|
|
|
|
Qlobal iqtisadi böhran bütün xarici ölkələr kimi, Azərbaycana da öz mənfi təsirlərini göstərib.
Neftin dünya bazarında kəskin şəkildə dəyərdən düşməsi, xüsusilə bu təbii ehtiyatın iqtisadiyyatın lokomotivi kimi çıxış etdiyi ölkələrdə maliyyə sabitliyini müəyyən qədər pozub. Lakin Azərbaycan dövləti dərhal böhranla mübarizə istiqamətində zəruri tədbirlər görməyə başlayıb, yeni dövrün çağırış və tələblərinə uyğun olaraq, iqtisadi və struktur islahatlar paketi, strateji yol xəritələri hazırlayaraq tezliklə maliyyə-iqtisadi stabiliyin bərpasına nail olub.
Baş verən bu kimi neqativ proseslərə baxmayaraq, keçən dövrlərdə olduğu kimi, post-neft dövründə də əhalinin sosial rifah halının yaxşılaşdırılması, ölkə vətəndaşlarının böhrandan minimum zərərlə çıxması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ona görə, böhranla mübarizə illərində də Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlərini davam etdirib. Açıqlanan rəqəmlərə görə, nəticə etibarilə Azərbaycanda işsizlik və yoxsulluq 5 faizə düşüb, minlərlə yeni müəssisə yaradılıb ki, bu da ölkədə 1,5 milyondan artıq yeni iş yerinin açılmasına imkan verib.
Ümumiyyətlə, Azərbaycanda 3 mindən çox məktəb, 6 yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib.
Bütün bunlarla yanaşı, ölkə əhalisinin bütün kommunal problemləri həll edilib. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Həmçinin, regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, bununla da əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. 4 su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.
Eyni zamanda, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Habelə, Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb.
Sosial tədbirlər çərçivəsində məcburi köçkünlərin mənzil-məişət problemləri də həll edilməkdir. Bu mənada, qayğıya ehtiyacı olan bu təbəqə üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.
Bu illər ərzində əhalinin maaş, pensiya təminatının yaxşılaşdırılması istiqamətində də addımlar atılıb. Bundan əlavə, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanıb, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.
Eyni zamanda, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər və media işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir.
Azərbaycanda aparılan quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışan Milli Məclisin deputatı Elman Nəsirov "525"ə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasət sosial məzmun və mahiyyət kəsb edir: "Ölkə başçısı dəfələrlə qeyd edib ki, inkişaf özü-özlüyündə bizim üçün məqsəd deyil: "Bizim əsas məqsədimiz inkişafa nail olmaqla vətəndaşlarımızın sosial rifahını yüksəltməkdir”. Yəni, insanlarımızın daha yaxşı şəraitdə yaşaması, onların rifahını daha da yüksəltmək Azərbaycan dövləti üçün prioritet məsələdir. Yəni, prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı dayanır. Bu baxımdan, dövlətimizin həyata keçirdiyi siyasət sosial yönümlüdür".
E.Nərisovun sözlərinə görə, bütün dünyanı caynağına alan iqtisadi-maliyyə böhranı ölkəmizdən də yan keçməyib: "Bu şəraitdə çoxları güman edirdilər ki, 2017-ci ilin qənaətcil büdcəsində sosial xərclərin həcmi azalacaq, dövlətin sosial siyasətində müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Lakin biz tamamilə bunun əksinin şahidi olduq. Bir daha məlum oldu ki, Azərbaycan prezidenti istənilən iqtisadi vəziyyətdən asılı olmayaraq, elə bir siyasət həyata keçirir ki, son nəticədə, bu, vətəndaşların rifahına, yaşayış səviyyəsinə mənfi təsir göstərməsin. Nəticədə, cari ilin bir qədər yığcam olan büdcəsinin 40 faizi yalnız sosial xərclərə yönəlib".
Hər il pensiya və sosial müavinətlərdə artımların müşahidə olunduğunu deyən deputat qeyd edib ki, yoxsulluğun səviyyəsi 10 il bundan əvvəl 49 faiz idisə, hazırda bu göstərici 5 faizə enib. İşsizlik problemi də təxminən, eyni vəziyyətdədir. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının atdığı bütün addımlar nəticə etibarilə ölkə vətəndaşlarının qlobal iqtisadi böhrandan, çətinliklərdən ən az zərərlə çıxa bilməsinə yönəlib. Buna da nail olunub".
E.Nəsirov deyib ki, seçicilərlə keçirdiyi görüşlər zamanı vətəndaşlar neftin qiymətinin yüksək olduğu illərdə kənd yollarına asfalt çəkilməsi məsələsinə toxunaraq, hazırkı şəraitdə - dünya bazarında neft qiymətlərinin 3-4 dəfə aşağı düşdüyü dövrdə bu prosesdə müəyyən problemlərin yaranacağını düşünürdülər: "Əhali prezident İlham Əliyevə təşəkkür edir ki, kənd yollarının çəkilməsi, bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsində də heç bir məhdudiyyət tətbiq olunmayıb. Əvvəlki dövrlərdə olduğu kimi, indi də dövlət bu istiqamətdə işlərin görülməsi üçün xərclər ayırır. Nəticədə kəndlərin yolları yenidən qurulur, yeni məktəb, baxça və xəstəxanalar tikilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Bu siyasəti xalqımız dəstəkləyir. Keçən il keçirilən ümumxalq səsverməsi - referendumda da xalqın prezidentin irəli sürdüyü təklifləri dəstəkləməsi bir daha sübut edir ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət sosial yönümlüdür və xalq tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Bu gün ölkəmizdə ona görə möhkəm ictimai-siyasi sabitlik mövcuddur ki, xalq və hakimiyyət birliyi var, vətəndaşlar prezidenti və hakimiyyəti dəstəkləyirlər. Prezident İlham Əliyev də hər zaman xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirir".
Ceyhun ABASOV