Ermənistanda vəziyyət gərgin olaraq qalır. Məlum olduğu kimi iyulun 16-da "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvləri İrəvanda polis bölməsini ələ keçiriblər.
Silahlı qrup 6 polisi girov götürüb, daha sonra bir nəfəri azad edib. Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq silahlıları təslim olmağa çağırıb, lakin vəziyyətdə hələ ki dəyişiklik baş verməyib. Zəbt edilən patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının qarşısına hərbi texnika yeridilib. Binanın həyətinə iki zirehli maşın daxil olub.
Polis patrul-mühafizə alayına basqın edən şəxslər silahlı qiyamın başladığını bildirib, hakimiyyətdən istefa verməyi tələb ediblər. Hücum nəticəsində polkun ərazisində bəzi şəxslər girov götürülüb, polis əməkdaşı polkovnik Artur Vanoyan isə öldürülüb.
Bu barədə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan erməni mətbuatına məlumat verib. Onun sözlərinə görə, polis polkovniki Aram Hovanesyan, polkovnik-leytenant Hraç Xosteqyan və praporşik Qaqik Mkrtçyan güllə yarası alıblar.
Basqın iştirakçıları - iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın tərəfdarları onun azadlığa buraxılması tələbini səsləndiriblər.
Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yerli mətbuata açıqlamasında həmin şəxslərin prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildiriblər.
Məlum hadisə ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Türkiyədə baş verənlərlə Ermənistanda bir neçə quldurun basqın edərək bir neçə polisi girov götürməsi tam fərqli olaylardır: "Çox böyük ehtimalla bu, Serj Sarkisyan və çevrəsinin öz oyunudur. Xatırlayırsınızsa, Prezident İlham Əliyevlə Moskva görüşü öncəsi, forpostbaşı soyadı ölkəsinin və xalqının indiki durumunu dəqiqliklə əks etdirən Səfilyan deyilən birini dəstəsiylə tutdurmuşdu ki, guya onlar dövlət çevrilişi hazırlayırlarmış. Rusiya əleyhinə davamlı olaraq təşkil edilən aksiyalar və bu tutulma hadisəsi ona görə idi ki, həmsədrlər, özəlliklə də Moskva Serj Sarkisyanın Dağlıq Qarabağ məsələsində güzəştə getmək imkanının olmadığını və əgər gedərsə, bütün Ermənistanın ayağa qalxacağını anlasın".
Deputat qeyd edib ki, növbəti görüşə hazırlıq getdiyi ərəfədə aralarında heç şübhəsiz ki, güc strukturlarına bağlı adamların da olduğu ekstremistlərin İrəvandakı polis idarələrindən birini ələ keçirərək Səfilyanın azadlığa çıxmasını tələb etmələrinin arxasında da eyni niyyət gizlənir: "Əlində başqa təsir imkanları olmayan Serj Sarkisyan status-kvonun qorunub saxlanması üçün bu yolla manevr etməyə çalışır. Maraqlıdır ki, son bir neçə açıqlamasında ilin sonunadək Ermənistanın Azərbaycanın işğal altındakı 5 rayonunu boşaldacağını bildirən rusiyalı politoloq Sergey Markov indi də İrəvanda baş verənlərə dayanaraq bunun Qarabağla bağlı kompromis imkanlarını azaltdığını deyir".
S.Alıyev hesab edir ki, Rusiya və digər həmsədr dövlətlər də anlamalıdırlar ki, onlar ermənilərin nazıyla oynaya bilərlər, ancaq torpağı işğal altında olan Azərbaycanı səfilyanların nə düşündüyü az maraqlandırır: "Bir halda ki, bir qrup ekstremist güc tətbiq etməklə Markovun dediyi kimi Ermənistanın kompromis imkanlarını azaldır, onda həmsədr dövlətlər çəkilib dursunlar bir qıraqda, qoysunlar Azərbaycan ordusu eyni metodla bunun tərsini etsin. Yəni, cəbhədə elə bir vəziyyət yaratsın ki, Sarkisyana kompromisə getmək üçün ağız açmaq lazım gəlməsin, o özü səfilyanlar da yanında həmsədrlər qarşısında diz çökərək istənilən şərti yerinə yetirməyə hazır olduqlarını bildirsin".
Siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Ermənistanda baş verən bu hadisələr gözlənilən idi: "Çünki işğalçı ölkədə siyasi, iqtisadi və hərbi vəziyyət elə bir səviyyədə idi ki, artıq müvafiq qərarlar qəbul olunmalıydı. Eyni zamanda, qərbyönümlü siyasətçilər artıq Sarkisyanın idarəçiliyi ilə razılaşmırlar. Həm də Rusiyanın təkidlərinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan müvafiq addımlar atmaq istəmir. Sarkisyan həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də prezident İlham Əliyevlə Vyana və Sankt-Peterburq görüşündə münaqişənin həlli ilə bağlı danışıqlar aparır, digər tərəfdən Qarabağ separatçılara "müstəqillik" söz verir, mətbuata açıqlamalarında Dağlıq Qarabağın heç vaxt Azərbaycana verilməyəcəyini deyir. Onun məqsədi yalnız status-kvonu qoruyub saxlamaq, bununla da öz hakimiyyətini uzatmaqdır. Bu da dolayısı ilə Ermənistanda narazılıqlara gətirib çıxarır".
