|
|
|
|
“Söz var ki, qırmızıcana adamın üzünə deyilir, biri söznən ağ eləyir, digəri qan qaraldır. Sözün deyilmə tərzinə görə sozalma, bozarma, qaralma, qızarma, saralma, göyərmə hallarına da tez-tez rast gəlinir. Sözün çəkisi də var. Çəkiyə fikir verəndə gərək çalışasan ki, həmin söz güldən ağır olmasın.
Hə, demədim axı, bir də var “O söz”. Deyilməyən sözlər işarə bildirən “O söz”ün qabığıdır. Qabığın içindədir “O Söz”. Biri birinin ağlına şübhə eləyəndə, əməlinə şəkk gətirəndə şəhadət barmağını dayayır gicgahına və deyir: “O Söz”.
Yox, bunlar mənim fikirlərim deyil. Bunlar bir neçə gün əvvəl müəllif tərəfindən hədiyyə olunan və bu yaxınlarda ilin qış fəsli olmasına baxmayaraq Günəşli bir səhər günü oxuyub bitirdiyim “Aylı bir gecə” kitabındandır – Hüseyn Əsgərovun sözləridir.
Hüseyn Əsgərov uzun illərin jurnalistidir. Yəni, son illərə kimi mən onu bu cür tanıyırdım. 2003-cü ildə “Şərq qapısı” qəzetində işə başlayanda redaksiyamızda onu tez-tez görürdüm. O zamanlar Hüseyn Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri işləyirdi. Yəni bir növ məmur vəzifəsində idi.
Bəlkə də düşüncələrimdə yanılıram, amma mən nədənsə belə düşünürdüm ki, məmurlar yaradıcı ola bilməzlər. Bu steorotipi dağıdan isə məhz “Aylı bir gecə” kitabı oldu. Məmur kimi tanıdığım Hüseyn Əsgərov başqa bir işə keçəndən sonra (indi o Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəridir) indiyə kimi qələmə aldığı, efirlərdə səsləndirdiyi bədii-publisistik mətnlərini bir yerə toplayıb kitab halına gətirdi.
Bundan sonra mənə bəlli oldu ki, Hüseyn müəllim həm də gənc yaşlarından bədii yaradıcılıqla məşğul imiş. Bunu adıçəkilən kitabı oxuduqca da hiss edirsən.
Kitaba ön söz yazmış Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın “Bu kitabı oxumağa dəyər” başlıqlı fikirləri də dediklərimizi təsdiq edir. Elə ön sözün adının da ötəri bir cümlə olmadığını oxuculara xatırlatmaq istərdim. Asim Yadigar yazır: “Bu kitabda toplanmış hekayə, bədii-publisistik yazıların bir qismi ilə çoxdan – Hüseyn Əsgərovla Naxçıvan teleradiosunda birgə işlədiyim illərdən tanışam.
Şəxsi tanışlığım isə daha əvvəldəndir. Hər ikimiz “Şərur qönçələri” ədəbi birliyinin şinelindən çıxmışıq. O, bir qərinədən çoxdur ki, mətbuatda, tele-radioda, dövlət orqanlarının mətbuat xidmətindədir. Bu illər ərzində müəllifi olduğu minlərlə informasiyaları, analitik, bədii-publisistik məqalələri, rəsmi mövqeni ifadə edən yazıları qəzet və jurnallarda çap edilmiş, efir həllini tapmışdır. Onun informasiyaları daha çox xəbər yükü daşıması, analitikası araşdırma, publisistikası isə bədiiliyi ilə səciyyələnir. Hesab edirəm ki, çoxillik jurnalistika fəaliyyəti fonunda kitabda toplanan yazıların sayı olduqca azdır. Çünki bu kitabda yer almayan onlarla səhnəcik və felyetonları hələ də oxucu və tamaşaçıların yadındadır”.
Asim Yadigarın bu fikirlərini o mənada qeyd etdim ki, Hüseyn müəllimin 1977-ci ildən ADU-nun Jurnalistika fakultəsini bitirdikdən sonra təxminən 40 ilə yaxın yaradıcılıq fəaliyyətinin ümumi mənzərəsi oxucular üçün də aydınlaşsın.
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti olan Hüseyn Əsgərovun “Aylı bir gecə” kitabında onlarla publisistik məqaləsi, felyetonları, satirik hekayələri, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İran müəlliflərindən etdiyi tərcümələri və digər yazıları toplanmışdır.
Kitabı oxuduqca Hüseyn Əsgərovun müasir dövrümüzün “Molla Nəsrəddin”i olaraq cəmiyyətdəki çatışmayan cəhətləri iynələdiyini də müşahidə etmək olar. Hansı yazısını oxuyursan oxu, orada mütləq satirik üslub diqqəti cəlb edir. Bu mənada müəllifin özünəxas ironiyasi, gülüş elementlərinin orijinallığı oxucuları kitabın hər səhifəsində müəyyən fasilə verərək doyunca gülməsinə və bu gülüşdən ağıllı bir nəticə çıxarmasına səbəb olacaqdır. Elə bu yerdə onu da qeyd edim ki, Hüseyn müəllim həddindən artıq Mirzə Cəlil sevdalısı, “Molla Nəsrəddin” aşiqidir.
