|
|
|
|
Şanlı qələbəmizdən keçən dövr ərzində işğaldan azad olunan rayon və kəndlərimizi yenidən görmək istəyi hər birimizin arzusudur desək, yəqin yanılmarıq. Lakin həmin yerlərdə doğulan və yaşayan şəxslər üçün bu arzu daha həyəcanvericidir. Onların zorla ayrılmaq məcburiyyətində qaldıqları və orada qoyub gəlməyə məcbur olduqları doğmalarının məzarlarını ziyarət etmək arzusu anlaşılandır. Amma bu zaman belə bir nigarançılıq da yaranır: görəsən, neçə illərdən bəri həsrətində olduqları məzarları yerində tapa biləcəklərmi?!
Xatırladaq ki, bundan əvvəl də "Ermənilər azərbaycanlıların məzarlarından sümükləri niyə çıxarırlar?" adlı məqalədə erməni vandalizmi, barbarlığı haqda yazıb, düşmənin hətta yüz ilin qəbirlərini də təhqir edib, eşərək dünyasını dəyişmiş insanların sümüklərini çıxarmalarından söz açmışdıq. Bu günlərdə dünyaca məşhur fotoqraf Reza Deqatinin Ağdam şəhərində adı Qarabağın mədəniyyət tarixi ilə yanaşı çəkilən Azərbaycan şairəsi Xan qızı Xurşudbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşımı bu mövzunu yenidən aktuallaşdırdı. Fotoqraf ilk dəfə 1992-ci ildə ermənilərin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edib. Ağdama 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra yenidən qayıdan fotoqraf, şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin də qəbrindən çıxarılıb aparıldığının şahidi olub. Bu vandalizm aktı ilk baxışdan erməni vəhşiliyinin daha bir nümunəsi kimi qiymətləndirilsə də, əslində, bir az dərinə gedəndə, məsələnin həm də başqa niyyətdən xəbər verdiyini görə bilərik. Bu zaman ilkin versiyalardan biri kimi ölən insanların qızıl dişlərinin çıxarılaraq satılması ehtimalı yada düşür. Lakin insanların qızıl dişlərdən istifadə etdiyi tarixə nəzər salsaq, görərik ki, yüz il və bəlkə, daha çox əvvələ məxsus məzarların qazılmasında vəhşi ermənilərin niyyəti heç də təkcə qızıl dişlər olmayıb. O zaman digər qandonduran ehtimallar üzə çıxır. Ona görə də, budəfəki yazıda dünyada vəfat etmiş insanların sümüklərindən hansı məqsədlərlə istifadə edildiyi, onun satışının necə həyata keçirildiyi ilə bağlı faktlara nəzər salaraq, ermənilərin qəbiristanlıq terrorunun səbəblərindən danışacağıq.
Nə qədər təəccüblü olsa da, bir neçə il öncəyə qədər dünyada insan sümüklərinin onlayn satışı olduqca əlçatan idi. Misal üçün, eBay onlayn satış mərkəzində insan kəllələri satışa çıxarılmışdı. Bəs bu, qanunidirmi? Məsələ xeyli səs-küyə səbəb olduğundan satışa qadağa qoyuldu, lakin bu qadağa digər onlayn satış şəbəkələrinə aid deyildi. Təqribən on il öncə siz bu mağazalardan müxtəlif əsrlərə aid əsl insan kəllə sümüyünü ala bilərdiniz. Satışın məqsədi təmiz və yararlı sümükləri tibbi prosedurlarda istifadə etmək olub. Tibbi aləmdə sinir sistemini öyrənən alimlərin üz ifadələrini anlamaq və əzələlərin sümüyə necə yapışdığını öyrənmələri üçün orijinal insan kəlləsinə ehtiyac duyurlar. Statistikaya görə, 2012-2013-cü illər arasında elm adamları tərəfindən təkcə eBay-da satışda olan 450-dən çox insan kəlləsi əldə olunub. Onlar bu kəllələri tədris nümunələri və ya məhkəmə/arxeoloji əşyalar kimi təsnif ediblər. Satışa təqdim edilən ümumi kəllələrdən 384-ü tibbi və ya tədris, 56-sı arxeoloji və ya məhkəmə, 14-ü isə bilinməyən digər səbəblər üçün naməlum şəraitdə alınıb.
Oyma yolu ilə əşyalar düzəldib satan şəxslərdən biri qeyd edir ki, o, həmin kəllə sümüklərindən alaraq onları oyub istədiyi formaya salır. Ərsəyə gətirdiyi yeni nümunələri insan sümüyündən düzəltdiyi üçün daha baha qiymətə sata bilir. Həmin şəxs bu məqsədlə insan sümüyü alan tək sənətkar olmadığını da vurğulayıb. O, hesab edir ki, sümük toplayan şəxslər heç kimin genetik kökünü sübut etməyə və tibbi məlumatlarını toplamağa məcbur olmadıqlarından, yəni sümüklərin hansı xalqa və genə məxsusluğunu bilmədikləri üçün onları satışa çıxarmaq olduqca asan və qazanclı iş sayılır.
