İyunun 5-də Azərbaycan Dövlət Filarmoniyasında fransalı bəstəkar və “LAmoureux” simfonik orkestrinin bədii rəhbəri Pyer Tiluanun “Xocalı-613” əsəri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestrinin ifasında təqdim edilib.
Təqdimatdan öncə layihənin təşəbbüskarı, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Əyyub Quliyev və əsərin müəllifi ilə ətraflı söhbətləşmək imkanımız oldu. Uzun illərdən bəri Fransa ilə Azərbaycan arasında mədəni körpülərdən birinin yaradıcısı olan Pyer Tilua ölkəmizlə bağlı zəngin təəssüratlarını bölüşdü, “Xocalı-613” əsərinin sülhə və bir daha belə faciələrin törədilməməsinə çağırış olduğunu vurğuladı.
Pyer Tilua 1970-ci ildə Fransada dünyaya gəlib. 1990-cı ildən etibarən musiqi yaradıcılığı ilə məşğuldur. Bəstəkar öz ölkəsində maraqla qarşılanan bir çox simfonik əsərlərin müəllifidir.
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycana ilk gəlişi 2001-ci ildə gerçəkləşib:
“2001-ci ildə Rokfeller Fondunun Nyu-York şəhərində keçirdiyi möhtəşəm bir müsabiqədə əsərim qalib gəldi, Avropa üzrə laureat oldum. Həmin müsabiqədə xüsusi bir layihə həyata keçirilirdi. Həmin layihəyə əsasən müsabiqədə qalib olan bəstəkar müəyyən ölkələrlə əlaqələr qurub onların mədəniyyətlərini öyrənmə imkanı əldə edirdi. Həmin müsabiqədən sonra Azərbaycana dəvət olundum, gözəl ölkənizlə ilk tanışlığım onda yarandı. Elə ilk görüşdən Azərbaycana vuruldum. Bu ölkənin çox möhtəşəm tarixi, mədəniyyəti var. Ondan sonra məni dəfələrlə Azərbaycana, Bakıya dəvət etdilər, müxtəlif layihələrdə iştirak elədim. Hər dəfə Bakıya gəldikdə fikirləşirdim ki, yəqin, bu artıq sonuncu səfərdir. Amma son olmur. Mən çox sevinirəm ki, məni unutmurlar və dəvət edirlər”.
Bəstəkar bildirdi ki, “Xocalı-613” əsəri Bakıda ilk dəfə təqdim edilir:
“Bu əsərin proqrama salınması mənim üçün bir daha Bakıya gəlmək imkanı yaratdı. Bakını çox sevirəm.
İndiyədək “Xocalı-613” Fransa ilə yanaşı bir çox ölkələrdə - İngiltərədə, İtaliyada, Belçikada ifa olunub. “Xocalı-613”ün premyerası İngiltərənin paytaxtı Londonda keçirilib. Ancaq bu əsərin Azərbaycan Dövlət Simfonik Orkestinin ifasında səslənməsi mənim üçün çox əlamətdar və vacib bir hadisədir. İndiyədək bir neçə dəfə Azərbaycanda olmuşam. Artıq Azərbaycanın mədəniyyətini tanıyıram, tarixini bilirəm, dilini çox sevirəm. Yəni, bunları artıq çox mənimsəmişəm. Azərbaycandakı dəyərli dostlarımla qürur duyuram. Azərbaycanda bir çox bəstəkarlarla, həmçinin Xəyyam Mirzəzadə ilə dostluq edirəm”.
Pyer Tilua indiyədək Azərbaycanla bağlı bir çox layihələr həyata keçirib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi Azərbaycan bəstəkarlarının əsərlərinin Fransada tanıdılması üçün xeyli iş görüb. Fransada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “İpək və od” festivalını təşkil etməyi planlaşdırır. Bəstəkarın Azərbaycan musiqisinin motivləri əsasında bir çox əsərləri var. Onların arasında “Yanardağ” adlı simfonik əsəri xüsusilə maraq doğurur. Özünün də qeyd etdiyi kimi, o, Azərbaycanın tarixindən, mədəniyyətindən ilhamlanaraq bu əsərləri ərsəyə gətirib.
Bu yaxınlarda Fransanın ən qədim simfonik orkestri olan “LAmoureux”a bədii direktor təyin edilmiş Pyer Tiluanın hazırladığı ilk proqramda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqilər yer alıb. Bu kimi məsələlərlə bağlı o, Azərbaycan- Fransa Mədəniyyət Assosiasiyasının sədri Aytən Muradova ilə mütəmadi məsləhətləşir.
Erməni diasporunun güclü olduğu Fransada Xocalı faciəsi ilə bağlı əsərin yaranması, səsləndirilməsi, təbii ki, müəllifə böyük çətinliklər bahasına başa gəlib.
Özünün bildirdiyinə görə, buna görə dəfələrlə erməni diasporunun güclü təpkisi, təzyiqi ilə üzləşməli olub:
“Xocalı-613”ün Fransada təqdimatından əvvəl erməni diasporunun nümayəndələri dəfələrlə mənə zəng vurub hədə-qorxu gəliblər. Deyirdilər ki, səhv edirsən, bu yoldan çəkil, həyat yoldaşının harada işlədiyini, oğlunun hansı məktəbdə oxuduğunu bilirik, sənə baha başa gələr. Ancaq heç nə məni “Xocalı- 613”ü də Fransanın bir çox şəhərlərində, eləcə də dünyada təqdim etməkdən çəkindirə bilməzdi. Fikrimcə, əsl dost həm də dar gündə insanın yanında olandır. Sevincini bölüşdüyün dostun çətin, ağır gündə də yanında olmaq lazımdır. Azərbaycanın faciəsi, kədəri məni çox təsirləndirir. Mənə çox ağır gəlir ki, Xocalıda o dəhşətli qırğın olanda niyə beynəlxalq təşkilatlar buna lazımi münasibət bildirməyib? “Xocalı-613” əsərini yazmaqla mən bəstəkar kimi haqq sözümü demək, dost Azərbaycan xalqına dəstək olmaq istəmişəm. O faciəni bütün ruhumla, ürəyimlə duyuram: elə bli ki, özüm orda olmuşam, bunu yaşamışam, Xocalı faciəsini öz faciəm hesab edirəm”.
Pyer Tilua Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycanın Fransadakı səfirliyinə onun ölkəmizlə bağlı həyata keçirdiyi mədəni layihələrə yüksək səviyyədə dəstək göstərdikləri üçün dərin minnətdarlığını ünvanladı. Bəstəkar vurğuladı ki, hər iki qurum onun fəaliyyətində çox vacib rol oynayır:
“Heydər Əliyev Fondu və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi olmasaydı, gördüyüm işləri bu səviyyədə həyata keçirmək çox çətin olardı. Əməkdaşlığımızın davamlı olacağına ümid edirəm.
Azərbaycanla sıx əlaqələrim, burada gözəl dostlarım olduğuna görə çox sevinir və qürur duyuram. Həyat yoldaşım Haut-Elzas Universitetinin müəllimi Qreta Komur Tilua işlədiyi ali təhsil ocağında Azərbaycan mədəniyyətindən dərs deyir. O da Azərbaycanın tanınması üçün xeyli işlər görür. Ailəvi yığışanda Azərbaycan yeməkləri bişiririk. Azərbaycan ədviyyatlarından, nardan çox istifadə edirik. Bu, artıq bizə o qədər təbii görünür ki, sanki həyatımızın bir hissəsidir. 9 yaşlı oğlum da Azərbaycanı çox sevir. Ümidvaram ki, Azərbaycanla əlaqələrimiz gələcəkdə daha geniş miqyas alacaq”.
lll
Tanınmış dirijorumuz Əyyub Quliyev isə söhbət zamanı qeyd etdi ki, Fransa kimi bir ölkənin bəstəkarının unudulmaz tarixi faciəmiz barəsində əsər yazması çox əlamətdar hadisədir. Bunu təbliğ etmək, tanıtmaq lazımdır. Çoxdan bir fürsət gözləyirdim ki, Pyeri yenidən Bakıya dəvət edək və onun “Xocalı-613” əsərini burada səsləndirək. Elə alındı ki, Filarmoniyada orkestrin proqramının tərtibatı mənə həvalə olundu. Dərhal Pyer Tiluanın “Xocalı- 613” əsərini proqrama daxil etdim. Müəyyən texniki problemlərə baxmayaraq, bu işin öhdəsindən gəldik. Pyerlə əməkdaşlıqdan çox böyük zövq aldım. Professional bir bəstəkar olmaqla yanaşı, çox yaxşı insandır, dəyərli dostdur. İşini gözəl bilir. Düşünürəm ki, “Xocalı-613” çox gözəl bir sənət əsəridir. O, bu əsərlə faciədə həlak olan həmvətənlərimizə böyük ehtiram nümayiş etdirib. Pyer Tiluanın “Xocalı-613” əsəri faciədə həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılmış möhtəşəm musiqi abidəsidir. Buna görə Pyerə çox minnətdarıq. İstərdim ki, bu əsəri başqa xarici ölkələrdə də ifa edək”.
Sevinc MÜRVƏTQIZI