Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra elan olunan fövqəladə vəziyyətin müddəti daha 3 ay artırılacaq.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, bu barədə Milli Təhlükəsizlik Şurasının toplantısında hökumətə təklif verilib.
R. T. Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət müddətinin uzadılması ölkəyə faydalıdır:
“Məsələ elə dərindir ki, 3 aylıq müddətin kafi olmayacağı görünür. Fövqəladə vəziyyətin tətbiqi FETO və PKK kimi terror təşkilatlarına qarşı daha effektli mübarizə üçün çox vacibdir”.
Fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı xarici ölkələrdən gələn tənqidlərə də cavab verən R. T. Ərdoğan Fransada 1 il belə vəziyyətin elan olunduğunu vurğulayıb:
“Bizim vəzifəmiz bu millətin can, mal və əqli təhlükəsizliyini qorumaq və davam etdirməkdir. Kimsə bizə təqvim və ya yol xəritəsi təyin etməsin. Yol xəritəsini bu ölkənin hökuməti və təşkilatları müəyyən edir”.