Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş keçirilıb.
Görüşdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq səfir Robert Sekutanın fəaliyyəti haqqında məlumat verib.
Rektor bildirib ki, Robert Sekuta 2015-ci ildə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan öncə cənab Sekuta ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunda Dövlət katibinin köməkçisinin əsas müavini vəzifəsində çalışıb. Burada o, yeni Enerji Bürosunun yaradılması fəaliyyətinə və qlobal enerji təhlükəsizliyi proqramlarının uğurla həyata keçirilməsinə həlledici rəhbərlik edib, eyni zamanda, qlobal neft və qaz istehsalı sahəsində korrupsiyaya qarşı mübarizə, yaxşı idarəçilik və hesabatlıq təcrübəsinin qurulması istiqamətində aparılan təşəbbüslərə nəzarət edib.
O, əvvəllər Dövlət Departamentinin İqtisadiyyat, Enerji və Biznes Məsələləri Bürosunda Dövlət katibinin köməkçisinin enerji, sanksiyalar və əmtəə üzrə müavini vəzifəsində, İqtisadiyyat, Enerji və Biznes Məsələləri Bürosunda ərzaq təhlükəsizliyi üzrə baş məsləhətçi, Kabil şəhərindəki Səfirlikdə iqtisadiyyat və inkişaf məsələləri üzrə əlaqələndirici direktorun əsas müavini, Tokio şəhərindəki Səfirlikdə iqtisadiyyat məsələləri üzrə diplomatik nümayəndə-məsləhətçi, Berlin şəhərindəki Səfirlikdə iqtisadiyyat məsələləri üzrə diplomatik nümayəndə-məsləhətçi, İqtisadiyyat və Biznes Məsələləri Bürosunda İraq iqtisadiyyatı qrupunun rəhbəri, İqtisadiyyat və Biznes Məsələləri Bürosunda biotexnologiya üzrə xüsusi vasitəçi, İqtisadiyyat və Biznes Məsələləri Bürosunda iqtisadi-siyasi təhlil və xalq diplomatiyasının rəhbəri, ABŞ-ın Ticarət Nümayəndəliyinin ofisində aparıcı məsləhətçi və Tirana şəhərindəki Səfirlikdə missiya rəhbərinin müavini vəzifələrində çalışıb. Bundan əlavə o, Kosova üzrə işçi qrupuna rəhbərlik edib və karyera fəaliyyətinin ilk dövrlərində Yaxın Şərq və Cənubi Asiya Məsələləri Bürosunda fəaliyyət göstərib. Vyana, Bağdad, Yohannesburq və Sana şəhərlərində də fəaliyyət göstərib.
Sekuta Corctaun Universitetinin Diplomatik xidmət üzrə bakalavr dərəcəsini bitirib, Thunderbird Qlobal Menecment Məktəbinin magistratura dərəcəsini başa vurub və Vaşinqton D.C.-dəki Milli Müdafiə Universitetində magistratura dərəcəsi üzrə təhsil alıb. Dövlət Departamenti tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Alman, alban və ərəb dillərində, eləcə də müəyyən qədər Azərbaycan dilində danışır.
Səfir Robert Sekuta çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, Amerika ilə Azərbaycan arasında yaxşı əlaqə və münasibətlər var. Bu əlaqə və münasibətlərin yaxşı olmasının əsas səbəbi hər iki ölkənin buna səy göstərməsidir. ABŞ Azərbaycanı güclü, müasir, demokratik dövlət kimi görmək istəyir. Azərbaycanda yüksək multikulturalizm və tolerantlıq mühiti var. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqların uğurla həyata keçirildiyi bir ölkədir. ABŞ Azərbaycanla münasibətlərində ən çox 3 amilə - təhlükəsizlik məsələsinə, iqtisadi sahədə əməkdaşlığa və yaxşı idarəetmə amilinə üstünlük verir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində səylərini davam etdirir. ABŞ Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycan hərbiçilərinin NATO standartlarına uyğun təlim keçmələrinə, həmçinin ANAMA-nın fəaliyyətinə kömək edir. Eyni zamanda, ABŞ-ın təhsil sisteminin son nailiyyətlərinin Azərbaycanda öyrənilməsi və tətbiq edilməsi istiqamətində müxtəlif layihələr gerçəkləşdirilir, Bakıda və bölgələrdə ingilis dilinin tədrisinə dəstək verilir. Bilik və bacarıqlar çox önəmlidir. Hazırda “ömürboyu təhsil” anlayışı həyatımıza geniş daxil olub. Müasir dünyamızın sürətli inkişafına uyğun olaraq əldə edilən bilik və bacarıqlar daim yenilənməli, təkmilləşməlidir. Həmçinin, qazanılan bilik və bacarıqların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Müəllimlik bütün dünyada gözəl və müqəddəs peşə hesab edilir.
S.QARAYEVA