Onun təkcə satirası deyil, mətnlərinin bədii ağırlığı sözə necə həssas və məsuliyyətlə yanaşdığını da ortaya qoyur. “Bahar sevincləri” etüdündəki aşağıdakı cümlələrə diqqət çəkmək istərdim:
“Ucsuz-bucaqsız zəmilərin bir əlçim heykəli olan səməni işığında göyərdi bu bahar. Göyərdikcə təbiətin gözəlliklərlə cilvələnən lacivərd qoynunda yarpaqları mirvari şəbnəmlə yuyulmuş zərif novruzgüllərində, quşların şaqraq nəğmələrində addım-addım dirəşkən qışın üstünə yeridi. Qayaların köksündə şərqisi buza dönmüş irmaqlar yenidən öz nəğməsinə başladı”.
Hüseyn müəllimin yazılarına seçdiyi başlıqlar da oxucunu ənənəvilikdən uzaqlaşdırır və yeni ovqat kimi düşüncələrinə hakim kəsilir. “Ayrılıq” körpü salır”, “Dəmir iradənin tikanlı məftillərdən güclü olduğu gün”, “Axırıncı Xoruz”, “Robinzon Kruzo və başqaları”, “Heraklın on üçüncü qoçaqlığı”, “İntellektual robot”, “Ölməz Kaşşeyin ölümü”, “Darmayed meydanını Behişt kandidatları” və bu kimi başlıqların hər birində mövzunun fərqliliyi də özünü göstərir.
Kitabın “Vüsala səsləyən “Ayrılıq” bölməsində Hüseyn Əsgərovun ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində Naxçıvan Televiziyasında efirə gedən “Ayrılıq” verilişinin mətnləri təqdim olunub. Həmin mətnləri oxuduqca indi efirə gedən məşhur bir axtarış verilişinin ilkin təsirinin hardan gəldiyi bəlli olur. Hələ ötən əsrin sonlarında Hüseyn müəllim öz “Ayrılıq”ı vasitəsiylə, itmiş övladları, qızları, anaları, ataları tapır və doğmaları doğmalara qovuşdururdu. Amma Hüseyn müəllimin verilişləri əsəb gərginliyi və ağlaşmalarla deyil, tarixin xalqımıza qarşı amansızlığının nəticəsində öz doğmalarından ayrı düşənlərin qonşu İranın yaxın kənd və vilayətlərindən tapılması ilə yadda qalırdı. Bu gün də Naxçıvanda və İranın yaxın yaşayış məntəqələrində izlənilən həmin verilişi xatırlayanlar kifayət qədərdir. Oxucularda təsəvvür yaratmaq üçün həmin verilişə, dolayısıyla Hüseyn Əsgərova Babək rayonunun “Bulqan” kəndindən Nənəxanım Bağırovadan gələn bir məktubdan aşağıdakı cümlələri qeyd etmək istəyirəm: “Ayrılıq” verilişinə baxdıqca qızım Nurxanımın 50 ildən sonra Arazın o tayından məni səsləyəcəyinə inanıram. 1937-ci ildə Bulqan kəndində yaşadığımız vaxt 12 yaşındakı qızım Arazdan içməli su götürmək üçün çaya yaxınlaşanda ayağı sürüşüb və çaya düşüb. Deyilənə görə, qızımı Arazın o tayında Yəhya adlı bir çoban xilas edib. Həmin gündən qızımın sorağındayam. İndi ömrümün 90-cı ilini yaşadığım bir vaxtda sizə müraciət etməyim heç də hədər deyil. Mənim uzun ömür sürməyimin birinci səbəbi qızım Nurxanımın həsrəti olub ki, hardasa, nə vaxtsa onunla görüşəcəyəm. Əminəm ki, bu görüş sizin vasitənizlə baş tutacaq”.
Məhz bu verilişdə həmin məktub səslənəndən sonra redaksiyaya zəng gəlir və Nurxanımın qızı tezliklə nənəsi Nənəxanımın görüşünə gələcəklərini bildirir və bu görüş baş tutur. 45 ildən sonra ana və balanın Culfa rayonunda Araz üzərindəki körpüdəki görüşü orda olan hər kəsi sevincdən ağladır.
Kitabda xüsusi bölmədə verilən bu cür xoş xəbərlərin bədii ifadəsi Hüseyn Əsgərovun qələmiylə oxuculara çatdırılıb.
Çoxdan idi məni belə həyat hekayələri ilə kövrəldən, eyni zamanda satirasıyla güldürən, ironiyası ilə düşündürən kitab oxumamışdım. Məhz bu kitabı oxuduqdan sonra elə bu yazıyla Hüseyn müəllimə bir oxucu kimi öz minnətdarlığımı bildirmək istərdim.
İnanıram ki, 60 yaşında ilk dəfə kitabıyla oxucularının görüşünə gələn Hüseyn müəllimin qovluğundakı digər yazılarını da biz növbəti kitablarında oxuma sevinci yaşayacağıq.
Elxan YURDOĞLU