"Journal of Forensic Sciences" jurnalında dərc olunan bir təhlildə, satıcıların 7 ay ərzində yalnız eBay-da 454 insan kəllə sümüyünün birinin ilkin qiyməti təxminən 650 dollar olmaqla satışa çıxarılıb. Təhlilin müəllifləri eBay-la birlikdə "Yahoo" axarış robotu və Feysbuk sosial şəbəkəsinin adlarını da qeyd ediblər. Tədqiqat dərc edildikdən cəmi dörd gün sonra eBay pariklər və viktoriya üslubunda sənət əsərləri hazırlamaq üçün istifadə edilən saçdan başqa insan orqanizminin digər hissələrinin ticarətini qadağan edib. Bu qadağa sümük alveri işini aşkara çıxarıb və qısa müddət sonra insan sümükləri və saçının satışına böyük maneə törədib. Lakin satışda böyük maliyyə əldə edən ticarətçilər boş durmayıb və nəticədə bunun üçün qara bazar formalaşıb. Beləliklə də, böyük pul qarşılığında üçüncü şəxslərdən sümüklər tapmaq və satışını həyata keçirmək mümkün olub. Bu bazarı formalaşdıran əsas qüvvə isə nəzarətsiz və münaqişəli ərazilərdə qalmış məzarları dağıdıb sümükləri çıxaranlar idi. Təbii ki, ilk ağıla gələn vəhşi ermənilər oldu. İnsanlığa sığmayan, azərbaycanlılara qarşı Xocalı soyqırımı kimi böyük bir vandalizmə qol qoyan vəhşi ermənilərin bu yola da əl atmaları ehtimalı olduqca yüksəkdir. Azərbaycanlılara qarşı neçə illərdən bəri aparılan etnik təmizləmə siyasəti, eləcə də 30 il işğal altında olan torpaqlarımızda törədilən vəhşiliklər və azərbaycanlılara məxsus məzarların dağıdılması faktları bu ehtimalı daha da artırır.
İnsan sümüklərindən təkcə sənətkarlar və alimlər istifadə etmirlər. Kadavr it təlimçiləri (cəsəd axtarma), dərman vasitələri hazırlayanlar, eləcə də bud və kəllə sümüyü kolleksiyası yığan şəxslər də bu sahəyə maraq göstərirlər.
Qeyd edək ki, İngiltərədə nəzarətsiz qalan qəbirlərin qarətinə son verən qanunların qəbulu ilə vəziyyət dəyişib. Bundan sonra insan sümüklərinə tələbat ən çox hindistanlılar vasitəsilə təmin edilməyə başlayıb. Bu gün Hindistan Qərb dünyasının böyük hissəsini qeyri-qanuni yollara insan skeleti ilə təmin edən sümük sənayesinə sahibdir. Tarix, sahibkarlıq fürsəti və bir çox kasıb ailənin dünyasının dəyişmiş yaxınlarını yandırmaq üçün vəsait tapmaması Hindistanın qeyri-rəsmi olaraq insan sümüyü satışı mərkəzinə çevrilməsinə şərait yaradıb. Təsadüfi deyil ki, bu ölkədə insan sümüyü alveri ilə məşğul olan bir nəfər mənşəyi bilinməyən 1500-dən çox uşaq skeletini satarkən tutulub. Bu hadisə həmin şəxsin qrup halında on ildir qaçaqmalçılıq yolu ilə sümük alveri ilə məşğul olduğunu ortaya çıxarıb. Bu hadisədən sonra bir müddət Çin Hindistanın qlobal sümük taciri rolunu öz üzərinə götürdü, lakin 2008-ci ildə bu ixracı da qadağan etdilər. Satılan bu insan sümüklərindən kişi potensialını artırmaq üçün Avropa və Amerikada dərmanların hazırlanmasında da istifadə olunduğu üzə çıxdı. Hazırda rəsmi olaraq Çin və Hindistanda bu satışa qadağa qoyulsa da, hələ də qara bazar vasitəsilə belə fəaliyyət davam etməkdədir. Aparılan təhlillərə görə, Hindistan eyni vaxtda Avropa ölkələrini yalnız öz hesabına sümüklə təmin etmək potensialında deyil.
Bunun üçün insanları kütləvi qırğına vermək lazımdır. Ona görə də satış üçün xammal əldə etmək məqsədilə başqa ölkələrlə əməkdaşlıq qurmağa ehtiyac yaranır. Bu sahədə Hindistanla ən çox əməkdaşlıq edən ölkələr arasında Ermənistanın adı ön sıralarda çəkilir. Təkcə bu fakt 30 ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərində azərbaycanlılara məxsus qəbirlərin niyə dağıdılması ilə bağlı bir çox suallara cavab tapmağa imkan verir.
Daha bir fakt. 2007-ci ildə polis Hindistanda insan sümüklərinin yığıldığı bir anbar aşkarlamışdı. Butana göndərilmək üçün hazırlandığı aşkarlanan sümüklərdən bu ölkənin Buddist monastırlarında istifadə edildiyi məlum olmuşdu. Qeyd edək ki, monastırlarda şərab üçün ritual qablar kəllə kələflərindən, nəfəs alətləri isə bud sümüklərindən hazırlanır. Qaçaqmalçılar etiraf etmişdilər ki, yaxınlarının uzun müddət qəbiristanlığa gəlmədiyi məzarlardan sümükləri oğurlayırlar. Oğurlamaq üçün imkanları olmayanda isə onu digər ölkələrdən bir skelet üçün 3000 rupi verib alırlar. O vaxtdan on il keçməsinə baxmayaraq, bu sahədə hər şey əvvəlki kimi qalır. Son böyük qaçaqmal əməliyyatı isə 2017-ci ildə Qərbi Benqaliyada aşkarlanmışdı. Burada satış məqsədilə toplanan 365 insan sümüyü tapılmışdı.
Artıq torpaqlarımız işğaldan azad olunub və Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Ermənistan bu ərazilərdə törədilən bütün cinayətlərə görə məsuliyyət daşıyır. Ümid edək ki, törədilən bütün cinayət əməllərinin günahkarları beynəlxalq hüquq və normalarla layiq olduqları cəzanı bir gün mütləq alacaqlar.
Foto: Famil MAHMUDBƏYLİ