|
|
|
|
İmamverdi İsmayılov
Atın yəhəri, günün səhəri – yolun urvatlı, yolçu qardaş!..
lll
İnsanın ölümündən qabaqkı Etirafları - Günah Dualarıdır...
lll
Əlində çəkic olanda, hər adamı mismar yerinə qoyma, yoxsa qayıdıb səni də yaralayar...
lll
Başa qaxılan Yaxşılıq-şişin ucunda verilən çörək kimidir...
lll
Şahın da Şah yükü boyda qayğısı var...
lll
Əsl dostun saatı həm də sənin Vaxtını və Zamanını ölçər...
lll
Bu gün aldadıcı görünən, sabah düşündürücü ola bilər...
lll
Bacınızı təkcə bir səbəbə - tabutunun üstündə dil deyib ağlamasına, ağı deməsinə görə sevməyə dəyər...
lll
Dərd - onu içində çəkmək üçündür, başqasına göstərmək və yükləmək üçün yox...
lll
Haqq sənindirsə, Haqqın da Sənindir. Haqqı da qoru, haqqını da...
lll
İçində Qəflət gəzdirən düşmən – səngərdəkindən daha qorxuludur...
lll
Gözəl qadının bəzəyi aldadıcı, qəzəbi yandırıcı, xəyanəti öldürücü olur...
lll
İnsanın ən böyük qələbəsi- tamahınadır, ən böyük məğlubiyyəti də tamahınadır...
lll
Həyatın axarını pozma! Pozub xeyrinə dəyişməyə cəhd etmə – ziyan görərsən. Zamanı qabaqlamağa tələssən, zaman səni daha tez qabaqlayar...
lll
İçdiyin su, oturduğun kölgə- sanma ki, dədəndən qalıb, özünə və kölgənə baxıb qürrələnmə ki, bu da mənimdir...
lll
Ağıllı başa zərbə çox dəyər, amma sarsıtmaz...
lll
Qabağında gedən - əl tutanın, dalınca gələn isə ətək tutanındır...
lll
Daş üzlü insan – dərdi yaşamaq üçün yox, aşırmaq üçün yaşayır...
lll
Qeybət və Nifrət - həsəd və paxıllıqdan doğar...
lll
Dili sözlünün əli qələmli olur, gözü sözlünün əməli qorxulu...
lll
İnsani münasibətlərdə ikrah doğuran hərəkətlərdən ən asanı və ən ucuzu həyasızlıqdır...
lll
Qapını da qəlbini də açıq saxla, bağlama Allahın xeyir-bərəkət qapısını, Şeytana da daş at! Qismətin yetişəcək!..
lll
Barmaqlarını özün bilərsən, özünü gözə soxma...
lll
Rəqibinin zəifləməsini gözləmək, yenicə açmış çiçəyin nə vaxtsa afat vuracağını gözləmək kimi bir şeydir.
lll
Bərk yağış yağır... Göydən tökülən damlalar elə bil yerin, torpağın sinəsini çimdikləyir...
lll
İstedadlı adamın “düşmənlərindən” biri-istedadsız dostudur, gec-tez çəkib, dartıb öz səmtinə yıxacaq...
lll
İlk təəssürat bəzən aldadıcı olur... Odur ki, rəy söyləməyə tələsmə!
lll
Daşlaş yaşa, Başla yaşa!..
lll
Beli əyməyən yükü bəhanə etmə!
Beli əyən yük ağır sayılar...
lll
İnsanın gözü həm görəndir, həm də görünən...
lll
Görəsən, insanın göz yaşları niyə dupduru olur? Hansısa könül bulağının gözündən və közündən mayalandığındanmı?..
lll
Sənin Taleyinə damğa vuran da elə Tale özüdür...
lll
Hər münasibətdə və sövdələşmədə sətiraltı məna axtarma, səmimi ol və səmimiyyət axtar – axırda udan özün olacaqsan!..
lll
Ya qabaqda get, ya arxada – ortada dolaşmaq bir ömür deyil...
lll
Ağlı olanın Tamahı artıq olmaz, Tamahı olanın Ağlı...
lll
Xəyallara, nostalji hisslərə uyub özünü təcrid etmə, yorma özünü – “ Allah kərimdir” deyib, - Ümidlə yaşa, İnamlı ol, Ümid və İnam yaşadacaq səni!..
lll
Təlaşın və əsəbin düşməni – Təmkindir.
lll
Yatdığın yataq, durduğun otaq, udduğun hava, üzünə çilədiyin bir ovuc su – sənin müqəddəs həyat tərzin, “ömür-gün” yoldaşındır – qədrini bil!..
lll
Xoş sifətin, xoş qılığın, diqqətin və yanımcıllığın yoxdursa – bəs nəyin var sənin, İnsan oğlu?!
lll
Yalnız ölüm ayağında can ver! Danışanda, yeriyəndə, bir sözlə gündəlik həyatında can verib üzmə başqasını, yorma kimsəni...
lll
Nadanlıq insanlığı gəmirir, çeynəyir və udur...
lll
Bəxtindən gileylənmə, taleyindən şikayətlənmə, - Allah verəndir...