A.Nağıyev hesab edir ki, Sarkisyanın istefaya getməsi Dağlıq Qarabağ münaqişəsinin həllini uzada bilər: "Ona görə də nəyin bahasına olursa olsun çeviklik göstərib danışıqlara bir daha qayıtmaq lazımdır. Çünki Ermənistanda dövlət çevrilişi və ya bunun imitasiyası olsa, Dağlıq Qarabağ münaqişəsinə yenidən baxıla bilər. Ola bilsin ki, bunun özü də siyasi bir gedişdir. Ümumiyyətlə, Sarkisyan bu məsələdə cavabdehliyini azaltmağa çalışır. Yəni, ondan olsa, bu gün istefa verər. Lakin onun hakimiyyətdən getməsi nə Rusiya, nə Qərb, nə də Azərbaycanı razı sala bilməz. Ona görə ki, Sarkisyan istefa versə, onun yerinə gələn şəxslə danışıqlarda əvvələ qayıdılacaq və yeni fikirlər, təkliflərlə qarşılaşa bilərik. Bu da münaqişənin uzadılmasına gətirib çıxarır. Bu mənada Ermənistanda baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinə ancaq mənfi təsir edə bilər".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistanda baş verən son hadisələr şou xarakterlidir: "Çünki miqyas etibarilə işğalçı ölkədə böyük hadisə baş verməyib. Sadəcə bir qrup silahlı şəxs polis bölməsinə daxil olub və işçiləri girov götürüb. Lakin Ermənistanın xüsusi xidmət orqanları məqsədyönlü şəkildə bu prosesi uzadır, bu hadisə ətrafında böyük bir şou yaratmağa çalışır. Eyni zamanda, Ermənistan prezidenti bu situasiyadan istifadə edərək öz əleyhdarlarını zərərsizləşdirməklə məşğul olur".
Politoloq bildirib ki, baş verənlərin mahiyyətini anlamaq üçün ilk növbədə Jirayir Səfilyan kimliyinə diqqət yetirmək lazımdır: "Bu şəxs Beyrut ermənisidir, terrorçudur. Səfilyan Ermənistanın Azərbaycana torpaqlarına hücuma başladığı dövrdə Beyrutdan gələrək terrorçu kimi işğal prosesində iştirak edib. Daha sonra həm Ter-Petrosyan, həm Koçaryan, həm də ilk illərdə Sarkisyan hakimiyyətinə kifayət qədər ciddi dəstək verib. Bundan sonra o işğal olunan Azərbaycan torpaqlarının qorunması istiqamətində təşkilat yaradıb. Bu qurumun funksiyası Ermənistanda vəziyyəti gərginləşdirmək üçün hərbi ritorik bəyanatlar vermək, aksiyalar təşkil etmək və Serk Sarkisyanın danışıqlar prosesində mövqelərini müdafiə etməkdən ibarət olub. Bu da eyni qəbildən olan şoudur".
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, Ermənistanda baş verənlərin çevrilişlə nəticələnməsi o qədər də inandırıcı görünmür. O "SİA"ya bildirib ki, baş verənlər Serj Sarkisyanın yarıtmaz siyasətinin nəticəsidir: "Ermənistanda polisi əsir götürüb, polkovniki ələ keçirənlərin əsas tələbi dövlət çevrilişinə cəhd adı ilə tutulan Jirayr Səfilyanın azad edilməsidir. O, Qarabağ döyüşlərində fəal iştirak edən silahlı dəstə başçısıdır. Son hadisələr göstərir ki, Ermənistanda bu proses davam edə bilər. Ümumiyyətlə, silahlıların hakimiyyətə gəlməsi üçün basqın və terrordan istifadə etmək ermənilərə xas olan məsələdir. Lakin bu hadisələrin coğrafiyası genişlənə bilər. Əgər belə olarsa, o zaman Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilər".
Düşmən ölkədə baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinin təsirinə gəlincə C. Nuriyev söyləyib ki, Ermənistandakı məlum hadisələr problemin həllinə müsbət təsir edə bilər: "Azərbaycanın Dağlıq Qarabağla bağlı xarici siyasəti artıq dəyişməz müstəviyə keçib. Ölkə prezidentinin münaqişənin həlli istiqamətində aparıdığı xarici siyasətdə siyasi iradə ortaya qoyması və dönməzliyi problemin müsbət həllinə istiqamətlənib. Ölkə başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində istənilən məsələ müzakirə edilə bilər. Artıq ABŞ-ın dövlət katibi Con Kerri, eləcə də Rusiyanın XİN başçısı Sergey Lavrov da Bakıya səfərindən sonra bu kimi ciddi bəyanatlar verib. Ermənistanda baş verən istənilən qarşıdurma da Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək. Çünki bu, Ermənistan və Dağlıq Qarabağ klanının bir araya gəlməsinin qarşısını alır. Bu baxımdan düşmən ölkədə baş verənləri müsbət qiymətləndirmək lazımdır. Hazırkı prosesləri münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə xidmət edən siyasi addım hesab etmək olar".
Ceyhun ABASOV