"Fransız təlimçi razılaşdı ki, motal onların kifli pendirindən üstündür"
"Fransızlar mayanın əldə edilməsi üçün kimyəvi qatqılardan istifadə edirlər. Onlara bildirdim ki, bizdə 100 il əvvəl eyni nəticəni almaq üçün at qursağından istifadə edilib. Təlimçi təəccübünü və bu maraqlı üsulu indi öyrəndiyini gizlətmədi..." Bunu "Bakı Abadlıq Xidməti" MMC-nin təşəbbüsü ilə Fransada kənd təsərrüfatı ilə bağlı təlimlərdən qayıdan laçınlı Mahir Abbasov deyir.
Hazırda doğma Laçınında menecer kimi çalışan 51 yaşlı Mahir hələ 20 yaşında ikən tərk etdiyi şəhərdə işləmək üçün ötən ilin əvvəlində "Bakı Abadlıq Xidməti"nə müraciət edib. "Mənə bir neçə sahədə çalışmaq təklifi verdilər, ən çox maraqlandığım südçülük təsərrüfatını seçdim".
Laçın şəhərində açılan bütün müəssisələrdə yeni texnologiyalar tətbiq edildiyindən, Birinci Qarabağ müharibəsi iştirakçısı olan Mahir dərhal Ağdaşdakı zavodlardan birində təlimlərə dəvət alıb.
Laçında çalışmağa gedənlərə keçilən təlimlər isə ölkə daxili ilə məhdudlaşmır. Əməkdaşların bəzisi beynəlxalq təcrübənin də öyrənilməsi məqsədilə mütəmadi olaraq xaricdəki təlimlərə cəlb edilirlər. Mahir də onlardan biridir. Südçülük sahəsində əvvəllər də kiçik təcrübəsi olan laçınlı, keçən ilin dekabrında bir qrup əməkdaşla birgə Fransanın Tuluza şəhərində səfərdə olub...
"Bəzi sahələrdə biz avropalılardan irəlidəyik..."
Fransada aldığı təcrübədən cıxış edərək, Mahir Abbasov, Laçında çox böyük perspektivlərin açıldığına əmindir.
"Səfər çərçivəsində Fransanın kənd təsərrüfatı mərkəzlərindən sayılan Tuluzada və digər bölgələrdəki Aqroparklarda, süd emalı zavodlarında yeni texnologiyalarla tanış olduq. Onların özünəməxsus reseptlərini bizim Qafqaz reseptləri ilə müqayisə etdik, yeni bilgilər mənimsədik.
Təlim 14 gün davam etdi. Həftənin 3 günü dərslər keçilir, qalan 3 gün ərzində isə bölgələrdəki zavodlarda olurduq. Çox bilgi almaq istəyirdik deyə, sual da çox verirdik. Bir sözlə, tərcüməçini yorurduq. Təlimçilər iştirakımızı yüksək qiymətləndirdilər, sonda sertifikat aldıq. Demək olar ki, artıq bu sahəni mükəmməl bilirəm".
"Laçındakı südçülük müəssisəsində də eyni texnologiyalarmı tətbiq ediləcək?" sualına Mahir Abbasov belə cavab verir:
"Məndə olan məlumata görə, bizim müəssisəyə avadanlıqlar Avropadan gətirilir. Bakıdakı bir neçə böyük zavodda istehsal prosesini müşahidə etmişəm. Deyə bilərəm ki, Azərbaycan müəssisələrinin bəzilərində daha üstün avadanlıqlar var. Məsələn, Fransada xama hazırlayan müəssisədə olduq, oradakı avadanlıq saatda 500 ədəd xama istehsal edirdi, ancaq Azərbaycanda bir saata 5000 xama istehsal edən müəssisə tanıyıram. Elə sahələr var ki, biz onlardan irəlidəyik..."
Təsərrüfatda ailə ənənəsi yaratmağın faydaları
Mahirin təlimçilərdən aldığı məlumata görə, Fransada kənd təsərrüfatı istehsalının 90 faizi özəl sektora çevrilib. Məsələn, bəzi zavodlar, fabriklər, heyvandarlıq fermaları nəsildən-nəslə ötürülür. Ailə ənənəsi ilə idarə olunan bu müəssisələr iaşə obyektləri və mağazalarla müqavilələr bağlayırlar. Bəziləri istehsal etdikləri məhsulları onlara satmaqla fəaliyyət göstərirlər. Onlar üçün aşağı faizli kredit imkanları yaradılır, bu isə sahibkarlara sərf edir, fəaliyyətlərini genişləndirə bilirlər.
