|
|
|
|
Nəzrin Nadirli
Xarici Dillər Təmayüllü
Gimnaziyanın 7 “B” sinif şagirdi
Günəş üfüqdən yenicə boylanmağa başlamışdı. Səhər təzəcə açılırdı.
Hava bir qədər günəşli olsa da, narın yağan yağış dənələri bitmək üzrə olan yazın təsirindən xəbər verirdi. Bu il Bakıda qış da çox soyuq olmadı. Yalnız hər dəqiqə donunu dəyişən havalar insanı çaş-baş salırdı.
Yayın gəlişi bir qədər ləngisə də, hidrometeoroloqlar yaxın zamanda havaların istiləşəcəyini deyirdilər.
Bakını seyrə çıxacaqdıq bu gün... Evdən çıxarkən hər ehtimala qarşı çətir götürməyi də unutmadım. Maşının arxa oturacağına əyləşdim. Hər zamankı kimi pəncərədən ətrafa baxırdım. Bayaqdan asta-asta şütüyən maşın magistral yola çıxdıqda sürətini artırdı. Evimiz şəhərin mərkəzindən bir qədər aralı yerləşsə də, yollar mənə çox tanış idi. Maşının şüşəsindən nüfuz edən günəşin şüalarından yanaqlarım qızarmışdı. Artıq buludlar da narın damcılar çiləməyi dayandırmışdı. Yolun kənarındakı gilas ağacına baxdıqca qəlbimdə sevinc kəpənəkləri uçuşurdu. Bir azdan tunelə girəcəkdik. Mən isə dalğın halda torpağa basdırılmış hündür işıq dirəklərini sayırdım.
Artıq yanaqlarımda günəşin isti şüalarını hiss etmirdim, çünki tunelə daxil olmuşduq.
Qaranlıq tuneli bəlkə də onlarla sarı lampa işıqlandırırdı. Bu, tunelə qeyri-adi gözəllik verirdi. Tunelin qurtaracağından gur işıq seli süzülürdü. Nəhayət, maşın yeraltı səltənətdən çıxıb, şütüməyinə davam etdi. Yenidən işıq dirəklərini saymağa başladım. Birdən gözüm hündür binalara sataşdı. Sanki bir-birləri ilə bəhsə girmişdilər – hansı daha hündür görünəcək deyə. Maşın bir qədər də irəlilədi. İndi Xəzər dənizi öz mavi suları ilə qarşımızda cilvələnirdi. İlk dəfə idi, bu qədər çox gəmi görürdüm Xəzərdə... Həyəcanla bir gəmini axtarırdım – Mübariz İbrahimovun adını daşıyan gəmini. Oxumuşdum ki, göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməklə yanaşı, bir gəmiyə də onun adını veriblər.
Görmədim o gəmini ... Qəlbimə kədər dolduğunu hiss etdim və birdən-birə bu kədər dəyişib məni doğma Qarabağ torpaqlarına çəkib apardı.
Ürəyimin dərinliyində bir boşluq hiss etdim... Hə!.. Qarabağ boşluğu idi, bu. Mən orada yaşamasam, oranı görməsəm də, ora mənim Vətənimdir! Azərbaycanın ürəyinin bir parçasıdır! Ulu babalarımızın bizə yadigarıdır, əmanətidir. İndi nə edəsən ki, əmanətimiz düşmən əlindədir.
Bu kədəri yalnız döyüş əmri qaldıra bilər... Deməli, yurdumuzu silah, qan bahasına qaytarmalı, əmanətimizi düşmən əlindən azad etməliyik! Bu inamı mənə Mübariz İbrahimov, Ramil Səfərov, Çingiz Mustafayev, onlarla, yüzlərlə cəsur Azərbaycan övladının misli-bərabəri görünməmiş şücaəti verir. İnşallah, o gün uzaqda deyil!..



