|
|
|
|
İyun ayının 5-də AMEA-nın Folklor İnstitutu Şamaxı şəhərində “folklorun toplanması və sistemləşdirilməsi problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirdi. Şamaxı rayon İcra Hakimiyyətinin təşkilati dəytəsi ilə şəhər mədəniyyət evində düzənlənən tədbirə folklora, xalq ədəbiyyatına dəyər verən görkəmli alimlər, şifahi ədəbiyyat araşdırıcıları, həmçinin, digər sahələri təmsil edən ziyalılar, müəllimlər, tələbələr qatılmışdı.
Konfransın plenar iclasında giriş sözü ilə çıxış edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini Qasım Qasımov öncə iştirakçıları salamladı, sonra folklorun, ağız ədəbiyyatının milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolundan və həmin konteksdə zənginliyi, əlvanlığı ilə seçilən, xalq yaradıcılığı xəzinəsinə qiymətli incilər bəxş etmiş Şirvan folklorunun məxsusi mahiyyətindən danışdı.
AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) çıxışına bu yaxınlarda 90 illik yubileyini təntənə ilə keçirdiyimiz ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: “Hər hansı bir azərbaycanlı özünüdərk prosesindən folklorunu, ədəbiyyat və mədəniyyətini mənimsəyərək keçməlidir”. Bu məntiqə söykənən natiq Azərbaycan folklorunun regional xüsusiyyətlərindən danışarkən ümümxalq yaradıcılığında Şirvan folklorunun ayrıca yeri olduğunu vurğuladı: “Şirvan həmin Şirvandır ki, söz sənəti tariximizə ölməz sənətkarlar, qüdrətli şairlər və aşıqlar bəxş edib. Şirvan həmin Şirvandır ki, burada ürfan fəlsəfəsinə söykənən ustad aşıqların məxsusi məktəbləri olmuşdur”.
M.Kazımoğlu bu gün folklorumuzun toplanması, araşdırılması və təbliğ olunması istiqamətində rəhbərlik etdiyi institutun gördüyü işlərlə bərabər qarşıda duran problemlərə toxundu, söyləyici və toplayıcı münasibətlərinə də bir aydınlıq gətirdi. O, qısa müddət ərzində Qarabağ bölgəsindən toplanmış materiallar əsasında işıq üzü görmüş üç cildlik “Qarabağ folkloru”nun elmi-ədəbi ictimaiyyətə çatdırılmasını institutun son uyğurlarından biri kimi diqqətə çatdırdı və əlavə etdi ki, bu istiqamətdə görəcəyimiz işlər hələ çoxdur.
M.Kazımoğlu çıxışının sonunda Folklor İnstitutunun toplayıb nəşr etdirdiyi üç cildlik “Qarabağ folkloru”nu, başqa kitabları və müxtəlif dövrün aşıqlarını bir araya gətirən albomu Şamaxı RİH başçısının I müavini Q.Qasımova hədiyyə edərək bu konfransın keçirilməsinə istiqanlı münasibət göstərən rayon rəhbəri Asif Ağayevə xüsusi təşəkkürünü bildirdi.
Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı Filialının direktoru Tünzalə Yusifova, BDU-nun professoru, görkəmli folklorşünas Qara Namazov, Şirvan folklorunun toplanıb nəşr olunmasında və araşdırmasında xüsusi xidmətləri olan filologiya elmləri doktoru Seyfəddin Qəniyev, professor Füzuli Bayat, təşkilati işlərdə yaxından iştirak edən Qalib Sayilov da çıxış edərək milli-etnik dəyərlər sistemində folklorun məxsusi yeri barədə maraqlı fikirlər söylədilər. Sonra konfrans öz işini ayrı-ayrı seksiyalarda – “Əzizə Cəfərzadə” və “İsrafil Abbaslı” bölmələrində davam etdirdi. Professor Füzuli Bayat və dosent Ağaverdi Xəlilin sədrlik etdiyi bölmələrdə folklorun toplanması və sistemləşdirilməsi mövzusunda iyirmidən artıq məruzə dinlənildi.
Sonda görkəmli folklorşünas, tərcüməçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev belə tədbirlərin milli-mənəvi əhəmiyyətindən danışaraq folklorla bağlı konfrans və simpoziumların əslində regionlarda keçirilməsinin daha effektiv olduğunu vurğuladı – çünki folklor özü regional hadisədir – söylədi.
Beləliklə, Şamaxıda – qədim Şirvan torpağında keçirilən folklor konfransı öz işini uğurla başa vurdu. Muxtar Kazımoğlu (İmanov) rəhbərlik etdiyi elmi müəssisənin adından və öz adından bütün qonaqlara, çıxışçılara və təşkilatçılara səmimi minnətdarlığını bildirdi, məruzəçilərə təşəkkür bilgilərini təqdim etdi.
A.CƏMİL



