarəetmə bacarıqları üzrə müxtəlif təlimlər keçirilib.
Sonda iştirakçılar Tələbə Gənclər Təşkilatlarının və onların nəzdində faəliyyət göstərən Tələbə Klublarının işlərinin stimullaşdırılması istiqamətində təşkil olunan layihələrin böyük əhəmiyyəti olduğunu vurğulayıblar.