Sən yalnız öz yazını poza bilərsən, Allah bəndəsi!?
lll
Qaldıranı qaldır, yıxanı yıx!..
lll
Həyat – güzgüdür: səni də, başqasını da olduğu kimi göstərir... Səhvin – yaxşı görə bilməməyindir...
lll
Məclisdə oldun – doğuşu tərsinə gətirmə - yeyənlə ye, gülənlə gül, duranla dur...
lll
Səndən qaçan, qaçıran da özünsən...
lll
Sən özünsənsə, gözündə də gizlətmə özünü...
lll
Hamı Toy edir, hamı dəvətnamə paylayır, hamı da deyinir...
lll
Yüyənsiz atı hərə bir cür çapar...
lll
Əzəl gərək Ürəyin səxavətli ola, sonra cibin...
lll
Təkəbbür və Təmkin - üz-üzə yatan iki düşməndir...
lll
Ucalıq –boyla deyil, qəlblədir ...
lll
Hər xırdalıq və xırdaçılıq ailəni də, dostluğu da içindən yeyən qurd kimidir...
lll
Şöhrət və Dövlət – barama qurdu kimi bir şeydir, - aldadıb içəri salar, toxuyar və geri qaytarmaz... Arxaya qayıdan yolunu fikirləşmisənmi?!
lll
Külqabı da təmiz olanda gözəl görünür...
lll
Hirsli adamı Şeytan idarə edir...
lll
Əncir yeganə ağacdır ki, çiçək açmadan bar verir...
lll
Satqınlar və məlunlar hər dövrdə olub və onlar həmişə öz zamanlarına oxşayıblar...
lll
Əli ətəkdə olanın öz ətəyi olmasa, axırda da urvatsız qalacaq...
lll
Oğru adam doğru danışmaz.
lll
Hamı qəbiristanlıqda Mələk olur, çıxıb gedəndən sonra – yolu da, fikirləri də əfi ilanın dili kimi haçalanır...
lll
Ölü də Yiyəsi ilə Qiymətə minir...
lll
Məsuliyyətli Adam yatanda da özünə hesabat verir...
lll
Çəpgöz adam yolunun axarını, dayaz adam sözünün axırını düz gətirməz...
lll
Ayağının altını görmürsənsə, göyə əl uzadıb dua etməyin nə faydası!?.
lll
Dünyanı fani bilib yaşamaqdansa, əbədi dünyaya getmək daha yaxşıdır...
lll
Gözləri görməyən Allah bəndəsinin qəlbində gözəllik dünyası barədə öz dünyası var...Əl uzatmasan, toxunmasan yaxşıdır...
lll
Göydən Yarpaq Yağışı yağır – PAYIZDI – hər qopan yarpaq isə bir insanın ömrü və həm də bir insanın ölümüdür...
lll
Kasıb suda olur, varlı quruda. Su abrını bir paltarda da örtə bilər, ancaq abır örtmək üçün çox şey gərəkdir.
lll
Ən qorxulu şey – insanın içindəkini və düşündüyünü deməməsi, dilə gətirməməsidir...
lll
İnsan doğulduğu kimi də ölür: çılpaq gəlib, çılpaq da gedir...
lll
Mədə niyyəti başqadır, Mədəniyyət başqa...
lll
Heç bir insan istəyinə, arzusuna və iradəsinə görə əlil, şikəst və ya dəli doğulmur, - özünü bir anlıq onun yerində gör, - mərhəmətli ol, mərhəmət göstər!..
lll
Sabah nə olacağını tək Allah bilir, Onun da yerdəki bəndələriylə peyk rabitəsi yoxdur...
lll
İnsan səmimi olanda güclüdür...
lll
Məhəbbət və qısqanclıq – Allah və şeytandır...
lll
Əmim bir qonşusuna deyərdi: “Mən qaravuşam, sən qızıl quş... Mən yaxında oturub uzağı gözləyirəm, sənsə, özünü qara mıxa pərçimləyib məhv edirsən, ay bədbəxt!..”
lll
İnsanın və insanlığın ən böyük faciəsi budur: nə ölüb yenidən dirilə bilir, nə də itirdiyi günləri geri qaytarıb istədiyi kimi yaşaya bilir...
lll
Yaxşıların və yaxşılıq edənlərin vəzifəsi, rütbəsi və bölgüsü olmur: yaxşı elə yaxşıdır!..
lll
Uşağı ata-anadan və ya baba-nənədən – hər hansı birindən kənar saxlayırsansa, təcrid edirsənsə - böyük günaha batmış olursan; nə vaxtsa bunun cəzasını alacaqsan...
lll
... ŞöhrƏt iki üzlüdür: ya işdə, ya da evdə-ailədə... hər ikisi birdən və bir yerdə ola bilməz – biri açılanda biri bağlanar...
lll
Quzğunlara yem olmaq – riyakarlara qucaq açmaqdan yaxşıdır, çünki birincilər ölüləri didir, ikincilər diriləri...
lll
VƏZİFƏYƏ kənardan baxmaq – həsəd və paxıllıqdır, içəridən baxmaq – şərəf və məmnunluq...
lll
Tənə vuran, büdrəcəyin halda, Pinə də vuracaq...
lll
Ərk səndədirsə, Savab da səndədir...
lll
Allah bütün çətinlikləri insanları sınamaq üçün yaradıb...
lll
İnsanı çaşdıran - kölgəsinin boyundan artıq görünməsidir...
lll
Allahın Adını döyənək edincə, öz Adını yüyənək elə!..
lll
ATAM bir tanışına deyərdi ki, sənin kişi olmağına nə inamın çatar, nə də ömrün yetər...
lll
İrad bildirəndə inad göstərmə...
lll
Sağlam Can yoxdur, Nikbin Həyat var...
lll
Mən səninəm, sən mənim – düz bəndəyiksə, hər ikimiz Allahın!..