"Azərbaycanda ailə biznesi ənənəsini inkişaf etdirmək üçün həm zamana, həm də maliyyə dəstəyinə ehtiyac var. Sözügedən sahə çox vəsait tələb edir - heyvanların alınması, fermaların tikilməsi, müəssisələrin qurulması və s. Buna ailələr kiçik büdcə ilə birdən nail ola bilməzlər, xırda təsərrüfatla başlamaq lazımdır" - söyləyən Mahir Abbasov bu qənaətdədir.
Laçında heç bir enerji sərf etmədən süd məhsullarını aylarla saxlaya biləcək təbii soyuducular var
Mahir Abbasov Azərbaycanda əsrlərdir hazırlanan pendirlərdən danışarkən, qeyd edir ki, bizdə əsasən yağlı, orta yağlı, yağsız pendir istehsal olunur. Fransada elə pendir çeşidləri var ki, onları ən azı 3 ay ərzində hazırlayıb mağazalara təqdim edirlər. Onları 5 ilə qədər xüsusi bunkerlərdə saxlamaq mümkün olur. Həmin məhsullar dünyanın hər yerində öz alıcısını tapa bilir. Fransadakı təlimlərə həm də sözügedən pendir növlərinin hazırlanma üsulunu, reseptlərini öyrənmək üçün qatılmışdıq.
"Bundan başqa, fransızlar mayanın əldə edilməsi üçün kimyəvi qatqılardan istifadə edirlər. Mən təlimçiyə bildirdim ki, XIX əsrdə Qafqazda pendiri, südü mayalamaq üçün at qursağından istifadə edilib. Bu fakt fransızın təəccübünə səbəb oldu və internetdə dediklərimin sübutunu tapdı. Məlum oldu ki, bu üsulu o indi öyrənir. Orqanik qidaların hazırlanması baxımından biz onlardan öndəyik. Fəaliyyətimizi inkişaf etdirsək, öz reseptlərimizi dünyaya çıxara bilərik. Həmçinin istehsal etdiyimiz pendirləri və yağları buradakı təbii soyuducu hesab olunan mağaralarda heç bir enerji sərf etmədən uzun müddət saxlamaq imkanımız da olacaq".
Motal pendiri, ya kifli pendir?
Laçınlı Mahir fransız təlimçilərə motal pendiri barədə dərs keçib:
- Fransızlar kifli pendirə üstünük verirlər, biz isə bu pendiri o qədər sevmirik. Elə bu mövzya uyğun olaraq, milli qidalarla bağlı təlimçi ilə aramızda 40 dəqiqəyə yaxın mübahisə oldu. Mən motalın necə hazırlanmasını, qoyunun dərisinin necə kəsilməsini təlimçiyə izah edəndən sonra o, Gürcüstanda pendirin bu cür hazırlanmasından xəbərdar olduğunu, ancaq resepti öyrənə bilmədiyini dedi. Motal pendirinin hazırlanma qaydasını ona izah edəndən sonra təlimçi razılaşdı ki, sözügedən pendirimiz onların kifli pendirindən üstündür.
"Laçında itkisiz istehsal sahələrinin yaradılması gözəl nümunə olacaq"
Fransız istehsalı süd məhsullarındakı kimyəvi qatqılardan danışan Mahir Abbasova son sualımız həqiqi orqanik məhsullar barədə oldu.
"Fransızlar bir çox məhsulların istehsalında kimyəvi qatqılardan istifadə edirlər. Məsələn, limon dadı verən xama hazırlayanlar təbii ki, xamaya limon suyu deyil, müxtəlif kimyəvi qatqılar əlavə edirlər. Həmin məhsulun uzun müddət saxlanılması üçün də başqa kimyəvi maddə əlavə olunur. Ancaq oradakı bəzi müsəssisələrin istehsal etdiyi elə təmiz orqanik süd məhsulları da var ki, onların istifadə müddəti bir, ya bir neçə sutkadan artıq deyil. Az miqdarda istehsal edilən belə məhsulların öz alıcıları var. Bu müddət ötəndən sonra həmin məhsullar satılmırsa, yararsız hesab edilir və satışdan çıxarılaraq donuz fermalarında yem kimi istifadə olunur. Bundan başqa, pendir istehsalında istifadə edilən su sonradan təbiətə zərər verilməməsi üçün kanalizasiyaya axıdılmır, bu su da müvafiq olaraq donuz fermalarına göndərilir. Yəni itkisiz təsərrüfat! Avropadan öyrənəcəyimiz əsas məsələ budur".
Laçında Abadlıq Xidmətinin yaratdığı - kompost, akvaponika sistemlərinin, orqanik məhsul yetişdirən istixanaların, ekoodun və digər müəssisələrin məhz belə çalışdığını vurğulayan qəhrəmanımız südçülük müəssisəsi açılana qədər yaşıllaşdırma sahəsi üzrə fəaliyyət göstərdiyini və doğulub boya-başa çatdığı şəhərinin abadlaşdırılmasında əməyinin çox olduğunu deyir.
Məmməd ŞƏRİF