|
|
|
|
Dünən Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad üzrə elmlər doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq bildirib ki, AMEA-nın müxbir üzvü Aqil Əliyevin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Qeyd edib ki, onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub: "Aqil Əliyev səhiyyə xidmətlərinin planlaşdırılması, ayrılan xərclərin dinamik artımının təmin edilməsi, demoqrafik inkişaf göstəricilərinin yaxşılaşdırılması istiqamətində araşdırmalar aparıb. O, sosial sahələrin, həmçinin səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsini konkret faktlarla əsaslandırıb. Alim Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olub".
AMEA-nın müxbir üzvü Aqil Əliyevin məhsuldar elmi tədqiqatlar aparmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu deyən akademik onun uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuduğunu, burada sıravi müəllimlikdən professor, kafedra müdiri vəzifəsinə qədər yüksəldiyini diqqətə çatdırıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Cəmiyyətşünaslığın iqtisadi əsaslarının sosial konsepsiyası" adlı məruzə ilə çıxış edib. Akademik bildirib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Sovet cəmiyyətinin sosial həyatının araşdırılması reallıqların əks etdirilməsi baxımından çətinlik yaratdığına görə çox vaxt arxa planda saxlanılıb. AMEA-nın müxbir üzvü Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin rolu və əhəmiyyətinə həsr etdiyi qiymətli elmi əsərləri ilə iqtisad elmindəki həmin boşluq aradan qaldırılıb: "Aqil Əliyev bu həssas istiqamətdə baş verən prosesləri təqdim etmək üçün sosial siyasətdən çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük verib. O, insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli şəkildə araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb, beləliklə, elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyən olunub. Bu mənada Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunmuş əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir".
Səhiyyənin iqtisadiyyatına həsr etdiyi tədqiqatları ilə Aqil Əliyevin Azərbaycan elmində yeni istiqamət açdığını deyən akademik İsa Həbibbəyli onun sosial iqtisadiyyata aid əsərləri ilə səhiyyənin iqtisadiyyatına dair araşdırmalarının bir-birini tamamladığını əlavə edib.
Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək Aqil Əliyev haqqında xatirələrini bölüşüb. Görkəmli alimin həyat və elmi fəaliyyətindən danışan akademik onun insani keyfiyyətlərindən də bəhs edib.
Tədbirdə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru Nazim İmanov bildirib ki, Aqil Əliyev ötən əsrin son rübündə həyat səviyyəsinin problemləri üzrə Azərbaycanın ən tanınmış iqtisadçılarından biri olub. N.İmanov vurğulayıb ki, Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi.
Sonra Nazim İmanov "İqtisadi inkişaf və ictimai rifah" adlı təqdimatla çıxış edib.
Daha sonra "Əhalinin həyat səviyyəsi və keyfiyyət problemlərinin tədqiqi sahəsində görkəmli iqtisadçı alim" adlı məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Şahbaz Muradov Aqil Əliyevin keçmiş SSRİ məkanında ilk dəfə olaraq əhalinin təkrar istehsalı, həyat səviyyəsi və keyfiyyətinin yaxşılaşdırılmasının maddi əsasını təşkil edən şəxsi istehlak problemlərini sistemli və kompleks şəkildə tədqiq etdiyini bildirib.
Tədbirdə fəlsəfə üzrə elmlər doktoru, professor Qoşqar Əliyev "Aqil Əliyevin elmi-pedaqoji və ictimai fəaliyyəti" adlı məruzə ilə çıxış edib. Daha sonra iqtisad üzrə elmlər doktoru, professor Rəna Sultanova "Görkəmli alimin şərəfli ömür yolu və müasirlik" adlı məruzəylə çıxış edib. Professor Aqil Əliyevlə birgə "Səhiyyənin iqtisadiyyatı" dərsliyini hazırladıqlarını xatırladan R.Sultanova qeyd edib ki, nəşrdə səhiyyə problemləri araşdırılıb, bu sahənin inkişafının ictimai istehsalla uzlaşdırılması və səmərəliliyinin artırılması, qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi, tibbi sığorta modelinin tətbiqi və dövlət büdcəsinin sosial yönümlü olması fikirləri irəli sürülüb.
Tədbir digər qonaqların Aqil Əliyevin həyat və elmi fəaliyyəti haqqında çıxışları ilə davam edib.
Bərdədə "Dini radikalizm və onun fəsadları" mövzusunda maarifləndirici tədbir oldu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər "İmamzadə" məscidi dini icması tərəfindən dekabrın 13-də "Tolerantlıq ənənələrinin qorunub saxlanılması" layihəsi çərçivəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Komitənin mətbuat xidmətinin yaydığı xəbərə görə, konfransda çıxış edən komitənin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib. O, eləcə də, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə şəhər "İmamzadə" məscidi dini icmasının sədri Ramazan Hüseynov mövzu barədə çıxış ediblər.
Çıxış edən natiqlər dini radikalizmin zərərlərindən, xüsusən də gənc nəslin bu cür təsirlərdən qorunmasının vacibliyindən, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılmasından, ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından bəhs ediblər. Ölkədə hər kəsin dini etiqad azadlığının təmin olunması və dövlətin bu sahədə yürütdüyü uğurlu siyasətin əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.