|
|
|
|
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Tədris-Metodik Şurasının qərarı ilə 2016-cı ildə fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mehmanəli Məmmədovun "Azərbaycanda texniki kitabxanaların inkişafı" adlı monoqrafiyası çap olunub.
Monoqrafiyanın elmi redaktoru Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Əməkdar elm xadimi, BDU-nun fəxri professoru, tarix elmləri doktoru Abuzər Xələfov, redaktor Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədovdur. Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanov və tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi monoqrafiyaya rəy yazıblar. Belə bir yüksək elmi səriştəyə malik heyətin birgə əməyi nəticəsində Azərbaycanda elmi-texniki kitabxanalar sistemi həm elmi, həm də təcrübi baxımdan tədqiq edilərək fundamental monoqrafik əsər meydana gəlib.
Azərbaycanda elmi texniki kitabxanalar şəbəkəsi müxtəlif vaxtlarda müxtəlif alimlər, tədqiqatçılar tərəfindən araşdırılsa da bu epizodik xarakter daşıyıb və ilk dəfə olaraq bu monoqrafiyada dosent M.Məmmədovun uzunmüddətli tədqiqatının, gərgin əməyi və böyük zəhmətinin nəticəsində elmi texniki kitabxanaların formalaşması və inkişafı tarixi, bütün fəaliyyət istiqamətləri daha geniş və müfəssəl şəkildə əhatə edilib.
Ön sözdə müəllif respublikamızın böyük tarixə malik olan müvafiq sahənin mütəxəssislərinin informasiya tələbatının ödənilməsində, ümumiyyətlə, ölkəmizdə texniki kadrların yetişdirilməsində, elmi-texniki tərəqqidə böyük xidmətləri olan texniki kitabxana şəbəkəsinin tədqiqinin əhəmiyyətini qeyd edib, Azərbaycanda ilk elmi-texniki kitabxananın XIX əsrin axırları, XX əsrin əvvəllərində yaranması, neft sənayesi işçilərinə xidmət edən 1895-ci ildə Qaraşəhərdə açılan A.S. Doroşenko adına kitabxana qiraətxana haqda məlumat verib, ayrı-ayrı texniki kitabxanaların yaranması və bu günümüzə qədər keçdiyi inkişaf tarixinə bir nəzər salıb, son illərdə texniki kitabxanaların fəaliyyətində mövcud durğunluq və problemləri də diqqətə çatdırıb.
"Azərbaycan respublikasının texniki kitabxanalar sistemi" adlanan birinci fəsildə bölmələr üzrə texniki kitabxanaların funksiya və vəzifələri, elmi və elmi-texniki kitabxana şəbəkələrinin formalaşması və inkişafı, maddi-texniki bazası və kadr təminatı, texniki kitabxanalarda kitabxana-informasiya texnologiyalarının işlənməsi və tətbiqi, kitabxanalararası abonement (KAA) sisteminin və normativ texniki sənədlər fondunun təşkili məsələləri ətraflı şəkildə əksini tapıb.
İkinci fəsildə "Elmi-texniki kitabxana fondlarının formalaşması" adlanır və burada texniki kitabxanaların komplektləşdirmə xüsusiyyətləri, fondun uçotu, elektron vasitələrlə təşkili və mühafizəsi, məzmunca və fiziki cəhətdən köhnəlmiş ədəbiyyatın fonddan çıxarılması, az istifadə edilən ədəbiyyatın depozitar fonda verilməsi, fondun yoxlanılmasından bəhs edilib. Monoqrafiyanın III fəslində elmi-texniki kitabxanaların informasiya resurslarının sistemli təhlili verilib, elmi-texniki ədəbiyyatın, patent və standartların, mikroformatların işlənməsi xüsusiyyətləri haqqında geniş informasiya əhatə edilib.
Elmi-texniki kitabxanaların soraq-axtarış aparatı, onun təşkili və strukturu, kataloq və kartotekaların təşkili, elektron nəşrlərin biblioqrafik təsviri, biblioqrafik xidmətin əsas istiqamətləri barədə məlumatlar monoqrafiyanın IV fəslində təqdim olunub.
"Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili" adlı V fəsildə elmi-texniki kitabxanalarda xidmətin təşkili xüsusiyyətləri, mütəxəssislərə kitabxana- informasiya xidmətinin əsas istiqamətləri, forma və üsulları, KAA ilə xidmət və onun texnoloji baxımdan təkmilləşdirilməsi, informasiyanın seçilmiş yayılması rejimində xidmət və sorğu-cavab rejimində xidmət prosesi haqqında geniş informasiya oxucuların nəzərinə çatdırılıb..
Metodik fəaliyyətin düzgün qurulması kitabxananın bütün istiqamətlər üzrə fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir. Odur ki, monoqrafiyanın sonuncu fəslinin elmi-texniki kitabxanaların elmi innovasiya və metodik fəaliyyətinə həsr edilməsi məqsədəuyğun alınıb. Burada metodik təminatın məzmunu, əhəmiyyəti və vəzifələri, metodik fəaliyyətin funksiya və prinsipləri, metodik təminatın əsas istiqamətləri əhatə edilib.
Sonda Azərbaycan Respublikasında fəaliyyət göstərən texniki kitabxanaların qısa icmalı verilib. Monoqrafiyanın müsbət cəhətlərindən biri də odur ki, Azərbaycanda elmi-texniki kitabxanalar şəbəkəsi müfəssəl şəkildə bu əsərdə tədqiq edilərək təkcə nəzəri informasiyalar deyil, əyani vasitələr də diqqətə çatdırılıb, bu kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına dair metodik tövsiyələr təqdim edilib, respublikada fəaliyyət göstərən texniki kitabxanalarla maraqlanan mütəxəssis-oxucular üçün icmal xarakterli faydalı məlumatlar təqdim olunub.
Belə monumental əsərin işıq üzü görməsi Azərbaycanda kitabxana işinin, elmi-texniki kitabxanalar şəbəkəsinin inkişafına, eləcə də milli kitabxanaçılıq resursları bazasına çox samballı bir töhfədir. Hesab edirəm ki, monoqrafiya sahənin mütəxəssisləri, elmi tədqiqatçılar, alimlər, tələbələr və geniş kitabxana ictimaiyyəti üçün faydalı elmi mənbə olmaqla yanaşı onların stolüstü kitabına çevriləcək və onların həm elmi, həm təcrübi, həm də tədris fəaliyyətində mükəmməl bir bələdçi olacaq.
Aidə ABDULLAYEVA
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri